Danılmaz tarixi faktdır ki, XX əsr boyunca indiki Ermənistan ərazisində yaşayan azərbaycanlı əhali - Qərbi azərbaycanlılar bir neçə deportasiya dalğasına məruz qalıb. Bu deportasiyalar 1905–1907, 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə baş verib. İnsanlığa zidd olan bu suiyasət azərbaycanlıların dogma yurdlarından tam çıxarılması ilə nəticələnib, etnik tərkib süni şəkildə dəyişdirilib, onların yaşadığı bütün yaşayış məntəqələri boşaldılıb. Eyni zamanda, evlər, kəndlər, məscidlər, məzarlıqlar, toponimlər, digər mədəni və tarixi irs nümunələri dağıdılıb, adlar dəyişdirilib. Məzmun etibarı ilə bu yalnız fiziki köç deyil, həm də mədəni-genetik kök və kimliyin silinməsi deməkdir. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, bu proses yalnız sovet dövründə deyil, bütün mərhələlərdə milli mənsubiyyətə münasibət zəminində aparılıb.
Zorla köçürülmə, etnik təmizləmə, mədəni irsin silinməsi və demoqrafik dəyişiklikər deportasiya zəncirinin tərkib hissəsidir. Bu da Qərbi Azərbaycana qayıdış məsələsini sadəcə köç problemindən daha çox tarixi ədalət, etnik hüquqlar və mədəni kimliyin bərpası məsələsinə çevirir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyası Prezident İlham Əliyevin təşəbbüsü ilə 26 yanvar 2023-cü il tarixində qəbul olunub. Konsepsiyanın ana xətti indiki Ermənistan ərazisindən zorla köçürülmüş bütün azərbaycanlıların və onların varislərinin həm fərdi, həm də kollektiv şəkildə öz doğma yurdlarına təhlükəsiz, ləyaqətli və könüllü qaytarılma hüququnun reallaşdırılmasıdır. Bunun üçün hüquqi mexanizmlər, beynəlxalq razılaşma, beynəlxalq monitorinq, təhlükəsizlik təminatı, humanitar, sosial və iqtisadi yardım, həmçinin mədəni irsin bərpası və reinteqrasiya tədbirləri nəzərdə tutulur.
Konsepsiya həm milli, yəni Qərbi Azərbaycan İcmasının hədəfləri, həm də beynəlxalq hüquq əsaslarına söykənir. Beləliklə, Qayıdış sadəcə simvolik deyil, hüquqi və praktik çərçivəsi olan planlaşdırılmış strateji siyasətdir.
Bir neçə gün bundan öncə - dekabrın 5-də Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə ənənəvi olaraq Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günündə Bakıda keçirilmiş “Mədəni İrs və Qayıdış hüququ: Ermənistan ərazisindən didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalət, barış və sülh yolu” mövzusunda III beynəlxalq konfrans da məhz bu məqsədlərə xidmət edən növbəti siyasi addımdır. Toplantıya dünyanın 61 ölkəsindən 100-dən çox nümayəndənin qatılması onun beynəlxalq əhəmiyyətinin və Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına böyük marağın göstəricisidir.
Azərbaycanlıların 20-ci əsrdə yaşadıqları deportasiya, etnik təmizləmə və mədəni irsin məhv edilməsi kimi ədalətsizliklər beynəlxalq hüquq çərçivəsində bu gün məhz Qayıdış konsepsiyası ilə tanınır. Əlbəttə, bu reallıq 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz sərkərdəlik məhrəti sayəsində qazandığımız tarixi Qarabağ Zəfəri nəticəsində ardıcıl və dönməz xarakter almışdır.
Qayıdış üçün hüquqi-diplomatik baza Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi və digər beynəlxalq sənədlər, insan hüquqları və qaçqın statusu hüquqları əsasında formalaşıb. Bu, məsələnin regional münaqişə deyil, beynəlxalq humanitar və hüquqi müstəviyə çıxması deməkdir. Xatırlayırsınızsa, hələ ötən il dekabrın 5–6-da keçirilmiş konfrans iştirakçılarına Prezident İlham Əliyevin müraciəti və yekun bəyannamə rəsmi şəkildə BMT tərəfindən yayımlanmışdı və bu, Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəlikdə qalmasını təmin etmişdi. Ona görə də İcmanın builki ənənəvi beynəlxalq tədbiri və cənab İlham Əliyevin növbəti müraciətində yer almış tezislər qayıdış siyasətinin yalnız tarixi yaddaşı təzələmək istəyindən irəli gəlmir, həm də ictimai-siyasi baxımdan real dönüş potensialı olan mərhələ kimi prosesin həyata keçirilməsinə mühüm töhfə kimi çıxış edir.
Ölkə rəhbərinin vurğuladığı kimi, qayıdış yalnız azərbaycanlıların torpaqlarına dönməsi deyil, həm də qonşuluq münasibətlərinin yenidən qurulması, sülh, tolerantlıq və mədəni rəngarəngliyin bərpası istiqamətində simvolik addımdır ki, bu da bölgədə sülh və barış üçün möhkəm zəminin yaranmasına xidmət edir.
Lakin etiraf etməliyik ki, burada bir sıra ciddi çətinliklər də mövcuddur. Əsas problem indiki Ermənistan ərazisində demoqrafik və monoetnik reallıqdan irəli gələn amillərlə bağlıdır. Belə ki, Ermənistanda Qərbi Azərbaycan məsələsinə ideoloji müqavimət mövcuddur. Qərbi Azərbaycana qayıdış məsələsinə yayğın münasibət sərgiləyən Paşinyan hökuməti indiyədək bununla bağlı danışıqlarda maraqlı olmadığını nümayiş etdirməkdə davam edir və heç bir konkret mövqe ortaya qoymayıb.
Digər tərəfdən Qayıdışın reallaşması üçün hüquqi razılaşma, beynəlxalq zəmanət, monitorinq, humanitar-infrastruktur investisiyaları, sosial-iqtisadi reinteqrasiya kimi geniş və uzunmüddətli proqram həyata keçirilməlidir ki, bu da diplomatik cəhətdən, maliyyə-resurs və siyasi iradə baxımından ciddi sınaqdır. Konsepsiyadakı bu maddələr də məhz bu istiqamətlərə yönəlmişdir. Bundan əlavə, regionun geosiyasi kontekstində sülh razılaşmalarının həyata keçirilməsi, qonşu ölkələr və beynəlxalq aktorlarla əməkdaşlıq həm mövcud reallığın nəzərə alınmasını, həm də güclü diplomatik addımların atılmasını tələb edir.
Azərbaycan hökuməti isə Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl diplomatik səylər nəticəsində bu sahədə mühüm irəliləyişlərə nail olmaqda davam edir. O, III beynəlxalq konfransın iştirakçılarına müraciətində əsas diqqəti ermənilərin azərbaycanlılara qarşı insanlıq əleyhinə cinayətlərinin beynəlxalq hüquq müstəvisində qiymətləndirilməsi üçün lazımi addımların zəruriliyinə və beynəlxalq ictimaiyyətin bu məsələdə bizə dəstəyinin müstəsna əhəmiyyətinə yönəldib: “Bu gün Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdışının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların statusu haqqında Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıdış hüququ çərçivəsində təmin edilməsi, eləcə də mədəni irsin bərpası və qorunması ilə bağlı beynəlxalq ictimaiyyətin, o cümlədən BMT-nin ixtisaslaşmış qurumlarının iştirakı ilə prosesin başladılması üçün səylərin artırılması vacibdir”.
Azərbaycanın apardığı davamlı diplomatik gedişlər nəticəsində artıq bu gün hüquq, humanitar çərçivə və regional sabitlik baxımından beynəlxalq aktorların mövqeyini məqbul hesab etmək olar. Belə ki, Avropa İttifaqı (Aİ) Qərbi Azərbaycana qayıdış məsələsini emosional-tarixi müstəvidə deyil, birbaşa humanitar və hüquqi prizmada qiymətləndirir. Aİ üçün əsas prinsip təhlükəsiz, könüllü və ləyaqətli qayıdışdır. ABŞ və bölgə ölkələri regionda uzunmüddətli sülhün tərəfdarıdır və insan hüquqları kontekstində “qayıdış hüququ” prinsipini tanıyır. Dövlətimizin başçısı İlham Əliyevin konfrans iştirakçılarına müraciətində xüsusi qeyd edilir ki, 2025-ci ilin 8 avqustunda ABŞ vasitəçiliyi ilə imzalanmış birgə bəyanat və sülh razılaşmasının ilkin mətninin qəbul edilməsi həm xalqımız, həm region üçün sülhə və tolerantlıq ruhuna əsaslanan yeni ümidlər yaratmışdır. Hər fürsətdə “Biz o torpaqlara tanklarda deyil, avtomobillərdə qayıdacağıq” ismarıcını verən dövlətimizin başçısı sülhsevər siyasətini ortaya qoymaqla bu prosesin fonunda həmçinin Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına geri qayıdacağına və xalqlarımız arasında mehriban qonşuluq münasibətlərinin bərpa olunacağına inamını ifadə edib.
Bu baxımdan Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətində yer almış müddəaları bu istiqamətdə yeni mərhələnin başlanmasının anonsu kimi də dəyərləndirmək olar. Belə ki, Qərbi Azərbaycana qayıdış məsələsi artıq yalnız iddia deyil, daha çox rəsmi dövlət siyasəti, beynəlxalq diskurs və praktiki addımlar kontekstinə daxil olmaqdadır. Qayıdış konsepsiyası bu prosesin əsas çərçivəsidir və ölkə rəhbərinin açıq dəstəyi, beynəlxalq legitimlik və ictimai rəy bu siyasətin gerçəkləşməsi üçün ilkin bazanı formalaşdırır.
Əli Hüseynli
Milli Məclisin deputatı