Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış faciədir. 1992-ci ilin fevralında baş vermiş bu dəhşətli hadisə nəticəsində yüzlərlə günahsız insan xüsusi amansızlıqla qətlə yetirilmiş, ailələr məhv edilmiş, şəhər yerlə-yeksan olunmuşdur. Bu faciə yalnız bir şəhərin deyil, bütöv bir xalqın ağrısıdır.
Memorial kompleksin inşası Xocalı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. İki il əvvəl təməlin qoyulması ilə başlanan bu layihə bu gün möhtəşəm bir abidə kimi xalqımızın istifadəsinə verildi. Kompleks həm memarlıq baxımından, həm də daşıdığı mənəvi məna etibarilə dərin simvolik əhəmiyyətə malikdir. O, həm hüznü, həm də qüruru özündə birləşdirir.
Prezident İlham Əliyevin nitqində də qeyd olunduğu kimi Memorial Kompleksin Xocalıda təməlinin qoyulması ədalətin təntənəsi olmaqla yanaşı xüsusi siyasi əhəmiyyətə malikdir. Bu tarixi hadisə bir çox məqamları özündə ehtiva edir. Biz artıq Xocalıya qayıtmışıq.“Qarabağ Azərbaycandır!” reallığının dünyaya növbəti təsdiqidir.
Prezident öz çıxışında bəyan etdi ki, dünya ictimaiyyəti Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhunun şahidi olur. Çünki Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Dövlət başçısı vurğuladı ki, biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir.
Dövlət başçısı çıxışında 2020-ci ildə qazanılan tarixi Zəfərdən, antiterror tədbirlərindən də geniş şəkildə bəhs etdi. Prezidentin nitqində qeyd olundu ki: Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Bax bu, ədalətin tam təntənəsidir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, müharibə cinayətkarlarını ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək bizim ədalətimizin son nöqtəsi idi. Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi.
Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavini