PDF Oxu

Siyasət

  • 550

Xocalıya ədalət - ŞƏRH

image

Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazılmış faciədir. 1992-ci ilin fevralında baş vermiş bu dəhşətli hadisə nəticəsində yüzlərlə günahsız insan xüsusi amansızlıqla qətlə yetirilmiş, ailələr məhv edilmiş, şəhər yerlə-yeksan olunmuşdur. Bu faciə yalnız bir şəhərin deyil, bütöv bir xalqın ağrısıdır.

Prezident İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında qeyd etdiyi kimi, Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Çünki Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar. Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir.

“Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur. Yenə də deyirəm, biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar. Yenə də bildirmək istəyirəm, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda hərbi cinayətkarlara qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular. Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmayacaq və dünya ictimaiyyətinə həqiqətləri çatdırmaqda davam edəcəkdir.

Lalə Mədətova

YAP Kəngərli rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər