Necə ki, heç kimə qaynayıb-qarışa bilməyən atasız-anasız uşaq bir tərəfə çəkilər, sadəcə sakit-sakit, ürkək-ürkək baxar, kəndlərimizdə qapısı bağlı evlər, həyətlər də həmin yetim uşaq təsirini bağışlayır adama. Yetim uşağın saçları tumar, könlü nəvaziş istədiyi kimi, kəndlərimizdəki boş evlər də insan əlinə möhtacdır. Həyətlərdəki ağaclar yetim uşaq kimi tumar, qayğı istər. Gözü sahibini axtarar. Lakin daha gecdir. O, evini də, həyətini də tərk etmiş, şəhərlərə üz tutmuşdur. Qapısının mal-heyvanını satıb-sovmuş, toyuq-cücənin əl-ayağını kəsmiş, bar üstündə olan onlarla ağacı tərk edib getmişdir. Bu ağacların kölgəsini, altındakı samovar çayını, nənələrin əllərinin izi yaşayan xalçaların üstündə qohum-qonşu ilə deyib-gülməyi tərk edib getmişdir. İndi bu ağaclar o günləri yaman xatırlayır, ətrafa baxır, lakin heç kimi görməyəndə qolu-budağı qırılır, yanına düşür.
Hərdən kölgəsində oturub deyib-gülən qohum-qonşulardan gəlir, ağaclara su vermək üçün, meyvəsindən dərib onu tərk edən sahibinə göndərmək üçün. Lakin ağaclar sahibindən aldığı nəvazişi bu insanlardan ala bilmir. Onların tumarı nədənsə əvvəlki tumara bənzəmir. Yetimləşir ağaclar, boynu çiynində, sakitcə bir kənara çəkilir, yol gözləyir. Sahibinin nə vaxtsa qayıdacağı ümidi ilə gözləri yollara dikilir...
Kənddən insanların ayrılma səbəblərindən biri təhsillə bağlıdır. Təhsil almaq üçün gənc şəhərə üz tutur və yenidən kəndə qayıtmır. Belə hallar kəndlərimizdə çox sayda baş verir. Ya oğlumuz, ya da qızımız olsun, təhsildən sonra şəhərdə qalıb işləmək, təhsilini davam etdirmək qərarına gəlir. Və bir daha kəndə geri dönmür. Kəndi ikinci tərk edənlər isə işsizlik üzündən gedənlərdir. Məlumdur ki, hələ sovet dövründən kəndlərimiz diqqətdən kənarda qalmış, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr üzrə az sayda iş yerləri olmuşdur. Bu iş yerləri də təbii ki, zamanla tutulur. Gənc bir ailə başçısı nə etməlidir? Təbii ki, işləməli, ailəsini dolandırmalıdır. Sual oluna bilər ki, kəndin kənd işləri var da, onlarla niyə məşğul olmurlar. Kənd işləri ilə məşğul olanlar az deyil. Kənd camaatı bu işlər olmasa, necə dolana bilər? Lakin təhsil alıb, kəndə qayıdan insanlar da var ki, kənd işləri ilə yanaşı, həm də təhsil aldığı sahə üzrə çalışmaq istəyirlər. Belə olan halda isə iş yeri tapmır, məcburən üz tutur şəhərlərə. Bəli, işsizlik səbəbindən kənddən gedən insan özünə iş tapır, işləyir, evini qurur. Beləliklə, o da qayıtmır.
Üçüncü səbəb isə tənbəllikdir. İnsanlar var ki, tənbəllikdən həyatlarını nə kənddə, nə də şəhərdə qura bilir. Kəndin ağır iş-gücünə tab gətirə bilməyən gənc və ya orta yaşlı insan qaçıb canını qurtarmaq istəyir. Axı kənddə mal-heyvan saxlamalıdır, səhər o başdan yuxusuna haram qatıb ayağa qalxmalıdır. Bunun torpağı var, əkini-biçini var, ot biçini var, mal növbəsi, heyvan növbəsi var. Tənbəllik isə adamı basıb da, istəyir elə bir iş tapsın ki, bu qədər əziyyət çəkməsin. Düşünür-daşınır, deyir gedim şəhərdə fabrikdə, zavodda bir işə düzəlim, rahatlıq tapım: əşi, bu qədər də iş olar? Beləliklə, üz tutur şəhərə. Lakin tənbəllik elə burada da özünü göstərir. Adam haraya üz tutursa, ona təklif olunan işlə razılaşmır ki, razılaşmır. Ay bu iş ağırdır, ay bunun iş saatı çox gec bitir, ay burada işləmək üçün sübh çağından yola düşməlisən ki, vaxtında çata biləsən. Belə-belə, bir də baxıb görür ki, kənddən gətirdikləri də bitir, hələ bir qəpik pul qazana bilməyib. Ailə-uşağın da gözü onun əlindədir. Bu an başa düşür ki, yox, günah nə kənddə, nə də şəhərdədəir. Günah onun özündədir ki, tənbəlliyin daşını ata bilmir.
Tənbəllik tək kişilərə yox, həm də qadınlara aiddir. Kəndlərimizdə elə qadınlar var ki, ailəsini Allahın yurdumuza bəxş etdiyi nemətlərlə dolandırır. Yəni ta yazdan qar yerə düşənə kimi, çölün həm yeməli, həm dərman bitkisi kimi istifadə olunan ot-avarını yığıb, qurudur, bazara çıxarır, qazanc əldə edir. Hələ ailələr var ki, ər-arvad, həm də övladları hamısı bu işlə məşğul olurlar. Həyətlərində də mal-qara, toyuq-cücə saxlamaqla digər tələbatlarını da bu yolla ödəyirlər. Süd, pendir, şor, kərə, qatıq, toyuq, yumurta satıb digər ərzaq məhsulları alır, kənddə çoxlarından yaxşı dolanırlar. Necə deyərlər, birlikləri dirlikləri olur.
Kəndlərimiz isə hər zaman gedənlərin geri qayıtmasını gözləyir. Bir zamanlar kəndlərdən şəhərlərə gələnlər, indi artıq şəhərləri tərk edib kəndlərə üz tutur. Bunun də bəzi səbəbləri var. Birincisi, artıq müstəqillik illərində quruculuqla, yenidənqurma ilə kəndlərimizdə də şəhərlərimiz kimi hərtərəfli şərait yaradılıb. Qazı, elektrik enerjisi, rahat yolları, məktəbi, tibb məntəqəsi, kitabxanası, klubu, interneti olan kəndlərimiz yaşamaq üçün ideal məkandır. Çünki şəhərlərimizdə tapa bilmədiyimiz təmiz hava, saf məhsullar kəndlərimizdə boldur. Bu səbəbdən də insanlar kəndlərə üz tutur.
İkinci tərəfdən, illərlə şəhərdə yaşayıb hələ də həyat şəraitini kənddə qoyub gəldiyi şərait qədər qura bilməyən insanlar böyük peşmançılıq hissi ilə yenidən kəndə qayıdır. Tikili evlərinə, həyət–bacalarına sahib çıxırlar. Məsələn, Bakının mərkəzdən uzaq bir yerində illərlə yaşayan adam müqayisə edəndə kəndinin, oradakı şəraitinin buradakından daha yaxşı olduğunu anlayır və geri dönür.
Üçüncü tərəfdən isə, indi bütün dünyada ərzaq böhranı, qlobal bahalaşma baş verir. Bu, bizim ölkəmizə də sirayət edir. Qiymətlər gündən-günə bahalaşır, dolanışıq çətinləşir. Kəndlərimizdə isə əkilmək üçün torpaq sahələri insanların yolunu gözləyir. İnsanlar da bu vəziyyətdən xəbərdardır və yaxşı dolanışığın şəhərdən çox kəndlərdə olduğunu çox yaxşı dərk edirlər. Elə bu dərketmə ilə də kəndlərə qayıdırlar.
Torpaq onları geri qaytarır. Deyir ki, gəl sən mənə tər ver, mən sənə zər verim. Əz məni, əzizləyim səni. Həyatını nura çevirim, həyət-bacana bolluq gətirim. Həyat tərzini dəyişim. Evin, maşının, hər bir şeyin olsun. Ta ki, gəl, əlinə bel, dırmıq, kərənti al, köksümə endir onları, o köksdən sənə yeni həyat boylanacaq.
Çək ciyərlərinə kəndinin təmiz havasını, çıx dağlara, düzlərə, yamaclara, bax, gör buradakı gözəllikləri harada görmüsən? Bu çiçəklərin rayihəsi qarışmış ətri harada duymusan? Qayıt, qayıt kəndinə, təndir çörəyindən dürmək tut, buz bulaqlardan ovuc-ovuc su iç, samovar sal ağacların kölgəsində, əlini uzat ağaclardan meyvə dər, ye. Saf məhsullardan süfrənə düz. Sübh çağı yuxudan qalx, get işinin ardınca. Zəhmətə qatlaş ki, o səni həmişə uca tutsun. Sənə nə lazımdır, ey insan. Bundan gözəl həyat varmı?..
Mətanət Məmmədova