PDF Oxu

Sosial

  • 2 476

Bakının Cənub girişi: bərbad vəziyyəti düzəltmək üçün nə etməli? - REPORTAJ

image

Bu baxımsız ərazi paytaxtımız haqda ilkin təəssüratların müsbət olmasına mane olur və şəhərimizin gözəlliyinə xələl gətirir

Yeni Salyan Şossesi. Paytaxtın cənub girişi, yəni şəhərin mərkəzinə birbaşa əsas giriş yolu. Bakının Cənub girişi günü-gündən müasirləşən, abadlaşan paytaxtımızla müqayisədə çox geridə qalıb. Bibiheybət məscidindən Su İdmanı Sarayınadək uzanan təxminən 2 klometr məsafədə boz çollər, ötən əsrin 30-40-cı illərindən qalma istifadəyə yararsız, hələ də sökülməyən mənasız tikililər, artıq heç nəyə yaramayan köhnə neft buruqları, neft gölməçələri insanı məyus edir. Təəssüflə deməliyik ki, neftlə çirklənmiş bu ərazi Bakının 20-ci əsrin əvvəllərindəki miskin mənzərəsini xatırladır. Şəhərimizə gələn qonaqların ilk gördüyü mənzərə və paytaxtımızla bağlı ilk təəssüratları da, buradan başlayır (fotolara bax).

Məsələ yalnız görüntüdə də deyil. Xüsusilə yay aylarında neft buruqlarının ətrafındakı gölməçələrindən buxarlanan kəskin qoxulu qaz şəhərin ekologiyası və ətrafda yaşayan sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Bundan başqa ərazidə qaz ixrac zavodu adlı müəssisə də var ki, gecələr onun buraxdığı qazın iyindən nəfəs almaq olmur. Bu xoşagəlməz qoxunu həmin sahədə inşa edilmiş jurnalist binalarının sakinləri də mənzillərində hiss edirlər. Bəzi məlumatlara görə, ərazidə zəif miqyaslı radiaktiv fon da mövcuddur. Küləkli havalarda ətraf toz-dumana bürünür, necə deyərlər, göz-gözü görmür. Baxımsız, qumsal ərazidən qalxan toz-torpaq şosse yolunu görünməz edir və ətrafdakı binaların mənzillərinə dolur.

Maraqlıdır, ərazidəki cinayətkarlıq mənbəyi olan tamamilə köhnə, uçuq, istifadəsiz tikililər kimə lazımdır? Qaranlıq vaxtı belə istifadəsiz və yararsız binalara narkomanların yığışdığı haqda də xəbərlər yayılır. Şübhəsiz ki, ərazi abadlaşdırılsa, burada yaşıllıq və park salınsa, mövcud problemlər də aradan qalxar.

Nəzərə almaq lazımdır ki, müxtəlif beynəlxalq tədbirlər və idman yarışları zamanı turist qismində respublikamıza gəlmiş qonaqların əksəriyyəti şəhərə bu yolla daxil olurlar. Gördüyünüz fotonu Bakıda beynəlxalq velosiped yarışları keçirilərkən lentə almışdım. Yüzlərlə əcnəbi velosipedçi bu dəhşətli mənzərələri seyr edə-edə yarışırdı. Üstəlik, bu kadrlar yarışı işıqlandıran xarici mediada da dərc olundu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında Bakıda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri fonunda paytaxtın əsas girişindəki acınacaqlı mənzərə xoşagəlməz təəssürat yaradır. Bəs, görəsən ARDNŞ-nin Ekologiya İdarəsi, BŞİH-in Yaşıllaşdırma İdarəsi, Ekologiya və Təbii Sərbətlər Nazirliyi bu acınacaqlı vəziyyətlə bağlı nə düşünür? Bu boş və çirkablı ərazidə səliqə-sahman yaratmaq, yararsız tikililəri sökdürmək, ağaclar əkmək dünya miqyaslı və nüfuzlu bir şirkətə çox çətindirmi?

Görünən odur ki, bilavasitə ARDNŞ üçün kadrlar hazırlayan Ali Neft Məktəbinin kampusunun da yerləşdiyi bu ərazi tamamilə "unudulub". Axı burada gələcəyin neftçiləri də təhsil alırlar, heç olmasa, onların səhhətini düşünmək lazımdır. Düzdür, son illər bu ərazinin bir hissəsində ağaclar əkilib, qismən yaşıllıq salınıb. COP-29-dan əvvəl isə, yalnız şosse yolujnun kənarı boyunca 1-2 cərgə sıx tinglər əkildi ki, qonaqlar o tərəfi görə bilməsin, amma yenə də bu biabırçı mənzərə açıq-aşkar görünür. Ərazinin bərbad mənzərəsi fonunda bu işlər o qədər də nəzərə çarpmır. Neft buruqlarının xeyli hissəsi fəaliyyətini dayandırıb. Əlbəttə, neft ehtiyatlarına malik buruqların ətrafını abadlaşdırmaq, buranı açıq neft muzeyinə çevirmək, ərazidə idman meydançaları və parklar salmaq olar.

Son vaxtlar bu ərazinin yaxınlığınadək ciddi işlər görülüb- dənizkənarı bulvar Su İdmanı Sarayınadək uzadılıb, ərazi abadlaşdırılıb, yaşıllıq salınıb. Lakin Su İdmanı Sarayından Bibiheybət məscidinədək olan dənizkənarı və yolkənarı ərazi, fotolardan da göründüyü kimi, bərbad vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirliyi, ARDNŞ bu ərazini abadlaşdıra, yaşıllaşdıra bilər.

Nəzərə almaq lazımdır ki, bu gün dünyada yaşıl sahələrin ən az olduğu şəhərlərdən olan Bakıda yaşıllıq sahələrinin həcminin artırılmasına da böyük ehtiyac var. Ümid edirik ki, yaşıllaşdırma və abadlaşdırma işlərinin mühüm bir qismi də paytaxtımızın cənub girişini əhatə edəcək, müasir şəhərimizin gözəlliyini pozan, ekoloji böhran məkanı olan bu ərazi yaşıllığa çevriləcək.

Paytaxt mərkəzinə ən yaxın ərazi kimi şəhər Cənub istiqamətində inkişaf edir, burada yeni binalar, infrastruktur obyektləri inşa edilir. Dənizkənarı zolağı, eləcə də tarixi "İpək Yolu"nun başlanğıcı olan bu magistral yolun ətrafını abadlaşdırıb yaşıllaşdırsaq, ölkəmiz, paytaxtımız, insanlarımız üçün gözəl bir iş görmüş olarıq.

Elçin Bayramlı,

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri

Digər xəbərlər