"Ümumiyyətlə keçmiş MDB məkanında həm nümunəvi, həm də yaxşı ipoteka şərtlərindən biri də Azərbaycandadır". Bu sözləri SİA-ya açıqlamasında mənzil üzrə ekspert Ramil Osmanlı deyib.Onun sözlərinə görə, Azərbaycan ilk ölkələrdəndir ki, MDB məkanında faiz dərəcələrinə görə və digər şərtlərə görə hətta digər bir sıra qonşu ölkələri və bəzi Avropa ölkələrini belə qabaqlayır: "Düzdü bəzən suallar yaranır ki, ipotekaya əlçatanlıq aşağı səviyyədədir ona görə ki, qoyulan tələblər mövcud şərtlərlə uzlaşmır. Amma aydın məsələdir ki, Azərbaycanda gəlirlərin rəsmiləşdirilməsi ilə bağlı uzun illərdir ciddi problemlər var idi. Amma bu problemlər artıq ildən-ilə aradan qalxmaqdadır. Hesab edirəm ki, ipoteka kreditlərini satmaq öhdəliyi ilə kirayə mənzillərin verilməsi uzun müddətli bir yoldur. Bəzi inşaatlar dövlət agentliyinin xətti ilə dövlət tərəfindən ortaya qoyulan bu cür layihələrdə stimullaşdırıcı rol oynayır.İpotekaya əlçatanlıq məsələsinə gəldikdə isə onu deyə bilərəm ki, il ərzində ölkədə verilən ipoteka kreditlərinin həcminə baxdıqda mən hesab etmirəm ki, o qədər də əl çatan deyil. Düşünürəm ki, il ərzində Azərbaycanda 400-450 milyon manatdan artıq ipoteka krediti verilir ki, bu da kifayət qədər böyük rəqəmdir. Bu rəqəmlərin artırılması daşınmaz əmlak bazarında o qədər də müsbət hesab edilmir. Amma bütövlükdə bu günə qədər Azərbaycanda ipotekadan istifadə edənlərin sayı 50 mindən yuxarıdır. Düşünürəm ki, güzəştli 4 faizlə təqdim olunan ipoteka kreditləri eyni zamanda zəmanətli 7 faizli ipoteka kreditləri ümumi ipoteka şərtlərinə uyğun olaraq kifayət qədər əlçatan normal şərtlərdir. Hər halda gələcəkdə zərurət yaranacaqsa yəqin ki, ipoetka kredit zəmanət fondu bu istiqamətdə faiz dərəcələrinin yumşaldılması ilə bağlı lazımi addımları atacaq".
Ziya Hikmətoğlu