Qışın soyuğundan, şaxtalı havalardan sonra bizi baharın isti, ilıq nəfəsi qarşılayır. Bütün canlılar, təbiət fəsillərin ən gözəli hesab olunan baharın tez gəlməsini səbirsizliklə gözləyirlər. Artıq baharın necə deyərlər, novruzun ilk çərşənbəsi - Su çərşənbəsi bizi qarşılayır. İlk müjdə özü ilə baharın qoxusunu, ab-havasını da gətirib. İnanclara görə baharın ilk çərşənbəsində su mənbələri təzələnir və dağ başındakı qarlar əriməyə başlayır. Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Odur ki, ilk olaraq su çərşənbəsi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Xalq arasında ona "əvvəl çərşənbə", "gözəl çərşənbə", "sular Novruzu", "gül çərşənbə" də deyilir.
Əlbəttə ki, Novruz bayramı Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, türk dövlətlərində və bir çox qonşu ölkələrdə olduğu kimi, Novruz Bahar bayramı kimi qeyd olunur. Bayrama qədər xalqımız 4 çərşənbəni qeyd edir. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Aşıqlar da vücudnamələrində "Ab, atəş, xak, badan yarandım", - deyiblər, yəni insan su, od, torpaq və yelə bağlıdır. Qeyd etdiyimiz kimi, birinci çərşənbəmiz Su çərşənbəsi adlanır. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirər, evin ətrafına çiləyər, üzlərini yuyardılar. İkincisi çərşənbəmiz Od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir. Od çərşənbəsində tonqallar qalanır. Hər ailə üzvünün adına bir şam yandırılır, xonçalar düzəldilir. Üçüncüsü Yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir. Dördüncüsü Torpaq çərşənbəsidir ki, bu da sonuncu çərşənbədir. Göründüyü kimi, birinci çərşənbədən başlayaraq, torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar.
Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Hər bir bişirilən şirniyyatlar bir səma cisimlərinə bənzədilir. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Kosa və Keçəl isə Novruz atributlarıdır. Keçəl qışı, Kosa isə yazı tərənnüm edir.
Bu gün artıq Novruz bayramının ilk çərşənbəsi Su çərşənbəsi qeyd olunur. Bu çərşənbəni "Yalançı", "Əzəl çərşənbə", "Sular Novruzu" da adlandırırlar. Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər.
SUYA TAPINMA İNAMI
Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.
Su ilə bağlı folklorumuzda maraqlı olan inanclarla rastlaşırıq. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Süfrəyə su dağılması aydınlıqdır, Su içən adamı qəfil vurmazlar, Su içən adamı ilan çalmaz, Lal axan sudan keçərkən suyum irəlilə, deyərlər, Su olan yerdə dirilik olar, Su murdarlıq götürməz və s. Əlbəttə ki, bu inaclar suyun təmizliyinə, saflığına olan inamdan irəli gəlir. Qoy su çərşənbəsi bütün dünyamıza sülh, əmin-amanlıq gətirsin. Bütün insanların həyatı su kimi şəffaf, parlaq və aydın olsun! Su çərşənbəniz mübarək!
Nəzakət ƏLƏDDİNQIZI