PDF Oxu

Sosial

  • 570

Sosial şəbəkələrin üzünü ağardan QAR

image

Ötən həftənin sonundan başlayaraq bütün ölkə qara-ağ örpəyə büründü. Bir çox hadisələr də baş verdi. Həm sevincli, həm də kədərli hadisələr. Hələ başqa hadisələr də...

Çığıranlar, “urraa” deyənlər az olmadı. Nə etsinlər, yadırğamışıq qara. Bu səbəbdən onlar nə edəcəklərini bilmirdi. Bizimsə bu qar hər birimizin uşaqlığı idi. Günlərlə yağıb qalaq-qalaq olan qarın öhdəsindən gələn bizlər deyildikmi? Xizəklərimizi götürüb səhərdən axşamadək evə yığışmayan bizlər deyildikmi? Üst-başımız suyun içərisində, ayaqlarımız “potik”lərdə yaş olardı. Əlcəklərimizdən su axardı, lakin doymaq bilməzdik qardan.

Böyüklər yolların qarını o tərəfə-bu tərəfə yığıb gediş-gəliş üçün cığır açardı. Bizsə qar əriyənədək onunla oynayardıq.

Qar nə yaxşı ki, yağdı, xatirələrimizə geri döndük. Həyatımızın dörd bir tərəfini əhatə edən uşaqlığımızla əlaqəsi olmayan hadisələr fonunda əsl uşaqlığa qayıda bildik.

Bu, bizim üçün belə oldu. Bəs başqaları üçün qarın yağması nəyi dəyişdi? Avtomobil qəzaları baş verdi. Yıxılan, travma alanlar oldu. Bu qar nə canlar incitdi, nə yaralar açdı... Allah onların hər birinin köməyi olsun.

Lakin daha başqa hadisələr də baş verdi. Birincisi, iki gün ərzində insanların gündəlik həyatı dəyişdi. İllərlə davam edən eyni qış günləri ikicə gün ərzində öz axarını başqa səmtdən saldı. Uşaq-böyüklü hər kəs küçə-parklara axışdı. Qar topu oynayan kim, qar adam düzəldən kim... Dünənədək konsertləri, atəşfəşanlıqları çəkib telefonlarının qalereyasını dolduranlar heç olması bu dəfə qarı çəkib həmin foto və videolardan istifadə etmiş oldular, qarın hər üzünü paylaşdılar.

Çox şükür etdik həmin iki gün. Çünki sosial şəbəkələrdə statuslar dəyişdi. Hər cümə bir-birinin ardınca “cüməniz mübarək” adlı onlarla foto, video paylaşanlar, öz şəxsi həyatlarını-ad günü, nişan, toylarını, hara getdi, haradan gəldi, nə yediklərini paylaşanlar ən azından başqa bir mövzuya keçid etdilər və bizim də gözlərimizin qanı çəkildi. Ətraf aləm kimi, statuslarımız da bəyaz rəngə büründü.

Həmçinin də Tiktok, İnstagram, Whatsapp, Fecebook sosial şəbəkələrinin, xüsusilə Tiktokun üzünə qara pərdə çəkilməli videoları, canlı yayımları ikicə günlük ağardı. Bütün bunları gördükcə arzuladıq ki, kaş bu bəyaz qar tez-tez yağardı, bəlkə bizim uşaqlığımızdakı dövrdən əsər-əlamət qalmayan bəzi məqamları, əməllərin rəngini dəyişərdi. Utanmağın nə olduğunu unudan insanların üz pərdəsinə çevrilərdi.

Qar yağdı, yaxşı ki, yağdı. Yollar buz bağladığından insanlar evdə oturmalı, yaxınlıqda olan qohum-qonşuların qapısını açmalı oldu. Ən azından aylar sonra bir-birinin üzünü canlı olaraq görə bildilər. Bir “nə var, nə yox?” etdilər. Bir-birinin çayını içib, çörəyini kəsdilər. Uzaqlardan olan qohum-əqrəbalar da yada düşdü. Qar soyuğu ilə başqa əyləncələrdən saxladığı adamların əllərinə telefon götürüb onlara bir zəng etməyi də yadlarına saldı. Beləliklə, bu qar çox savab əməllərə vəsilə oldu.

Həqiqətən də qar nə yaxşı ki, yağdı. Qara torpaq da bəyazlaşdı. Bu torpağın bəyazlaşmağa ehtiyacı vardı. Hələ kaş qar yağan günün gecələri elə bir ayaz olardı ki, yer-göy buz bağlayardı. Torpağın da, göyün də görüb dəhşətə gəldiyi əməllər heç olmasa, bir neçə günlüyə görünməz olardı...

Bir sözlə, qar, yaxşı ki, yağdı... Ən ağrılı yerimiz olan sosial şəbəkələrin ki qara rəngini bəyazlatdı, yaxşı ki, yağdı...

Mətanət Məmmədova

Digər xəbərlər