Bəsti Bağırova haqqında danışıram. Bu il 119 yaşı, gələn il isə 120 yaşı olacaq, yəqin ki, ölkəmizdə yubileyi təntənəli şəkildə qeyd ediləcək Bəsti Bağırova haqqında… Azərbaycanın məşhur pambıq ustası, iki əl ilə pambıq yığımı hərəkatının təşəbbüsçüsü, iki dəfə Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırova.
Bəsti Bağırova haqqında danışıram. O Bəsti ki, klassik azərbaycanlı ailəsinə məxsus olaraq bir neçə qızdan sonra “Bəsti” adı qoyulan qız deyildi. Evin bir qızı idi. Bəlkə ilki idi, ona görə Bəsti adı elə bəri başdan verilmişdi ki, amandır, birdən ardı oğlan gəlməz. Bəlkə ilki deyildi, sadəcə valideynlərinin sevdiyi ad idi, buna görə verilmişdi ona. Amma nə üçün “bəsdir” , “tamamdır” deyilən bir söz bu qədər sevilərdi, övlada ad olaraq qoyulardı ki?..
Bəsti xanımın bir qardaşı olub. Bilmirəm qardaşı böyük olub, yoxsa özü, lakin onun adını Bəsti qoymuşdular. Öğlan övladı ilə qız övladı arasında əsrlərdən bəri fərq qoyulan bir azərbaycanlı ailəsində ilk də olsa, oğlandan sonra da doğulsa, bəli, onun adını Bəsti qoymuşdular, Qoymuşdular ki, ardınca qız yox, oğlan gəlsin.
Qadına olan yanlış münasibət Bəsti xanım boya-başa çatandan, Azərbaycanın məşhur pambıqçısı olandan, zəhməti, hünəri ilə əməyin zirvəsini fəth edəndən, eyni zamanda öz adı ilə bir çox azərbaycanlı ailəsini bu mifik təfəkkürdən uzaq olmağa çağırandan sonra bütün bu uğurları misralara çevirərək “Bəsti” poemasını qələmə alan böyük şair Səməd Vurğun onu sadəcə əmək qəhrəmanı kimi təsvir etmirdi, həmçinin keçmiş təsəvvürlərə də ciddi etiraz edirdi.
Anan səni doğanda adına “Bəsti” dedi.
Əllərimi bu fələk oğuldan kəsdi dedi.
Beləydi qayda bizdə: qız doğanda analar
Baxıb qara geyərdi su üstündə sonalar.
Bəli, nəinki su üstündəki sonalar, qızı olan atalar da qara geyinirdi. Bu qara rəngin fonunda isə qız doğan anaların üzü də, günü də qaraya boyanırdı. Alçaldılırdı ərləri tərəfindən. “Mənə oğlan doğa bilmədin” deyilərək heç bir işə yarımayan varlığa çevrilirdi öz evindəcə. Evinin qadını, xanımı olmaq əvəzinə, söz haqqı olmayan, qız doğduğu üçün səsini belə çıxara bilməyən, hüququ olmayan, üzü gülməyən kənizə qula çevrilirdi. Çünki bizim qədim təfəkkürümüzə əsasən qız yox, oğlan əsil-kök sayılıb. “Qız özgənindir” deyənlər belə fikirləşməklə oğlan arzulayıb hər vaxt. Beləliklə də qız doğulan ev yas evinə çevrilib. Şairinin də dediyi kimi:
...Deyərdilər qız nədi?
Qazancı yox, varı yox.
Vəfası yox, qəlbi yox,
aşiqə ilqarı yox.
Özgə şamı yandırır,
bu gün-sabah gedəcək,
Köçəri quş kimidir,
oylağı tərk edəcək.
Nə isə… 119 il öncənin söhbətini edə bilmərik. Bilmirik necə olub Bəsti xanıma bu ad verilib, lakin Bəsti Bağırova adı ilə də, əməyi, zəhmətsevərliyi, ucaldığı mərtəbə ilə də azərbaycanlı ailəsinin “bəsti” təfəkkürünə bir aydınlıq gətirdi. Bu təfəkkürün absurd olduğunu diktə etdi.
Bəstilərin Bəstisi
Bəstilərin Bəstisi oldu Bəsti Bağırova. Varlığı, hünəri, fədakarlığı ilə sübut etdi ki, Bəsti adını övladına vermək, onu istəmədiyini elə ilk gündən bəyan etmək, ömrünün hər anında adı çəkiləndə arzulanan cins olmadığının qulağında cingildəməsinə səbəb olmaq bir ata-anaya yaraşmayan haldır.
“Bəsti” lərin ümumiləşmiş obrazını yaratdı, Bəsti xanım. Bəli, o, tək sosialist əməyi qəhrəmanı olmadı, eyni zamanda baxmayaraq ki, Bəsti adını daşıyırdı, qızlara Bəsti adının verilməsinin yanlışlığını həyata diktə etdi. Lakin təəssüflər olsun ki, Bəsti Bağırovanın əzmkar həyatı, yorulmaz fəaliyyəti, yüksəldiyi məqamlar belə bu xalqın təsəvvüründən “bəsti” anlayışını silə bilmədi. Onun sağlığında da, həyatdan köçəndən sonra da yenə də qızlara “Bəsti” adı verildi. Yenə də onlar üçün “bəsdir” deyildi, ardı oğlan gəlsin arzulandı. Lakin “aslanın erkəyi, dişisi olmaz” məsəli də biz azərbaycanlılara məxsusdur axı. Bax, Bəsti Bağırova hünəri ilə bu atalar misalını qızları sevməyən ailələrin yadına saldı, onlara bəstilərə alçaldıcı nəzərlərlə baxmamağı təlqin etdi.
Bəsti Bağırova Azərbaycanda dünyaya göz açan və Bəsti adı verilən bütün qızların Bəstisi oldu. Əzmkarlığı, hünəri, zəhmətsevərliyi ilə bu ada bəraət qazandırdı.
Deməli, hər bir azərbaycanlı Bəsti elə Bəsti xanım kimi hünərli, zəhmətkeşdir. Bunu uzun illər müxtəlif sahələrlə kişilərlə çiyin-çiyinə çalışan qadınların timsalında görə bilmişik.
Həyatını zəhmətə verən insan
Üç yaşından valideynlərini itirən Bəsti xanım erkən yaşlarından təsərrüfat işlərində çalışmağa başlayıb. Təsərrüfat işləri sanki onun üçün evcik oyununa çevrilmişdi. Bütün maraq və meylini saldığı tarlalarda pambıq yığımından yorulmurdu, usanmırdı. Odur ki, qısa bir vaxtda iki əllə sürətli pambıq yığımı hərəkatını yaratdı. Əvvəllər 100-120 kiloqram ağ qızıl toplayan Bəsti xanım daha sonra bu rəqəmi 200 kiloqrama çatdırdı.
1930-cu ildə Bakıda keçirilən zərbəçi əmək adamlarının birinci toplantısında Bəsti Bağırovanın işi hamıya nümunə göstərildi. O, respublika partiya təşkilatının on ikinci qurultayında çıxış edərək gündəlik yığımı 250 kiloqrama çatdırmağa söz verdi. Artıq bir ildən sonra Bəsti Bağırova Moskvada kənd təsərrüfatı işçilərinin ümumittifaq qurultayında öz təcrübəsindən danışırdı.
Bəstinin şöhrəti Özbəkistan və Türkmənistan respublikalarında da yayılmışdı. Həmkarları onunla görüşməyə, əlaqə yaratmağa, iş təcrübəsini öyrənməyə çalışırdı. 1937-ci ildə Bəsti Bağırovanın manqası hər hektarın məhsuldarlığını iki dəfə artıraraq 80 sentnerə çatdırmışdı. Elə buna görə ümumittifaq sərgisinin qızıl medalına layiq görülmüşdü.
Əmək adamı 1946-cı ildə SSRİ Ali Sovetinə deputat seçildi. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. Bir neçə ildən sonra uğurlarını daha da artırdı. Yenidən SSRİ Ali Sovetinin deputatı oldu və ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adını aldı.
Bəsti Bağırova fədakarlıq göstərməklə yanaşı, həm də kəndin ictimai işlərində fəal iştirak edir və qazandığı təcrübəni yaymağa çalışırdı. İşgüzarlığı və təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq onu doğulduğu kəndlə eyni adda olan Baxçakürd kolxozuna sədr seçdilər və o, ömrünün sonuna kimi burada çalışdı.
Övladı pambıq tarlası idi
Bəzən həyat bir insanı ucaltdıqca ucaldır, lakin ən ümdə arzusuna çatdırmır. İnsan bu nakam arzunun acısını dünyadan köçənədək yaşayır. Bəsti xanımın alın yazısına da yazılmışdı bu. O, zəhməti ilə ucalsa da, adı dillər əzbəri olsa da, iş təcrübəsini örtənmək üçün ittifaq ölkələrindən pambıqçılar onunla görüşə gəlsələr də, lakin Bəsti xanım ana ola bilməmişdi. Ona Ulu Yaradan bu adın istiliyini yaşamağı bəxş etməmişdi. İş yoldaşı Qasımla ailə quran Bəsti xanım elə bu səbəbdən də həyatını təsərrüfat işlərinə həsr etmiş, onu ucaldan bu sahə həm də onun övladı olmuşdur.
Bəsti xanım öz işinə bir ana qayğısı ilə yanaşırdı. Övladına ayıracağı vaxtı, göstərəcəyi diqqət və qayğını işinə verirdi. Tarlalar sanki onun ana laylasından pərvazlanıb bol məhsul verirdi. Əlinin dəydiyi hər bir kol sanki övladının başına çəkdiyi sığal idi. Torpağa düşən hər damla təri ana südü kimi ona can verirdi. Odur ki, necə ki, uşaq ana nəvazişi ilə boy atar, Bəsti xanımın tarlaları da bu nəvazişdən güc alıb ağappaq çiçək açırdı.
Nəzakətli və xoşrəftar
Bəsti xanım təkcə öz işi, səriştəsi ilə yox, həm də nəzakəti, xoş rəftarı ilə çox insana nümunə idi. Pambıq ustası şöhrətin zirvəsində olsa da, lakin azərbaynın ailə dəyərlərinə məxsus qaydalar da həyatının bir parçası idi. Bunu onun haqqında oxuduğum bir xatirədə aydın şəkildə görmək mümkündür: bir dəfə Mircəfər Bağırov Baxçakürdə gələndə Bəsti Bağırovanın qonağı olur. Bəsti xanım özü çay süzüb gətirir, stəkanı əvvəlcə həyat yoldaşı Qasımın, sonra isə Mircəfər Bağırovun qabağına qoyur. Hamı gizli bir təlaşla baxır. Bunu duyan Bağırov astaca gülümsünür...
- Bəsti bacı düz edir,hörmət öncə ailədən başlanır.
Bəli, elə Şeyx Şamili də Şamil edən onun ailəsi olmuşdur. Hansı bir ölkədən, xalqdan, millətdən asılı olmayaraq ailə dəyərləri olan, böyük-kiçiyin yeri bilinən, hörmət olan yerdə ucalıq var. Bu ucalıq isə insanı ucaldır. Bəsti Bağırova həm zəhməti, həm də nəzakəti ilə bu qədər ucalmışdı. İşində nə qədər bacarıqlı olsan da, bir qadın kimi cəmiyyətdə, ailədə yerində deyilsənsə, davranış və hərəkətlərindən nəzakət yağmırsa, sən deməli, tam deyisən. Nə qədər zirvəyə yüksəlsən də, səni tanıyanların gözündə o zirvədə olmayacaqsan.
Bax, Bəsti Baqırova ona görə bu gün hər birimizin qəlbindədir ki, zəhmətlə nəzakət onun xarakterini formalaşdırmışdı. Bu xarakter isə onu heç vaxt unudulmayacaq bir azərbaycanlı qadına, zəhmət adamına, insana çevirib.
***
Adını Bəsti qoymuşdular. Lakin o, həyatda “bəsdir” demədi. Çalışdı, axıtdığı tər torpağa can verdi, o da bunu qarşılıqsız qoymadı. Onu ucaltdı. Və Azərbaycan qadınının, həm də Bəsti adı verilmiş qadının nəyə qadir olduğunu bütün SSRİ-yə göstərdi.
Belə isə iki dəfə Sosialist Əməyi Qəhrəmanı, dəfələrlə SSRİ və Azərbaycan SSR Ali sovetlərinin deputatı olmuş, Mərkəzi Komitəyə, Ali Sovetin Rəyasət heyətinə üzv seçilmiş, Lenin və "Qırmızı Əmək bayrağı" ordenlərinə, Ümumittifaq sərgisinin qızıl medalına layiq görülmüş Bəsti Bağırovanı əsla unutmayaq. Unutmadıqca, qızlarımıza verdiyimiz “Bəsti” adının da mahiyyətini dəyişə bilərik.
Çünki Bəsti Bağırova qızlarımızın xilası ola bildi. Təbii ki, dərk edənə.
Bu gün Bəsti Bağırovanın anım günüdür. Ona Allahdan rəhmət diləyir, 2026-cı ildə 120 illik yubileyinin təntənəli şəkildə qeyd edilməsi arzusu ilə yazını tamamlayıram.
Mətanət Məmmədova