Müasir dövrdə istehlakçılardan çox aldadılanlar və aldananlar yoxdur, desəm, yanılmaram və bu mövzuda mənimlə razılaşmayan çox az adam tapılar. Çünki hər kəs aldadıldığının heç olmasa bir neçə dəfə şahidi olub. Şahidi olmayanlar isə əmin olsunlar ki, aldananlardandır və nə üçün bunun fərqində olmayıblar, bu da onların öz problemidir. O mənada ki, gözlərini açıq ətrafa, aldıqları məhsulun üzərinə və kassa qəbzinə baxsalar, hərdən aldadıqlarını açıqca görə bilərlər.
İstehlakçı hüquqlarından çox danışırlar. Lakin istehlakçı hüquqlarından çox pozulan hüquq da yoxdur. Bu, nə bitir, nə də tükənir. Biri bitir, digəri başlayır. Aid qurumlar isə ya məsələnin kökündən həll etməyi bacarmır, ya da həll etmək onların işinə yaramır.
Çox uzağa getməyək, son aylarda istehlakçı hüquqlarının necə kobud şəkildə pozulması ilə bağlı bir neçə fakta baxaq və görək onların başına nə kimi hadisələr gəlib.
Elə götürək keçən ay yas mərasimində kütləvi şəkildə zəhərlənmə faktını. Ondan əvvəl isə restoranlardan birində kütləvi zəhərlənməni. Görəsən istehlakçının günahı nədir ki, hər hansı bir yas mərasimi evi və restoran sahibinin güdazına gedir. Kimsə köhnə və yaxud keyfiyyətsiz məhsullardan bişirilmiş yeməkləri qonaqlara təqdim edib qazancını artırmaq, özünə biznes qurmaq, yaxşı yaşamaq istəyirsə, nə üçün uduzan, sağlamlığını itirən istehlakçı olmalıdır?
İstehlakçının marketdən aldığı toyuğun içərisindən özü boyda buz çıxması necə, istehlakçı hüququnun pozulması deyil? Çəkinin artırılması məqsədinə xidmət edən bu əməl artıq pul qazanmaq hesabına istehlakçı hüququnu pozmaq deyil, bəs nədir? Nə üçün alıcı real çəkidən artıq pul ödəməlidir. Yəni qazanc yolu istehlakçı hüquqlarını əzmək üzərindəmi qurulmalıdır?
Bəlkə ötən aylarda marketdən aldığı yulafın qutusunu açarkən qurdların yulafdan daha çox olduğunu görən istehlakçıdan danışıq. Vaxtı ötmüş məhsul nə üçün mağazada saxlanır ki, istehlakçı da pul verib alır, nəticədə isə onu istifadə edə bilmir. Və götürüb həmin yulafı qurdları ilə birlikdə marketə getdikdə hələ bir borclu da çıxarılır.
İstehlakçının hüquqları market və mağazalarda yetərli qədər pozulur. Xüsusilə süd, ət, undan hazırlanan məhsullarla insanlar əməlli-başlı aldadılır. Dəfələrlə medianın araşdırmaları nəticəsində belə hallar aşkarlansa da və yaxud istehlakçının özünün müşahidələri nəticəsində ortaya çıxsa da, lakin yenə də təkrar olunur. Ən kiçik ərzaq mağazalarından tutmuş ən böyük marketlərədək yaralılıq vaxtı ötmüş məhsullara tez-tez rast gəlmək mümkündür. Hələ üstəlik bunları alıb istifadə də edirik. Çünki onların yaralılıq müddəti elə məharətlə dəyişdirilir ki, insanın ağlına belə gəlmir. Və yaxud da elə köhnə məhsul alırıq, sadəcə olaraq ağlımız kəsmir ki, onun yararlılıq müddətinə bir nəzər salaq.
Satın alıb içdiyimiz adi sudan danışaq. Bizə elə gəlir ki, o, həqiqətən saf, təmiz sudur. Ona görə də evdə krantdan axan sudan fərqli bilərək həftədə 3-4 dəfə 5, 10, 20 litrlik adı dağlardan süzülən, əksəriyyəti isə Bakıda zirzəmilərdə doldurulan sulardan alıb sağlamlığımızın qeydinə qalırmış kimi içirik. Bunu sübut etmək o qədər çətin məsələ deyil. Analizə verib görmək olar. Lakin gəlin görək bu analiz üçün yollar bizim üzümüzə açıqdırmı?
Hələ bəzən onların da yaralılıq dövrü keçir. Görəndə götürüb yenidən marketlərə aparırıq və satıcı bizə nə desə yaxşıdir? Deyir ki, vallah bu, bizim problem deyil. İstehsalçının problemidir. Biz də ağlımız kəsəndə deyirik ki, necə yəni sizin probleminiz deyil. Bəs sizin bu məsələlərə məsul işçiniz olmalıdır axı.
Hansını deyəsən? Dərd bir olar, iki olar? Ən böyük marketlərdən birindən ötən ay şokolad almışdım. Hamısı qurdlu çıxdı. Elə sellofan paketlə birlikdə zibil qabına atmalı oldum. Hüquqlarımı gözümün içinə baxa-baxa pozdular. Nə olsun ki, belə olanda bir dəfə üzr istəyirlər, bununla da işləri bitmiş olur.
İstehlakçı yumurta alır marketlərdən. Gətirir ki, 10-dan 4-5-nin içərisi quruyub. Belə hallar az olmur.
Xüsusilə kəsmik məhsulları istehlakçılara hər dəfə öz sürprizlərini təqdim edir. Çünki onlar çox halda içərisi kiflənmiş olur. Nə olsun ki, üzərinin yaralılıq vaxtı dəyişdirilir. İçinə baxmaq fikrində olan yoxdur.
Çörək məhsulları, xüsusilə sellofan torbalarda istehlakçılara təqdim olunana lavaş çörək növü bəzən kiflənmiş şəkildə süfrələrimizə gəlib çıxır. Biz isə, əşi, bir çörəkdən yana durub marketə getməyəcəm ki, deyirik.
Hələ bəzi marketlərdə satılan mənşəyi bilinməyən əti demirəm. Elə marketdə ət satılan bölmənin yanından ötəndə adamı qəribə bir iyrənc qoxu vurur. Bu isə ət satışı yerinin natəmiz saxlanmasının və ətin artıq iy verməsinin göstəricisi deyil, bəs nədir?
Beləliklə, istehlakçı aldadılır, o, asanlıqla aldanır. Lakin gözlərimizi necə deyərlər, dörd açıb yediyimiz məhsullara baxmalıyıq. İndi ki, marketlər bildiyini edir və bütün bunlara nəzarət yetərli qədər deyil, biz özümüz başımızın çarəsinə baxmalıyıq. Yəni hələlik bundan başqa yolumuz yoxdur.
İnsan hüquqlarının əsasından biri istehlakçıların hüquqlarıdır. Birbaşa insan amilinə və sağlamlığına xidmət edən bu hüququn qorunması dünyada ən aktual məsələlərdən biri hesab edilir. Beləliklə, hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir. Məhsulların istehsalı və satışı, xidmətlərin göstərilməsi sahələrində keyfiyyətlə bağlı problemlər hər bir ölkəni narahat edir. Bu problemlərdən ən çox əziyyət çəkən isə istehlakçılardır.
Hər il martın 15-i Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü kimi qeyd edilir. Elə bu əlamətdar gündən yola çıxaraq əsas məqsədi istehlakçıların hüquqlarının qorunması olan, onların keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin edilməsini gündəmdə saxlamağı ehtiva edən həmin gün ərəfəsində aldadılan və aldanan istehlakçılardan çox qısa söhbət açdım ki, bəlkə bundan sonra aldanmayaq.
Günün necə yaranmasına gəlincə isə, keyfiyyət sahəsində yaranmış məsələlərin həllinin vacibliyini və istehlakçıların narazılıqlarını ölkə qarşısında vacib bir problem kimi qəbul edən ABŞ Prezidenti Con Kennedi 1962-ci il martın 15-də Konqresdə çıxış edərək, bu günü Dünya İstehlakçılar Günü elan edib. O, deyib: “İstehlakçılar biz hamımızıq. İstehlakçılar böyük iqtisadi gücdür və demək olar ki, istənilən iqtisadiyyatda həlledici rol oynayırlar”.
Bəli, istehlakçılar biz hamımızıq: istehsal edən də, istehlak edən də. Və hər birimiz də insanıq. Odur ki, mənfəəti insanlıqdan üstün tutmayaq. Öz biznesimizi insan sağlamlığına təhlükə yaradan meyllər üzərində qurmayaq. İnsan amilinə sayğı ilə yanaşmaq əslində insan cəmiyyətinə hörmət əlamətidir. Əks təqdirdə isə insan heç özünə hörmət qoymur ki. Nəinki başqalarına...
Mətanət Məmmədova