Süni intellekt texnologiyalarının sürətli inkişafı, xüsusilə də ChatGPT kimi ünsiyyət modellərinin yayılması insan-kompüter münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. İnsanlar bu texnologiyaları artıq təkcə funksional məqsədlərlə deyil, emosional və sosial ehtiyacların ödənməsi üçün də istifadə edirlər.
İnsan təklik və stress hallarında ünsiyyətə və anlaşılmağa ehtiyac duyur. ChatGPT bu ehtiyacı qismən də olsa qarşılayaraq istifadəçiyə “dinlənilmək hissi” verir. Bu, para-sosial münasibətlər kimi tanınan, real olmayan, lakin emosional bağlılıq hissi yaradan əlaqələr kateqoriyasına aiddir. Bu kontekstdə ChatGPT bəzi istifadəçilər üçün dost əvəzi kimi çıxış edir, mühakimə etmədən dinləyən, cavab verən və hətta təsəlli verən bir varlıq rolunu oynayır.
Bu günlərdə Bakı şəhərində keçirilən sorğuda insanların demək olar ki, 90%-i ChatGPT-nin ən yaxşı dost olduğunu və başqa dostlara ehtiyac olmadığını vurğulayıb.
ChatGPT gerçək dost ola bilərmi?
Sosioloq Mətanət Məmmədova məsələyə belə münasibət bildirib: -Müasir texnologiyaların tətbiqindən sonra həyatımız başdan-başa dəyişib. Artıq illərdir ki, bu dəyişikliyi hər addımda hiss edirik: həm müsbət, həm də mənfi mənada. Əslində müasir texnologiyalar ondan ağıllı şəkildə istifadə edilən təqdirdə çox əlverişli bir vasitədir. Lakin təəssüflər olsun ki, ondan faydalanmaq məqsədilə istifadə edənlərin sayı səmərəsiz şəkildə istifadə edənlərdən dəfələrlə azdır.
Necə ki, insanlar, xüsusilə əksər gənc sosial şəbəkələrdən informasiya almaq, bilik əldə etmək, dünyagörüşünü genişləndirmək əvəzinə, əyləncə vasitəsi kimi istifadə edir, eləcə də ChatGPT-dən.
ChatGPT əslində real olmayan, sadəcə proqramlaşdırılmış vasitədir. Bu proqrama əsasən o, bəzən bir “dostu” dinləyib ona yol göstərir, bəzən kiminsə nəyi isə təcili şəkildə axtarıb tapmasına yardım edir.
Uzun illərdir, bu məsələ müzakirə mövzusudur ki, yeni texnologiyalar nə qədər ağıllı olsa da, onlar emosianal, duyğulu ola bilməz. Çünki bu, yalnız Yaradanın yaratdığı insana verdiyi hissdir. Bu emosinallıq texnologiyada proqram əsasında bir yerə qədər mümkündür. Belə isə ChatGPT-ni özünə dost hesab etməyi normal hesab etmirəm. Bu sadəcə insanı quru, ruhsuz və duyğusuz dəmir parçasına bağlamaqdan savayı bir şey deyil.
ChatGPT-ni bir kompüter proqramı olaraq düşünmək nə qədər çətin məsələdir ki, 90 faiz respondent onu özünə yaxın dost hesab edir? Biz nə edirik? Bunu əməlli-başlı düşünməliyik. Əks təqdirdə tamamilə müasir texnologiyanın qurbanı olmağımız çox yaxın gələcəkdədir.
Biz insan cəmiyyətinə aidik. Belə isə dostumuz da insan olmalıdır. Biz dostumuzu real həyatdan seçməliyik, onunla birlikdə sosiallaşmalı, söhbətləşməli, uzun illərin dostluq ənənələrini yaşatmalıyıq.
ChatGPT ilə dostluq tənhalığa açılan bir pəncərədir. Bir vaxt ətrafda real dostun olmadığını dərk edən zaman isə artıq gec olacaq. Odur ki, dostu real həyatda axtarıb tapaq.
Nərmin Hüseynli
Bakı Dövlət Universitetinin 4-cü kurs tələbəsi