İdeal ailə... Bu, hər bir şüurlu insanın arzu edəcəyi bir ailə formasıdır. Bu bizim ata öyüdümüz, ana südündən aldığımız ilk mənəvi qidadır. Bu bizim evliliyə qədəm qoyduğumuz an böyüklərimizdən aldığımız xeyir-duamızdır. Yaşadığımız hər yerdə- kiçik kənddən tutmuş böyük şəhərədək, hörmət, izzətimizdir. Bizim kimliyimizi, əsl-nəcabətimizi, ənənəvi dəyərlərimizi, milli mentalitetimizi təsdiq edən amildir. Cəmiyyətdə mövqeyimiz, ümumilikdə isə dövlətimizə kənardan verilən qiymətdir. Axı ideal ailənin fərdləri həm də mənsub olduqları dövlətin ideal vəziyyətə gəlmə səbəbidir.
Anam deyirdi ki...
Belə isə əsl söhbətə keçmək istəyirəm. Bu barədə fikirlərimi yazmaq üçün istinadgahım illər öncə anamla olan söhbətim əsasında keçmişlə bu günümüzün müqayisəsi olacaq. Müasir dövrümüzdə ideal ailələr barmaqla sayılırsa, keçmişlərdə bu hal ideal olmayan ailələr üçün belə idi. Çünki bəzi müasirlərin bəyənmədiyi o ailələrdə böyüyün kiçiyə, kiçiyin böyüyə hörməti sonsuz idi.
Anam deyirdi: ata, yox, deyəndə onun sözü çevrilmirdi ki, niyə yox? İstədiyimizi analarımıza anlatmaqla atamıza çatdırardıq. O da atamıza söyləyər, məsləhət bilsəydilər, rəva görərdilər. Beləliklə, ata-anayla övlad arasında pərdə yaranardı. Bu arada, pərdə bu pəncərədən asılan pərdə deyil ha, o pərdə abır-həyadan, hörmətdən olurdu, gözə görünən deyildi, hiss edilən, yaşanan idi.
Ev sözsüz, gor əzabsız olmaz, deyib atalarımız. Evlərimizdə bir söz olanda onu çox böyütməzdik, birimiz od olanda, o birimiz su olardıq, heçnə olmayıbmış kimi davranardıq. Evin kişisi içəri girəndə ayağa qalxar, yer ğöstərər, qulluğunda dayanardıq. Bunları da övladlarımız görürdü, götürürdü. Ailə bir yerə yığışmayınca süfrə açılmazdı. Süfrə başında da hər kəsin yeri bəlli olardı, hərəkəti bəlli olardı.
Qayınatamızla, qayınanamızla, baldız, qayınımızla bir evdə yaşamışıq. Hər kəsin bir-birinə böyük hörməti olub, hər kəs bir-birinin yerini bilib. Qonaqlı-qaralı olmuşuq, evin işini bir-birimizin üstünə atmamışıq. Birgə, deyə-gülə hər bir işi yerinə yetirmişik. Uşaqlarımızı da birlikdə böyütmüşük, necə deyərlər, qaynamışıq, qarışmışıq. Mən demirəm ki, sözümüz olmayıb. Bunu desəm də mənə inanan olmaz, olub. Amma biz o söz-söhbəti böyütməmişik, bir-birimizi başa düşüb bağışlamışıq. Bağışlamaq da ən böyük mədəniyyətdir, bunu bilərsən.
İnanırsan, bala, qayınatam evə girəndə necə həyəcanla ayağa qalxmaq istəmişəmsə, dəfələrlə az qalıb uşaq qucağımdan düşə. Rəhmətlik yoldaşımsa bir dəfə də olsun ata-anasının yanında uşaqlarımızı qucağına götürmədi, onlarla əməlli-başlı danışmadı. Qayınanam söz-söhbəti sevməyən adam idi. İstəməzdi ki, evdə kiçik bir sözdən inciklik yaransın. Mənim də, qızlarının da yerini yaxşı müəyyənləşdirirdi. Onun bu xasiyyətinə hörmət əlaməti olaraq bizlər də öz yerimizi bilir, hərəkətimizi, davranışımızı nəzarətdə saxlayırdıq. Bütün bunları isə evimizdə böyütdüyümüz qızımız, oğlumuz görürdü, bu tərbiyə altında yetişirdilər. Onlar da təbii ki, gördüklərini öz ailələrində tətbiq edirdılər.
O vaxtlar toylar indiki kimi restoranlarda keçirilmirdi. Elə gözəl həyət toyları təşkil olunurdu ki, illərlə onun xoş xatirələri yaddaşlardan silinmirdi. Bütün el, qohum-qonşu, uşaq-böyük bir araya gələrdi, halay vurub rəqs edərdi. İki cür yemək hazırlanardı, indiki kimi israfçılıq baş alıb getmirdi. Hamı bu yeməklərdən yeyirdi, uşaqlara isə elə toy qazanının başındaca dürmək tutulurdu. Bu dürməklər onların ikinci toy sevincinə çevrilirdi. Bunları deməkdə məqsədim var. İndi bahalı restoranlara uşaqları aparmırlar. Axı orada hər şey saynandır. Uşaqlar artıq toy adət-ənənələrimizdən kənarda qalıblar. Bu, çox böyük bəladır. Uşaq öz bibisi, dayısı, xalası, əmisi qızının, oglunun toyunda iştirak edə bilmirsə, nə baş verir? Bir-birindən uzaqlaşma. İndi ailə dəyərlərindən danışırıq. Ailə dəyərlərini özümüz də dərk etmədən məhv edirik, onun inkişafının qarşısını alırıq, kiçikkən yerindəcə boğuruq.
Ailə dəyərləri və müasirlik budurmu? Bu hərəkətlərlə ideal ailəyə doğru getmək olarmı? Ay bala, bu gün bir-birinin toyunda iştirak etməyən uşaqlar böyüyəndə də bir-birilərinin evinə gəl-get etmirlər. Nəticə nə olur?-yadlaşma. Bəzi valideynlər uşaqlarını o qədər televizor qarşısına əyləşdirib sərbəctcəsinə işlərinin arxasınca gedirlər ki, onlar evə alışırlar, bağlanırlar. Cizgi filmləri zaman-zaman yerini dizilərə verir, insanı televizor qarşısına kilidləyir. Əvvəllər günümüz qohum-əqraba evində keçərdi, sevincimizi paylaşardıq, kədərimizi bölüşərdik. İndi ən yaxın xəstə qohumunu yoluxmayanları tanıyıram. İdeal ailəni tək nənə-baba, ata-ana, bacı-qardaş formalaşdırmır ki... İdeal ailəni yuxarıda sadaladığım faktorlar yarada, ya da məhv edə bilər.
Dırnaqarası müasirlik
Anamla söhbətim nə qədər maraqlı keçmişdisə, bir neçə saatın ötdüyünü fərq etməmişdim. Onu qucaqlayıb öpmüşdüm. Həqiqətən də anam dediklərinin hər birində haqlı, həm də çox haqlı idi. O vaxt çox valideyn övladını o ruhda tərbiyə edirdi.
İndi də əksər ailələrimizdə ailə dəyərlərimiz qorunur, ona hörmətlə yanaşılır. Biz azərbaycanlıyıq, bizim qədim ailə mədəniyyətimiz , adət-ənənələrimiz var, başqa cür ola da bilməz. Lakin gəlin onu da etiraf edək ki, ailə dəyərlərimizə dirnaqarası müasirlik qatanlar da az deyil. Məsələn, indi elə gənclərimiz var ki, evlənməmişdən əvvəl qız oğlan qarşısında şərt qoyur: biz ata-ananla bir yerdə yaşamayacağıq, ayrı yaşamalıyıq. Bax, yeni qurulan bu ailədə artıq ideal ailə rüşeymi cücərmədən məhv edilir. Və yaxud ikinci bir misal. Yeni ailə qurulur, ata-anayla birgə yaşayırlar. Təzə gəlin səhər saat 11-də oyanır, “sabahınız xeyir”, “gecəniz xeyirə qalsın” sözləri, ümumuyyətlə, leksikologiyasında yoxdur, qayınata, qayınana otağa daxil olanda ayağa qalxmaq mədəniyyəti yoxdur, ailə birgə çay masasına əyləşəndə telefon əlində sosial şəbəkələrdə səyahətdədir, evə qonaq gələndə onun əvəzinə qayınana çay hazırlamaq barədə düşünür, qonağı yola salmaq kimi mədəni davranış ona yaddır, harasa qonaq gedəndə yenə də xoşagəlməyən hərəkətləri ilə böyüklərini utandırır, zaman keçir, ana olur, səsini başına ataraq ətrafdakılara sayqısızlıq əlaməti olaraq uşağını sevələyir, bəzən hirslənir, qayınatanın, yaxud qayınananın adını verdiyi nəvəsini gözünün qabağındaca təhqiramiz sözlərlə söyür, döyür.
Belə misalları tək qadın üçün yox, həmçinin kişi üçün də yetərincə çəkmək olar. Bəzən qızın ata-anası, bacı-qardaşı onlara qonaq gəlir, kürəkən sosial şəbəkələrdən ayrılıb başını yuxarı qaldırmır, qayınata-qayınanasının yanında uşağını ğöyə elə atıb-tutur ki, deyirsən uşaq indicə düşüb parçalanacaq. Az sonra cibindən siqaret çıxarıb, yoldaşına, ay qız, ordan külqabı gətir deyib, siqareti alışdırır. Çox keçmir, yaxşı, siz oturun, mən gedim, bir fırlanım, gəlim, deyir və evdə qonaq olduğu halda evi tərk edir. Qonaq gedir, o, gəlib çıxmır ki, çıxmır.
Bəzi yeni qurulan ailələr isə yuxarıda qeyd etdiyim kimi ayrı yaşamağı seçirlər. Yeni qurulan ailənin sərbəst yox, ən azından 1-2 il qayınata-qayınana yanında yaşaması onlara ailə qayda-qanunlarını xeyli öyrətmiş olur. Onlar bununla təcrübə qazanır, başqa evə çıxanda bir o qədər problemlə üzləşmirlər.
“Kaş ki”lər...
Bütün bu söhbətlər düşüncəmdə o qədər “kaş ki”lər yaradır ki... Keşmişi yadıma salıb deyirəm ki, kaş ki, ailə çox böyük ola. Böyük bir masanın ətrafında ən azından 8-10 stul qoyula. Nənə-baba, ata-ana, bacı-qardaş burada bir araya yığıla. Hamı bir-birinə can deyə, can eşidə. Kaş ki, nənə-analarımızın dediklərinin ən yaxşıları ailələrdə ola. Kaş ki, ailədə hər kəs bir-birinin yerıni bilə, ona hörmətlə yanaşa. Analar gəlinlərini doğma qızları, kürəkənlərini isə oğulları olaraq qəbul edələr, gəlinlər, kürəkənlər də qayınata, qayınanalarını doğma valideynləri bilələr. Kaş ki, telefon əllərində sosial şəbəkələrə daxil olub orada başını qataraq evdəki uşaqlarına saatlarla vaxt ayırmayan valideynlər olmaya. Kaş ki, qayınata, qayıınana, bacı-qardaş “bu gün sizə qonaq gələcəyik” deyəndə üzlər turşumaya, “eyyy” sözü dilə gəlməyə.
Kaş ki bəzi ailələrdə qız övladı dünyaya gələndə atalar kədərdən dostlarını başlarına yığıb sərxoşluq etməyələr. Kaş ki, cəmiyyətimiz müasirləşdikcə, adət-ənənələrimiz itirilməyə, qorunub saxlana. Məhz bu zaman ideal ailədən danışmaq olar...
İdeal ailə-bunu kim istəməz ki? Kim “kaş ki mənim də belə ailəm olsun”,- deməz. Belə isə ideal ailə formulunu qoruyaq, ailələrimizə tətbiq edək ki, ailə dəyərlərimizi də yaşada bilək. İnanın, nə qədər müasirləşsək də, keçmişə müraciət etmək, o əmnənələri yaşatmaq bizi hər zaman hörmətli, sayğılı edər.
Mətanət Məmmədova