PDF Oxu

Sosial

  • 523

Azərbaycanın neft və sənaye mühəndisliyi sahəsində ilk naxçıvalı qadın tədqiqatçı-alimi - Sevda Əliyeva

image

Azərbaycanın qədim və zəngin elm tarixində kişilərimizlə yanaşı qadınlarımızın da rolu həmişə böyük və şərəfli olmuşdur. Vətənin inkişafı, elm və texnikanın tərəqqisi naminə əllərindən gələni əsirgəməyən, çətinliklərə sinə gərərək irəli addımlayan Azərbaycan qadınları bu gün də ölkəmizin intellektual potensialının ən mühüm hissəsini təşkil edir. Həmin qadın mütəxəssislərimizdən biri də qədim Naxçıvan torpağının yetirdiyi, bu sahə üzrə ilk qadın tədqiqatçı olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Sənaye maşınları” kafedrasının müdiri dosent Sevda Əliyevadır. Bu dəfə naxçıvalı tədqiqatçının Naxçıvandan Bakıya uzanan həyat və elm yolu ilə daha yaxından tanış olmaq üçün onunla həmsöhbət olduq:

– Sevda xanım, istərdik bizə özünüz haqqında qısa məlumat verəsiniz, gənc yaşlardan elmə marağınız necə yarandı?

– Mən 1965-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Yadimda belə qalıb ki, 3-4 yaşım olardı hansısa səbəbdən Babək rayonunun Tumbul kəndinə köçdük. Böyüdükdən sonra bildim ki, Naxçıvan şəhərindəki evimiz söküntüyə gedib və bu səbəbdən kəndə köçmüşük. 1983-cü ildə Babək rayon Tumbul kənd orta məktəbini bitirmişəm. Məktəbdə oxuduğum illəri çox gözəl xatırlayıram. Hər axşam atam işdən gəlib sabahkı dərsləri bizdən soruşurdu. Həm anam, həm də atam elmə yüksək qiymət verirdilər və övladlarının hamısını ali təhsilli görmək istəyirdilər. Bu baxımdan bizdə elmə marağı da valideynlərimiz yaratmışdır. Tumbul kənd orta məktəbini bitirən kimi həmin ildə instituta daxil olan şagirdlər məhz böyük qardaşım Namiq müəllim və bacım Solmaz xanım olmuşdu. O zaman məktəb direktoru və digər müəllimlər ailəmizə gələrək ata-anama böyük təşəkkürlərini bildirdilər. Ailənin instituta sənəd verəcək növbəti övladı mən idim. Məktəb rəhbərliyi tərəfindən ailəmizə göstərilən minnətdarlıq məni daha da yaxşı oxumağa həvəsləndirdi. Orta məktəbdə oxuduğum illərdə texniki fənlərə marağım daha çox idi. Doğrudur, o illərdə məktəblilər fənn seçimi etmirdilər. Ona görə də mən fənlərin hamısını yaxşı oxuyurdum. Amma riyaziyyat və həndəsə fənləri məni daha çox maraqlandırırdı.

– Təhsil illərində (bakalavr, magistr və dissertasiya) qarşılaşdığınız ən böyük çətinlik nə idi və onu necə dəf etdiniz?

– Uşaqlıqdan həmişə Bakı şəhərində hansısa bir institutda oxumağı arzulayırdım. Axırıncı siniflərdə riyaziyyat fənni mənə daha asan gəlirdi və düşündüm ki, Azərbaycan Neft və Kimya İnstituna sənədlərimi verərək özümü bu sahədə sınayım. Nədənsə, özümü istehsalatda çalışan bir mühəndis kimi görə bilirdim. Müəllimlik edəcəyim heç ağlıma da gəlmirdi. Beləliklə, 1983-cü ildə orta məktəbi bitirib elə həmin ildə də “Azi” kimi tanıdığımız Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olundum. Onu da qeyd edim ki, o vaxt bakalav və magistr pilləsi yox idi. 5 illik ali təhsil pilləsi var idi. Oxuduğum 5 il ərzində çox əziyyətli və mənalı yol keçdim. Tələbəlik illəri insanın əvəz olunmayan illəridir desəm yanılmaram. Bu 5 il mənim həyatımın ən gözəl və qayğısız illəri oldu. Orta məktəbdə həndəsə fənnini yaxşı oxumağım institutda keçdiyim mühəndis qrafikası fənnini daha dərindən öyrənməkdə mənə çox kömək oldu. Oxuduğum illərdə humanitar fənləri çıxmaq şərtilə bütün fənləri yaxşı oxuyurdum. Şəklim şərəf lövhəsindən asılmışdı. Buna baxmayaraq çətinliklərim də az olmayıb, amma bütün çətinlikləri ailəmə xəbər vermədən özüm dəf etmişəm.

– Niyə məhz mexanika və sənaye qurğularının dinamikası istiqamətini seçdiniz?

– Bilmirəm nədənsə evdə hər hansı elektrik avadanlığı xarab olanda onu söküb yenidən yığmaq istəyirdim və bunu bacarırdım da. Həyatımda baş verən hadisələr məni mexanika sahəsinə meyl etdirdi. Belə ki, kainatda baş verən hadisələrin səbəbləri məni çox düşündürürdü. Məsələn quşlar necə uca bilir, buludların hərəkəti, dənizlərin qabarması, küləyin əsməsi, detalların korroziyaya uğrayaraq parçalanması və s. bu kimi proseslər məni mexanika sahəsində müəyyən addımlar atmağa məcbur etdi.

– İstərdim ki, quyuların əsaslı təmiri avadanlıqları ilə bağlı araşdırmalarınız haqqında ətraflı danışınasənız. Bu işlərin praktiki əhəmiyyəti nədir?

– Quyuların əsaslı təmiri avadanlıqları quyu sistemlərinin uzunmüddətli və təhlükəsiz şəkildə fəaliyyət göstərməsini təmin etməlidir. Bu avadanlıqlardan quyu borularında yaranan zədələnmələri aradan qaldırmaq və sızmaların qarşısını almaq məqsədilə istifadə olunur. Bu sahədə apardığım araşdırmalar bir neçə məqsəd daşıyır: quyuların təmiri zamanı bu avadanlıqların daha səmərəli və etibarlı işləməsi, iş prosesində enerjiyə qənaət və əməliyyat təhlükəsizliyini təmin etmək, ətraf mühitə zərəri minimuma endirmək. Təbii ki, bütün bu nailiyyətləri eyni vaxtda əldə etmək çox çətindir. Buna baxmayaraq hər zaman çalışmışam ki, hər bir tədqiqat işimdə müəyyən səmərə əldə edərək məhsuldarlığın artırılmasına nail olum. Ölkəmizin əsas gəliri neft məhsullarının xaricə ixracı hesabına əldə olunduğundan bu sahədə tədqiqatlara daha çox üstünlük verirəm. Belə tədqiqatlqrın praktiki əhəmiyyəti çox istiqamətlidir və neft-qaz sənayesində həm iqtisadi, həm texnoloji, həm də təhlükəsizlik baxımından mühüm rol oynayır. Əsas aspektlər isə istehsalın səmərəliliyinin artırılması, texniki etibarlılığın yüksəldilməsi, əməyin təhlükəsizliyinin və ekoloji sabitliyin təmin edilməsi, iqtisadi qənaət və resursların optimallaşdırılması və yerli sənayenin inkişafıdır.

– Yeni informasiya texnologiyalarını (modelləşdirmə, simulyasiya proqramları) yükqaldırma qabiliyyəti və möhkəmlik hesabatlarında necə tətbiq edirsiniz?

– Universitetdə çalışmağa başladığım illərdə hələ internetin imkanlarından geniş istifadə edə bilmirdik. Hazırda yeni texnologiyalar imkan verir ki, modelləşdirmə və simulyasiya proqramlarından istifadə edərək, maşın və mexanizmlərin diaqnostikasını və möhkəmlik hesabatlarını asanlıqla yerinə yetirək. Mühəndislik modelləşdirməsi obyektin və ya mexanizmin riyazi və qrafik təsvirinin yaradılması prosesidir. Simulyasiya isə həmin model üzərində müxtəlif iş rejimlərinin və yüklərin təsirinin kompüter vasitəsilə imitasiya edilməsidir. Yeni informasiya texnologiyaları mühəndislik hesablamalarında yüksək dəqiqlik, operativlik və etibarlılıq təmin edir. Modelləşdirmə və simulyasiya proqramlarının tətbiqi yükqaldırma qabiliyyətinin və möhkəmlik göstəricilərinin əvvəlcədən qiymətləndirilməsinə, konstruksiyaların optimallaşdırılmasına və qəza risklərinin minimuma endirilməsinə imkan yaradır. Buna görə də müasir maşınqayırma, neft-qaz və sənaye mühəndisliyi sahələrində bu texnologiyalar əsas layihələndirmə alətlərindən hesab olunur.

– Elmi məqalə və tədqiqatlarınız sırasında ən önəmli nəticə və ya kəşf hansı oldu?

– Bir az keçmişə qayıtmaq istəyirəm. 1994-2001-ci illərdə Naxçıvan Dövlət Universitetində işləyirdim. Hələ elmi məqalələri tək müəllif kimi dərc etdirməmişdim və bu mənə çox çətin görünürdü. Lakin 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin o zamankı rektoru professor İsa Həbibbəylinin sərəncamı ilə mən müəllim vəzifəsinə təyin olundum və o, təklif etdi ki, mütləq elmi işini dərinləşdirməlisən. Sənin kimi kadrlara ehtiyacımız var. Bu sözlər mənim namizədlik dissertasiyasını götürməyimə səbəb oldu. Mən 2001-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə üz tutdum və tanınmış professor, Əməkdar Elm Xadimi Zahid Kərimovun rəhbərliyi ilə “Telfer mexanizminin optimal konstruksiyasının işlənməsi” mövzusunda dissertasiya işi götürdüm. 2005-ci ildə dissertasiya işini müvəffəqiyyətlə müdafiə etdim. Həmin illər Z.Kərimovun və İsa Həbbibəylinin mənə böyük dəstəyi oldu. Elmi məqalələrimin də başlanğıcı o illərə təsadüf edir. Hazırda 100-ə yaxın elmi məqlənin müəllifiyəm. 5-6 dərs və metodik vəsaitin, həmçinin 1 monoqrafiyanın müəllifiyəm. Bununla yanaşı SCOPUS bazasına daxil olan jurnallarda 12 məqaləm dərc edilmişdir. Bir neçə ixtiram var. Elmi işlərim əsasən ağır və yüngül iş rejimində işləyən və neft-qaz sənayesində tətbiq olunan maşınlara enerji ötürən mexaniki ötürmələrə həsr edilib. Mexaniki ötürmələrin məsul elementləri kontaktda olaraq sürtünmə şəraitində işədiyindən, onların möhkəmlik və sərtliyi tam ödənilməlidir. Belə olan halda bu ötürmələr uzun müddət etibarlı iş qabiliyyətinə malik olacaq. Mənim elmi işlərim də məhz bu məsələlərin həllinə yönəldilmişdir. Mexaniki ötürmələrdə tuşoxluluğu təmin edən ikipilləli planetar reduktorun ümumi ötürmə ədədinin pillələr arasında optimal bölüşdürülməsi məsələsinin müəllifiyəm. Ötürmə nisbətinin belə optimal bölüşdürülməsi 12 % səmərə gətirərək reduktorun satınalma qiymətini aşağı salmışdır. Digər ixtiram dəniz yataqlarındakı neft-qaz quyularının kompressor qazlift istismarı sistemlərində istifadə olunan qazomotor-kompressorlara aiddir. Belə ki, səmt qazının kompressorun pillələri üzrə sıxılma təzyiqinin paylanmasının nəzəriyyəsi və hesablanmasına dair təklif olunan yeni mühəndis yanaşması porşenli kompressorların silindrlərinin hesablanması, layihələndirilməsi, texnoloji sxemlərinin hazırlanması, həmçinin yeni konstruktiv həllərin işlənib hazırlanması sahəsinə aiddir. Ən önəmli ixtiram sonsuzvint reduktorunun yeni konstruktiv quruluşunun işlənməsi olmuşdur.

– Tədris prosesində tələbələrə ən çox nəyi vurğulayırsınız? “Sənaye qurğularının dinamikası və möhkəmliyi” fənnini öyrətməyin ən maraqlı tərəfi nədir?

– Təbii ki, hər bir müəllim dərs prosesini elə idarə etməlidir ki, nə tələbəni yorsun, nə də özü yorulsun. Buna görə də mən dərs prosesində tədrislə yanaşı tələbələrə lazımlı olan digər mövzulara da toxunuram. Bu vətənpərvərlik mövzusu da ola bilər, həmçinin tələbəni maraqlandıran digər mövzular da. Tələbələrə ən çox vətəninin, millətinin və rəhbərinin ətrafında sıx birləşməyə borcu olduqlarını vurğulayıram. Həmçinin mən bir ali təhsil müəssisənin müəllimi kimi tələbələrimlə dərs prosesini elə qururam ki, tədrisimi hər kəs dərk edə bilsin. Yəni elmi dildə olan mürəkkəb dədrisi sadələşdirərək tələbələrin dərk edəcəyi şəklə salıram. Düzdür tələbələr arasında tədrisi çətin qavrayan uşaqlar da olur. Çalışıram ki, onlarla fərdi qaydada məşğul olam və oluram da. İnanın bu mənə böyük zövq verir. Bəzən çoxlu sayda kəsiri qalan tələbəyə yanaşma tərzim onda ruh yüsəkliyi yaradır və kəsirlərini tez bir zamanda bağlamağa həvəsləndirir. Bəzi hallarda ən pis oxuyan tələbələrə həvəsləndirici qiymətlər verərək onları yaxşı oxumağa həvəsləndirirəm. “Sənaye qurğularının dinamikası və möhkəmliyi” fənnini öyrətməyin ən maraqlı tərəfi əsil mühəndis yetişdirməkdir. Belə ki, sənaye qurğularının dinamikası dedikdə iş prosesində baş verən dinamiki qüvvələrin yaranma səbəbi və onların aradan qaldırılması yolları başa düşülür. Əgər maşın işləyirsə, dinamiki qüvvələrin ortaya çıxması qaçılmazdır. Ona görə də maşını təşkil edən bütün detalların möhkəmliyi elə təmin olunmalıdır ki, onlar dağılmadan bu qüvvələrə qarşı müqavimət göstərə bilsinlər. Belə olan halda maşınlar onlara qoyulan zəmanət müddətində etibarlı işləmə qbiliyyətinə malik olacaqlar.

– Bir qadın kimi texniki sahədə fəaliyyət göstərmək necə bir hissdir? Sizcə, bu sahədə Naxçıvanlı qadın tədqiqatçılar niyə yoxdur?

– Əlbətdə, mən bir Naxçıvanlı qadın kimi texniki sahədə fəaliyyət göstərməyimlə fəxr edirəm. Ona görə ki, daim tədqiqatla məşğulam və bu mənə həmişə baş ucalığı gətirib. Mən bu ixtisası seçəndə onun ağırlığını dərk edirdim. Mən bu gün qarşıma qoyduğum məqsədə nail olmuşam. Sənətimi də çox sevirəm. Əməyimin bəhrəsini hər zaman görmüşəm. Belə ki, bu gün SOCAR-ın yüksək vəzifədə işləyən kadrları arasında tələbələrim çoxdur və bu məni çox xoşbəxt edir.
Etiraf edirəm ki, texniki elmlərin çətinliyi bizim qadınlarımızı qorxudur və ona görə də bu sahədə qadınların sayı barmaqla sayılacaq qədərdir. Mən 2005-ci il mart ayının 1-də Azərbaycan Texniki Universitetində dissertasiya işimi müdafiə etdim. Sonda Dissertasiya Şurasının sədri rəhmətlik Anar müəllim çıxış edərək bildirdi ki, bu gün mart ayının 1-dir, Azərbaycana bahar gəldiyi kimi bizim ixtisasımıza da bahar gəlir. Yəni ixtisasımıza ilk qadın tədqiqatçı alim daxil olur. Zalda əyləşənlər bu çıxışı gurultuyla alğışladılar. Bu çıxışa qədər mən ixtisasın ilk azərbaycanlı qadın tədqiqatçısı olacağımı təsəvvürümə belə gətirmirdim. Qadınlarımıza tövsiyə edirəm ki, insan özünə arxayındırsa hansı sahə olursa olsun onun arxasınca qorxmadan getsə yanılmaz. Bir şərtlə ki, qətiyyətindən dönməsin.

– Naxçıvan elm və təhsil mühitindən Bakıya gəlişinizdə nələrlə qarşılaşdınız? Bu gün Naxçıvan gəncləri (xüsusilə qızlar) üçün elm yolunda hansı fürsətlər var?

– İstəyirəm Universitet həyatına necə daxil olmağımdan danışım. 1988-ci ildə İnstitutu bitirdim və 1994-cü ilədək Naxçıvan “Araz” təcrübə zavodunda mühəndis kimi fəaliyyət göstərdim. O dövrlər vətənimiz çətin illərdən keçirdi. Yəni Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra (18 oktyabr 1991-ci ildə) 91-ci ilin sonlarında artıq Beynəlxaq arenada SSRİ-nin süqutu baş verdi və bir çox zavod və fabriklər bağlandı. Həmçinin mənim də işlədiyim Naxçıvan “Araz” təcrübə zavodu fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Mən işimi dəyişməli idim. Əgər mühəndis fəaliyyətim bitərsə, ali təhsil müəssisələrində müəllim kimi çalışaram deyə özümü bu istiqamətə hazırlayırdım. İşlədiyim zavod fəaliyyətini dayandırdı və mən 1994-cü ildə üz tutdum Naxçıvan Dövlət Universitetinə. Bu universitetə laborant kimi işə qəbul edildim. Sonra 2006-cı ilədək baş laborant, lab. müdiri, müəllim və baş müəllim kimi vəzifələrdə çalışdım. 2006-cı ildə qismət belə oldu ki, biz Bakı şəhərinə köçməli olduq. Bu ərəfədə təsadüfən elmi rəhbərim professor Zahid Kərimov məni kafedrasına dosent kimi dəvət etdi. Bu mənim üçün göydəndüşmə oldu. Naxçıvan Dövlət Universitetindən ayrılanda professor İsa Həbibbəyli mənə bir söz dedi və bu günədək yaddaşımdan silinməyib. Dedi Sevda xanım sən bu universitet üçün dəryasan, indi isə dəryada damla olmağa gedirsən. Sən demə bu sözün dərin mənası var imiş. Bəli, mən 2006-cı ildə ADNSU-nun “Mexanika” kafedrasına müəllim vəzifəsinə təyin olundum. O illər mənim üçün çox ağır oldu. Belə ki, kafedrada böyük alim və tədqiqatçılarla birlikdə çalışırdım. Onlar elmin elə dərinliklərindən danışırdılar ki, mənə qorxu gəlirdi. Düşünürdüm ki, doğrudan da İsa müəllim düz deyirmiş mən buradakı dəryanın damlasıyam. Baxmayaraq ki, çox çətinliklərim oldu geri dönmədim. Mən burdayam və həmin dəryada artıq öz yerimi tutmuşam.
Mən Bakıya gələndə Dövlət tərəfindən gənclərə dəstək yeni-yeni başlayırdı. O illərdən fərqli olaraq indi Dövlətimiz təhsilə böyük sərmayələr qoyur və gənclərə təstək verərək onların təhsil almasına stimul verir. İndi elmin sirlərinə bələd olmaq üçün daha geniş imkanlar var. Müasir texnologiyanın imkanları buna sübutdur. İndiki gənclər süni intellektin imkanlarından istifadə edərək elmin daha dərinliklərinə yiyələnə bilərlər. Gənclərə, xüsusulə də xanımlara tövsiyəm budur ki, fürsəti əldən verməyin, elmi axtarışlar insanı hər zaman irəli aparır və uğur qazandırır.

– Yaxın 5-10 il ərzində hansı elmi layihələr və məqsədlər üzərində işləyir aparmağı planlaşdırırsınız?

– Son illər mancanaq dəzgahı reduktorunun ötürmə ədədinin pillələr arasında optimal bölüşdürülməsi məsələsi üzərində tədqiqat aparıram. Bildiyimiz kimi Azərbaycanın quruda yerləşən neft-qaz mədənlərində hasilatı sabit saxlamaq və enerji sərfini azaltmaq üçün geniş istifadə onunan mancanaq dəzgahlarının konstruksiyasının təkmilləşdirilməsi üçün elmi-tədqiqat və layihə işlərinin davam etdirilməsi məqsədəuyğun hesab edilir. Mövcud mancanaq dəzgahlarının enerji sərfiyyatının müəyyən hissəsi işəsalma vaxtı elektrik mühərrikinin maksimum yüklənməsi nəticəsində baş verir. Bu zaman mexaniki ötürmənin elementləri maksimum yüklənməyə məruz qalır və hissələrin yeyilmə intensivliyi artır, yorulmalar nəticəsində dağılma halları baş verir. Elementlərin yüklənməsinin qarşısının alınması əsas amillərdən biridir. Bu sahədə aparılan tədqiqatlar neft hasilatının artırılmasına xidmət edəcək.

– Azərbaycanın neft sənayesi və maşınqayırma sahəsində qadın mütəxəssislərin rolunu necə qiymətləndirirsiniz?

– Azərbaycanın neft sənayesi və maşınqayırma sahəsində qadın mütəxəssislərin rolu son illərdə nəzərəçarpacaq dərəcədə artmışdır. Xüsusilə enerji, mühəndislik, layihələndirmə, avtomatlaşdırma, informasiya texnologiyaları və idarəetmə istiqamətlərində qadınların iştirak səviyyəsi əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Bununla belə, ağır sənaye və istehsalat sektorlarında kişi əməkdaşların üstünlük təşkil etməsi hələ də davam edir. Hazırda 7000-dən artıq qadın mütəxəssis neft və qaz yataqlarının geoloji tədqiqi, texnoloji proseslərin avtomatlaşdırılması, sənaye təhlükəsizliyi, maşın və mexanizmlərin layihələndirilməsi sahələrində fəallıq göstərir. Ümumilikdə isə Azərbaycanın neft sənayesi və maşınqayırma sektorunda qadın mütəxəssislərin rolu artıq yalnız yardımçı fəaliyyətlə məhdudlaşmır. Onlar innovasiya, texnoloji inkişaf, layihə idarəetməsi və sənaye modernləşdirilməsi proseslərinin mühüm iştirakçılarına çevrilmişlər.

P.S: Sevda Əliyeva ilə söhbətimizdən aydın olur ki, elm və texnika sahəsində uğur qazanmaq üçün yalnız bilik və bacarıq yetərli deyil. Bu yolda qətiyyət, məsuliyyət, ailə dəstəyi və Vətənə bağlılıq da böyük rol oynayır. Naxçıvandan başlayaraq Azərbaycanın neft sənayesinin inkişafına öz töhfəsini verən Sevda xanım, həm də qadınlarımızın texniki elmlərdə də yüksək zirvələrə qalxa biləcəyinin əyani sübutudur.
Onun həyat yolu gənclərimiz, xüsusilə Naxçıvanlı qızlarımız üçün gözəl örnək və inam yolunun təzahürüdür.

Rafiq TƏHMƏZ
"Şərq qapısı" qəzetinin müxbiri

Digər xəbərlər