PDF Oxu

Siyasət

  • 693

“Şəhərsalmada seysmik təhlükə və riskin qiymətləndirilməsində yeni yanaşmalar”

image

Mayın 15-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Şəhərsalmada seysmik təhlükə və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusunda konfrans keçirilib.

Konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikası Fövqaladə Hallar nazirinin müavini Cəbrayıl Xanlarov, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Hidayət Məmmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədr müavini Əvəz Qocayev, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Aydın Mirzəzadə, Göydəniz Qəhrəmanov, AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Dövlətxan Dövlətxanov, “AzerGold” QSC-dən Sağlamlıq Əməyin Təhlükəsizliyi Ətraf Mühit şöbəsinin müdiri Eldəniz Bayramlı YAP Yasamal rayon təşkilatının, Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyəti, tələbələri və media nümayəndələri iştirak edib.

İlk öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

Sonra “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunmuş sərgiyə baxış keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutan konfransda Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın tarixi, mədəniyyəti və şəhərsalma mədəniyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Konfransı açıq elan edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 22 dekabr 2025-ci il tarixində imzalanmış “2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan edilməsi haqqında” Sərəncamdan irəli gələn vəzifələrin icrası istiqamətində YAP Yasamal Rayon Təşkilatı və Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.O, vurğulayıb ki, bu gün keçirilən konfrans sözügedən Sərəncamın icrası baxımından mühüm əhəmiyyət daşıyır və şəhərsalma, memarlıq, seysmik təhlükəsizlik kimi strateji sahələrdə elmi yanaşmaların təşviqinə ciddi töhfə verir. Bəxtiyar Nəbiyev tədbirin yüksək səviyyədə təşkilinə görə təşkilatçılara minnətdarlığını ifadə edib.Təşkilatı sədri diqqətə çatdırıb ki, Azərbaycan 17–22 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməyə hazırlaşır. Bu mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycan dövlətinə və onun rəhbərliyinə dünya miqyasında göstərilən yüksək etimadın bariz nümunəsidir. O, sessiyada çoxsaylı dövlət və hökumət başçılarının, eləcə də rəsmi nümayəndə heyətlərinin iştirakının nəzərdə tutulmasının ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi kimi qiymətləndirib. Bəxtiyar Nəbiyev çıxışında Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci və 1993–2003-cü illərdə şəhərsalma və memarlıq sahəsində həyata keçirdiyi sistemli və strateji tədbirləri xronoloji ardıcıllıqla diqqətə çatdırıb. 1969–1970-ci illərdə Şirvanşahlar Sarayı Kompleksində geniş elmi-restavrasiya işləri başlandı. Qeyd olunub ki,1970-ci ildə Möminə Xatun Türbəsi əsaslı şəkildə bərpa edildi, Yusif Küseyir oğlu Türbəsi restavrasiya olundu. 1970–1972-ci illərdə Atəşgah Məbədi muzey-qoruq kimi yenidən təşkil edildi. 1971-ci ildə Şəki Xan Sarayında dövlət səviyyəsində bərpa-konservasiya işləri aparıldı. 1971–1973-cü illərdə Qız Qalasında restavrasiya işləri həyata keçirildi.1972-ci ildə hal hazırda Ulu Öndər Heydər Əliyevin adını daşıdığı saray istifadəyə verildi. 1973-cü ildə Nizami Gəncəvi Məqbərəsi yenidən qurularaq açıldı.

1974-cü ildə Qobustan Tarixi-Bədii Qoruğunda dövlət mühafizəsi və elmi tədqiqat proqramları genişləndirildi. 1975-ci ildə İmarət Kompleksi Qarabağ xanlarının irsi kimi dövlət tərəfindən qorunan abidələr siyahısına daxil edildi. 1977-ci ldə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu SSRİ miqyasında ilk böyük şəhər qoruqlarından biri kimi rəsmi dövlət qoruğu elan edildi. 1978-c ildə Bülbülün Ev Muzeyi yaradıldı. 1980-ci ildə Gülüstan sarayı istifadəyə verildi. 1982-ci ildə isə Molla Pənah Vaqifin Məqbərəsinin təntənəli açılışı keçirildi, Naxçıvanda Hüseyn Cavidin ev muzeyinin istifadəyə verildi, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu yaradıldı. Üzeyir Hacıbəylinin Ev Muzeyi yenidən təşkil edildi və genişləndirildi. Ulu Öndərin birinci hakimiyyəti dövründə yeni qəsəbələrin salınması, yaşayış evlərinin tikilməsi şəhərsalma siyasətinin sosial yönümlü xarakter daşıdığını göstərən mühüm faktlar kimi qeyd olunub.

Bildirib ki, bu gün Ulu Öndərin siyasi xətti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasirləşən Bakı şəhəri və regionlarda həyata keçirilən irimiqyaslı layihələr dövlət başçısının şəhərsalma və memarlıq sahəsinə verdiyi xüsusi önəmin bariz nümunəsidir. İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri bu siyasətin strateji davamlılığını təsdiqləyir. Qeyd olunub ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə mədəni və tarixi irsin qorunması və bərpası istiqamətində mühüm layihələr həyata keçirilir. Bu fəaliyyətlər milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Cəbrayıl Xanlarov çıxış edərək qeyd edib ki, 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ölkəmizdə müasir urbanizasiya siyasətinin, milli memarlıq ənənələrinin və dayanıqlı şəhər inkişafının strateji əhəmiyyətini bir daha nümayiş etdirir. Bu il çərçivəsində həyata keçirilən tədbirlər Azərbaycanın şəhərsalma sahəsində qazandığı nailiyyətlərin beynəlxalq səviyyədə təqdim olunmasına geniş imkan yaradır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri müasir şəhərsalma konsepsiyasının ən parlaq nümunələrindən hesab olunur. Ulu Öndər Heydər Əliyev şəhərsalma və memarlığın dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilməsində müstəsna rol oynamışdır. Məhz onun rəhbərliyi dövründə Bakının və digər şəhərlərin simasında böyük dəyişikliklər baş vermiş, yeni yaşayış massivləri, inzibati binalar və mədəniyyət obyektləri inşa edilmişdir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən müasir şəhərsalma modellərindən birini formalaşdırır və yeni inkişaf mərhələsinə qədəm qoyur. Qeyd olunub ki, Cari ilin may ayının 17–22-də ölkəmizdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun və qlobal şəhərsalma siyasətində artan rolunun mühüm göstəricisidir. Bildirilib ki, “Şəhərsalma və Memarlıq İli” həm milli inkişaf strategiyasının mühüm tərkib hissəsi, həm də Azərbaycanın gələcək şəhər konsepsiyasının dünyaya təqdimatı baxımından xüsusi tarixi əhəmiyyət daşıyır.

Çıxış edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusu üzrə məruzəsində qeyd edib ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar” mövzusu müasir dövrdə xüsusi aktuallıq daşıyan mühüm istiqamətlərdən biridir. Müasir şəhərsalma siyasətində əsas prioritetlərdən biri insanların təhlükəsiz yaşayış mühitinin təmin edilməsidir. Seysmik risklərin düzgün qiymətləndirilməsi gələcəkdə mümkün təbii fəlakətlərin təsirinin minimuma endirilməsində mühüm rol oynayır. Yeni texnologiyalar və rəqəmsal monitorinq sistemləri zəlzələ risklərinin daha dəqiq analizinə geniş imkanlar yaradır. Bu yanaşmalar tikinti sektorunda təhlükəsizlik standartlarının daha da gücləndirilməsinə xidmət edir. Azərbaycanda son illər həyata keçirilən şəhərsalma layihələrində beynəlxalq təhlükəsizlik standartlarına uyğunluq xüsusi diqqətdə saxlanılır. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma prosesində də dayanıqlı və təhlükəsiz infrastrukturun qurulması prioritet istiqamətlərdəndir. Elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi bu sahədə mühüm nəticələrin əldə olunmasına şərait yaradır. Seysmik təhlükəsizliyin təmin edilməsi həm də milli təhlükəsizlik və sosial rifah məsələsidir. Bu baxımdan, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində irəli sürülən yeni yanaşmalar Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir.

Sonda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Mirzəzadə məruzə ətrafında çıxış edərək fikirlərini bölüşüb.

Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib, xatirə şəkli çəkdirilib.

Digər xəbərlər