ABŞ İranın müharibəni dayandırmaq üçün 14 bəndlik təklifinə cavab verib. Bildirilir ki, Vaşinqton xüsusilə nüvə məsələsində “təzyiq mövqeyini” davam etdirir.SİA xəbər verir ki,“Tehran Tayms” qəzeti ABŞ administrasiyasının İranın müharibənin dayandırılması ilə bağlı Pakistan üzərindən ABŞ-a çatdırdığı yazılı təklifinə cavab verdiyini yazıb. Məlumatda bildirilib ki, İranın təklifi iki mərhələli danışıqlar prosesinə əsaslanır. Bu prosesin birinci mərhələsi bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasına səbəb olacaq. İranın şərtləri yerinə yetirilərsə, nüvə məsələsi ilə bağlı danışıqların ikinci mərhələsi başlayacaq. Bununla belə, ABŞ-ın İranın təklifini rədd etdiyi və xüsusən də nüvə məsələsində “təzyiq mövqeyini” davam etdirdiyi bildirilir. İran daha əvvəl bəyan etmişdi ki, o, ABŞ-la danışıqlarda vasitəçilik edən Pakistan hökumətinə müharibəni dayandıra biləcək razılaşma üçün yeni təklif təqdim edib.Mayın 3-də İsrailin dövlət televiziyası KAN-a müsahibə verən ABŞ prezidenti Donald Tramp danışıqlarda İranın təklifini nəzərdən keçirdiyini və bunu “qəbuledilməz” hesab etdiyini, bundan sonra ABŞ Pakistan vasitəsilə İrana öz şərtlərini ehtiva edən yeni təklif təqdim etdiyini bildirib.İran da öz şərtlərini ehtiva edən yeni təklifini mayın 10-da ABŞ-a göndərilmək üçün Pakistana göndərib. Tramp İranın təklifini “onların cavabını bəyənmədim” deyərək şərh edib və hücum təhdidlərini təkrarlayıb.
Nurgün Qənizadə