Prezident İlham Əliyev: “Ümumi ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir”
Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilir. Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.
Dövlətimizin başçısı çıxışında bildirib: Qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində olmaqdan çox məmnunam. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır.
Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, mənim Qazaxıstana 8-ci səfərimdir. Prezident Tokayev isə Azərbaycana 6 dəfə səfər etmişdir. 4 il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmışdır.
Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq ənənəyə çevrilir.
Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir”.
Azərbaycan Prezidenti Bakıda keçiriləcək tədbirlərə də toxunub: “Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək.
Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək”.
İlham Əliyev qlobal tendensiyalara da diqqət çəkib: “Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.
Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır.
Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır.
Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.
Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
Rəqəmsal inkişaf sahəsində türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında “Rəqəmsal İpək Yolu” layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır”.

Azərbaycan Prezidenti türk dövlətləri ilə əməkdaşlığın güclənməsinə də toxunub: “Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.
Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış “e-Permit” sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir.
Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidentinə TDT-də səmərəli sədrliyinə görə təşəkkürünü bildirib. Özbəkistan lideri deyib: “Səmərəli sədrliyinə və təşkilatımızın beynəlxalq nüfuzunun gücləndirilməsi üçün göstərdiyi böyük səylərə görə Azərbaycan Respublikasının Prezidenti, hörmətli İlham Heydər oğlu Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qeyd edib ki, Türk Dövlətləri Təşkilatı qardaş ölkələr arasında ticarət, iqtisadi, yüksək texnologiyalar, rəqəmsal, mədəni və humanitar əməkdaşlığı gücləndirən unikal platformadır.
“Türk dünyası daim barışıq şəraitində yaşamalı və bəyan etdiyimiz məqsədlərdən yayınmadan birlikdə inkişaf etməlidir. Bu səbəbdən bugünkü görüş, şübhəsiz ki, ortaq köklərə və tarixə malik ölkələrimizin birliyini gücləndirəcək”, - deyə Qazaxıstan lideri vurğulayıb.
Tokayev, həmçinin qeyd edib ki, Türk Dövlətləri Təşkilatı geosiyasi layihə və ya hərbi təşkilat deyil, onun inkişafı isə Qazaxıstanın milli maraqları nöqteyi-nəzərindən açıq şəkildə faydalıdır.
Qırğızıstan Prezidenti isə qeyd edib ki, Türk dövlətləri qlobal texnologiya xəritəsində güclü mərkəzə çevrilə bilər: “Türk dövlətlərinin birliyi və onların ortaq innovativ potensialı yeni iqtisadi imkanlar açacaq və regionun qlobal texnologiya xəritəsində güclü bir mərkəz kimi mövqeyini gücləndirəcək.
Birgə səylərimiz bilik mübadiləsi və texnoloji inteqrasiya yolu ilə müasir dünyanın çağırışlarını həll edə bilər. Nəqliyyat dəhlizlərini rəqəmsal platformalarla birləşdirə bilsək, türk dövlətləri qlobal yükdaşımaları sistemində mühüm rol oynaya biləcəklər”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, inkişaf edən Türk dünyası məqsəddir: “Gələcəyin dünyasında daha çox söz və təsir sahibi ola bilmək üçün xüsusilə texnologiyada əməkdaşlığımızı ən üst səviyyəyə çıxarmaq məcburiyyətindəyik. Zirvəmizin "Süni intellekt və rəqəmsal inkişaf" mövzusu ilə reallaşdırılmasını bu baxımdan çox uğurlu hesab edirəm. Gələcəyə istiqamət vermək nöqtəsində, rəqəmsallaşaraq inkişaf edən Türk dünyası düşüncəsini mənimsəməyimiz böyük önəm daşıyır.
Bu məqsəd keyfiyyətli insan resursu, güclü rəqəmsal infrastruktur və dataəsaslı ictimai idarəetmə anlayışı üzərində inşa edilməli, Türk dünyası arasındakı əlaqələr qüvvətləndirilməlidir. “Ölkələrimiz arasında ortaq texnologiya layihələrinin inkişaf etdirilməsi, heç şübhəsiz, bu vizyonu dəstəkləyəcək. Rəqəmsal transformasiya prosesində geri qalmağımızın müstəqilliyimizi də təhdid edən bir ünsür olacağının fərqindəyik. Süni intellektin bir hökmranlıq vasitəsinə çevrilməməsi üçün bu mövzuya doğru bir yanaşma ilə fürsət pəncərəsindən nəzər salmalıyıq”.
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman təhsil sahəsində əməkdaşlığa toxunub: “Biz ali təhsili yalnız iqtisadiyyata töhfə verən bir sektor olaraq görmürük. Universitetlərimiz, eyni zamanda, dünya ilə qurduğumuz ən güclü körpülərdən biri olaraq Kipr Türk xalqının beynəlxalq birliklə inteqrasiyasını, fərqli xalqlar və mədəniyyətlərlə qarşılıqlı əlaqəsini təmin edən hərəkətverici qüvvələrdən biridir”.
Bu gün ölkələrində 23 universitetin fəaliyyət göstərdiyini diqqətə çatdıran Tufan Erhürman deyib: "Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən gələn tələbələrimizin sayının hər gün daha da artmasını olduqca əhəmiyyətli hesab edirik. Türkiyədən gələn tələbələrimizlə yanaşı, Qazaxıstandan 829, Azərbaycandan 466, Qırğızıstandan 259 və Özbəkistandan 152 tələbə hazırda ölkəmizdə təhsil almaqdadır. Dost və qardaş ölkələrimizdən gələn tələbələrə verdiyimiz təhsil, əlbəttə ki, dövlətimizin dəstəyi ilə davam edir".

Görüşdən sonra TDT-nin qeyri-rəsmi Zirvə görüşünün iştirakçıları Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak ediblər. Bildirilib ki, layihə türk xalqlarının zəngin tarixi, mədəni və mənəvi irsinin qorunub saxlanmasına, öyrənilməsinə və təbliğinə yönəlib. Ən qabaqcıl standartlara uyğun inşa ediləcək mərkəzin əsas ideyası türk sivilizasiyasının dünya tarixində özünəməxsus yeri, dərin fəlsəfəsi və dövlətçilik ənənələri olan böyük sivilizasiya olduğunu nümayiş etməkdir.
Sonra “GovTech” rəqəmsal həllərin təqdimatı keçirilib. Qazaxıstanda süni intellektin inkişafı ilə bağlı həyata keçirilən layihələr barədə qonaqlara məlumat verilib. Eyni zamanda qeyd edilib ki, türk dövlətləri arasında, həmçinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Göründüyü kimi, türk dövlətləri arasında bütün sahələrdə əməkdaşlıq və inteqrasiya güclənir. Lakin qeyd edildiyi kimi, potensial daha böyükdür və bundan sonra təşkilat üzvləri arasında daha yüksək səviyyəyə qalxacaq. Avropadan Çinə qədər olan ərazini əhatə edən TDT dünyanın siyasi və iqtisadi proseslərində aparıcı mərkəzlərdən birinə çevrilə bilər. Avrasiyanın mərkəzində yeni bir güc mərkəzi peyda olub və digər oyunçular artıq bu təşkilatla hesablaşmağa məcbur olacaq. TDT-nin güclənməsi və qlobal nüfuzunun artması həm ölkəmizin, həm də üzv ölkələrin qüdrətlənməsinə töhfə verəcək.
Azərbaycan türk dünyasının mərkəzində yerlşir. Bu strateji mövqe ilə yanaşaı həm də Azərbaycan Prezidentinin apardığı siyasət ölkəmizin qlobal nüfuzunu artırır və türk ailəsinin mərkəzində dayanan bir güc mərkəzinə çevirir.
Elçin Bayramlı