Son dövrlərdə sürətlə artan xəyali zəng sindromu mütəxəssislərin ciddi surətdə diqqətini çəkib. Xəyali zəng sindromu — insanın vaxtaşırı, heç bir əsas olmadan sanki zəng səsi eşitməsidir. Müxtəlif əsəb xəstəlikləri olan və ya stress keçirən insanlar bu halı hətta hallüsinasiya kimi qəbul edərək psixoloq və psixiatrlara müraciət edirlər.
"Bu sindrom keçirilən hər hansı bir stres nəticəsində orqanizmin sensor həssaslığının arması kimi ortaya çıxır. Məlum olub ki, bu sindromdan əziyyət çəkənlərin 60 %-i bir müddət əvvəl mühüm və həlledici zəng gözləyib və bu zəng əsasən xoşagəlməz bir halla bağlı olub. Maraqlıdır ki, həmin insanlar sonralar da xoşagəlməz bir vəziyyət və ya söhbət zamanı bu sindromu yenidən hiss ediblər. Və həmin anlarda mənfi emosiyalar yaşamış və bunu gizlətməyə məcbur olublar. Belə ki, güclü neqativ emosiyaların basılması bu sindromu yaradan şərtlərdəndir. İnsanın keçirdiyi stres orqanizmin sensor həssaslığını hədsiz artırır və bu da öz növbəsində sağlamlığa öz mənfi təsirini göstərir”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun sözlərinə görə, xəyali zəng sindromu çox vaxt yüngül hallarda öz-özünə keçir. Yalnız 40 % hallarda isə kənar müdaxilə lazım gəlir. Belə ki, bu hal 1 həftə və ya daha artıq bir zaman davam edərsə, bu orqanizmin əsəb sisteminin hədsiz zəiflədiyindən xəbər verir. Təbii ki, belə hallarda psixiatr və psixoloq yardımından faydalanmaq vacibdir.
Y.Əsgərova əlavə olaraq qeyd edib ki, son illər ərzində xəyali zəng sindromundan əziyyət çəkənlərin sayı artmaqdadır. Xəyali zəng sindromundan əziyyət çəkənlərə elə gəlir ki, kimsə zəng vurur. Evdə olarkən tez-tez qulaqlarına şəhər telefonunun və ya mobil telefonun zəngi gəlir. Qaçaraq ev telefonunun dəstəyini götürürlər. Lakin heç kimin zəng etmədiyinin şahidi olurlar. Bu sindromun qurbanları evdən kənarda da nəqliyyat vasitəsində gedərkən və ya sadacə gəzərkən də mobil telefonun zəng çaldığını düşünürlər. Dərhal mobil telefonu cibindən və ya çantasından çıxarıb telefonu yoxlayırlar. Lakin nə buraxılmış zəng, nə də mesaj tapmırlar. Bu hal mütəmadi baş verir və ağır hallarda uzun müddət sürür.
"Bir sıra mütəxəssislər – otorinolarinqoloq və auidioloqlar bu qənaətə gəliblər ki, xəyali zəngləri eşitmə iri şəhərlərdə, səs-küyün çox olduğu yerlərdə eşitmə analizatorun reseptor aparatın qıcıqlanması ilə bağlıdır. Belə ki, çox səs-küylü yerlərdə çox adam yalançı səslər eşidir. Bu ona görə baş verir ki, müasir həyatda daim informasiya qəbulundan yorulan beyin müvəqqəti səssizlik şəraitində səs eşitməyə başlayır. İnsanların daim zəng, internetdə yazışarkən mesaj səsini gözləməsi, oxşar səs eşidən kimi bunu zəng səsinə bənzətməsi ilə nəticələnir. Həm də insan özünü lazımlı və vacib hiss etmək istəyir. Bu səbəbdən də insan zəngi gözləyir. Zəng gəlməsə belə, telefonu açıb yoxlayır, elektron poçtasını və çatı tez-tez açıb baxır. Bu da sonda xəyali zənglərin eşidilməsi ilə nəticələnir", - deyə Y.Əsgərova bildirib.
Afət Tahirqızı
Balet ayaqqabıları geri qayıdır...
Hər şey ana qayğısından asılıdır...