İstəsək də, istəməsək də, yağış yağır, yağacaq da. Çünki biz hər işə qarışsaq da, Allahın işinə qarışa bilmərik. Yaz və payız aylarında isə yağışın yağması, hətta günlərlə yağması o qədər təbii haldır ki... Buna təbii fəlakət adı qoyanların səhv fikirdə olduğu qədər.
Bakıda yağışın yağmasını arzu etməyənlərin sayı arzulayanların sayından qat-qat çoxdur. Arzulayanlar bunu ona görə istəyir ki, yağış bu çirkli şəhərin kirini-pasağını yuyub aparsın, toz-torpaq bir az da olsa, aradan qalxsın. Təmiz havanı heç olmasa, 365-in bicə, ikicə günündə ciyərlərinə çəkə bilsinlər.
Arzulamayanlar isə ona görə yağışı istəmir ki, necə deyərlər, paxırları açılacaq: kanalizasiya sistemi sıfır vəziyyətdə olan şəhəri su basacaq, aləm bir-birinə qarışacaq və onların yaxasından tutub bu şəhərin abadlığı, yağış sularının axıdılması, kanalizasiya sisteminin qurulması üçün ayrılan vəsaitin hara getdiyini, bu şəhərin nə üçün bu gündə olduğunu soruşan olacaq.
Lakin təəssüf ki, yağış yağır, bu gözəl şəhərimiz yağışda çimir, yağış suları özünə yol tapa bilməyib insanları, maşınları qarşısına alıb aparır, hətta onların həyatına belə qəsd edir, amma bu şəhərin dərdinə dərman olacaq qurum elə yerindəcə sayır.
Bir yağış bitir, “şükür”,- deyib, o biri yağışadək “azadlığa” çıxır və gecə-gündüz Allaha yalvarır ki, bu şəhərə yağış yağmasın.
Allahın da böyüklüyünə şükürlər olsun. O da sanki bu insanların qəsdinə dayanıb. Aparıb yağışı rayon və kəndlərə yağdırmır. Camaat kəndlərdə bəzən müsəllaya çıxır ki, yağış yağsın, əkin-biçinləri susuz qalmasın. Lakin nə fayda? Yağış kəndlərə yox, Bakıya yağır.
Bunun üçün Allahı da qınayar həmin qurumlar. Qınayar ki, ay Allah, bu şəhərdə kartof, soğan, buğda, pambıq əkən var, yağdırma da bu şəhərə yağışını, apar kim istəyir, ora yağdır, nə olar...
Lakin Allahın ulduzu o insanlarla barışmır ki, onun işinə qarışır. Belə olanda Allah qəzəblənir və bəndəsinə elə bir dərs verir ki, o dərsi həyatda başqa heç kimdən ala bilmir.
Elə bax Bakıya yağan yağışlar kimi. Noyabrda yağdı, nəticələrini gördük. Bakı suyun içərisində üzdü. Sonra qurulandı, bir təhər çıxdı vəziyyətdən. Bu nə üçünsə dərs olmadı. Qarşıdan qış gəldi, aid qurumlar qış yuxusuna getdi, dedi yağış yağmaz artıq. Ta düşünmədir ki, axı bu qışın sonrası yaz olacaq, yaz yağışları isə daha güclü olacaq.
Budur, dünən yenə də yağış yağdı, bu şəhər yenə də iflic vəziyyətə düşdü. Yollar bağlandı, su hər yeri basdı, küçələri keçilməz etdi. Aid qurumlar üçün qara xəbər olsa da, yağış yağdı və gördük ki, həmin qurumlar əsla bir iş görməyib. Görmədikləri üçün də bu yağışın adını yenə qoydular təbii fəlakət.
Maraqlıdır, biz dünyanın ən çox yağış yağan şəhərində yaşasaydıq, aid qurumlar həmin bölgənin adını nə qoyacaqdı-fəlakətlər şəhərimi?
Yaxşı, ötən yağışlarda çəkdiyimiz əziyyətlərin hamısını bağışlayaq, Heç olmasa, aid qurumlar son yağışdan sonra oyansınlar. Bu yağış onlara dərs olsun. Bu şəhərə heyfləri gəlsin, onu sulara qərq etməsinlər. Bu şəhərin insanlarına da rəhm etsinlər. Təpədən dırnağa su olan, özü üçün sudan xilas vasitələrini artıq toplamağa, ehtiyat yaratmağa çalışan insanlara...
Mətanət Məmmədova