PDF Oxu

Sosial

  • 1 571

Ə, bunu ChatGPT alıb ey...

image

Ötən həftənin bazar günü, yəni avqustun 3-ü Dünya Qarpız Günü idi. Bunu Tiktok-dan öyrənən Alməmməd, deyir, o gündən uşaqlar məndən qarpız istəyib. Durum gedim bir qarpız alım, gəlim evə, deyim ki, bax, qarpız günü münasibətilə bu da qarpız.

Çıxır, gedir küçənin başına ki, orada hər gün işdən qayıdanda gördüyü qarpız maşınına yaxınlaşsın, satıcıdan yalvar-yapış etsin ki, ə, mən ölüm, özün birini seç, ver, mənim bildiyim iş deyil bu. Nə qədər qarpız alıram, aparıram, evdə danlaqdan başqa heç nə eşitmirəm.

Elə bu fikirlərlə addımlayır ki, birdən qarşısına qonşusu Bəyməmməd çıxır. Ə, Alməmməd hara gedirsən?

Alməmməd də bayaqdan mən sizə söylədiklərimi Bəyməmmədə danışır. Bəyməmməd də deyir ki, ay Alməmməd, sən doğrudan da keçən əsrdə qalmısan. Ə, gün açılandan gün batanadək vaxt tapan kimi Tiktokdasan, niyə sənin dünyadan xəbərin yoxdur...

Alməmməd gözlərini döyə-döyə Bəyməmmədə baxır, bunun nə dediyini anlamağa çalışır. Lakin Alməmməddə bu baş nə gəzir.

Bəyməmməd də görür ki, Alməmmədin anlamaqdan əsla nəsibi yoxdur, başlayır söhbətə: ə, Alməmməd, indi nə dövrdür ki, sən özün qarpız seçirsən? Ə, yazıq, indi hansı dövrdür ki, sən gedib, satıcıdan xahiş edirsən, o da özünü çəkir qoyur dağın başına... Ə, ChatGPT nə işə yarayır bəs?

Alməmməd bu dəfə gözlərini bərəldib fikrə gedir. Sanki gözləri həlqəsindən çıxacaq bu saat. Deyir, ay Bəyməmməd, ChatGPT-nin qarpızla nə əlaqəsi?

Bəyməmməd özünü Alməmmədin başına bir qapaz endirməkdən zorla saxlayır və deyir:

-Ə, zalımın oğlu, bəs indi hamıya qarpızı ChatGPT alır da, sənin bəs nə vaxt xəbərin olacaq dünyadan?

Alməmmədin bu dəfə gözləri lap başına qalxır: ə, nə danışırsan?

Bəyməmməd də heç haqqında danışdığı satıcılardan geri qalmır, elə qürrələnir ki, deyərsən bəs alçaq dağları bu yaradıb:

-Bəs nə, ə, qarpızların şəklini çəkirsən, atırsan ChatGPT-yə, o, seçir, sən də alırsan. Neçə dəfə belə almışam, aparıb kəsmişik, ailəliklə ChatGPT-nin canına dua etmişik. Ə, necə olub ki, bu, Tiktokda sənin qarşına çıxmayıb? Axı başına daş düşməsin, Tiktokda bilirsən də nələrə baxırsan, ona görə də onlardan başqa heç nə çıxmır qarşına.

Alməmməd bunu eşidəndə bir qədər qürrələndi, sanki çox böyük bir iş bacardığından Bəyməmmədin də xəbərinin olmasının sevincini yaşadı... Və Bəyməmmədə:

-Ə, qardaş bunun sirrini mənə də öyrət, sən balalarının canı.

Birlikdə yolandılar qarpızsatanlara tərəf.

Bəyməmməd qarpızların şəklini çəkdi, göndərdi ChatGPT-yə. Birazdan ChatGPT-dən cavab gəldi. Qarpızı alıb evə tərəf qayıtdılar. Bəyməmməd Alməmmədə dedi ki, apar kəs, ye, mənim qiymətimi ver.

Alməmməd sevincək evə qaçdı. Xüsusi bir qürrə ilə, ay arvad, qarpızı kəs. Arvadı da həvəssiz qarpızı mətbəxə apardı. Çünki ərinin səriştəsiz olduğunu dəfələrlə görmüşdü. Qarpızı yudu, kəsdi və gördü ki, qıpqırmızı, təptəzə. Necə çığırdısa, bir saniyənin içərisində evdəki uşaq-böyük hamısı mətbəxə qaçdı ki, ay aman, nə oldu.

-Baxın, görün nə gözəl qarpızdır.

Alməmməd yenidən bir də qürrələndi. Görürsünüz, nə gözəl qarpız almışam.

Hamı Alməmmədi alqışladı, təriflədi, Alməmmədin də qoltuqları qarpızlandı.

Səhəri gün Alməmmədin həyat yoldaşı qarpızın da qabıqlarından ibarət tullantını atmağa gedəndə Bəyməmmədin həyat yoldaşı ilə qarşılaşır və Bəyməmmədin ona danışdığı qarpız əhvalatını Alməmmədin arvadına çatdırır.

Alməmməd iki-üç gün sonra yenə qarpız alanda və qarpız qıpqırmızı çıxanda və Alməmməd yenə qürrələnəndə arvadı deyir ki, ay Alməmməd, heç də qürrələnmə, bu qarpızları bizə sən yox, ChatGPT alır. Səndə haradadır bu bacarıq...

Alməmmədi qısa sürən xoşbəxtlik tərk edir.

Bütün ailə ChatGPT-nin canına dualar edir, onun başları üzərindən əskik olmamasını arzulayır.

Mətanət Məmmədova

Digər xəbərlər