PDF Oxu

Sosial

  • 630

Göydələnlər, göydələnlər...

image

İndi bütün böyük şəhərlərdə göydələnlər ucalır. Göz uzandıqca ucalan, şəhərləri bəzəyən, müasir görkəminə bir qədər də gözəllik qatan göydələnlər. Bu binalar həm yaşayış, həm də ofis binalarıdır. İnsanın ayağını yarandığı torpaqdan üzüb onun göylərə doğru çoxmərtəbəli mənzillərdə yaşamasına, ofislərin nə bilim, neçənci mərtəbəsində çalışmasına səbəb olan göydələnlər...

Onlar həqiqətən də gözəl görünüşə malikdir. Hər bir şəhərin müasir memarlıq üslubuna yeni bir çalar qatır. İnsanlar bu hündürmərtəbəli evlərdə yaşamaqla, ofislərdə çalışmaqla özlərini xoşbəxt hiss edirlər. Çünki bu bunların pəncərələrindən gözəl panoram açılır. Dəniz, yaşıllıqlar, şəhərin ümumu mənzərəsi və sair bu binalardan başqa cür görünür.

Yəqin bütün bu gözəlliklər nəzərə alınıb ki, hər il sentyabr ayının 3-ü Ümumdünya Göydələnlər Günü kimi qeyd olunur, bu xüsusi gün insanları hündür binaların memarlıq nailiyyətlərini və şəhərin siluetinə verdiyi təsirini, göydələnlərin əzəmətli quruluşunu qiymətləndirməyə və onların şəhərlərin inkişafındakı əhəmiyyətini anlamağa təşviq edir.

Bu gün həm də dünyanın müxtəlif yerlərindəki göydələnləri araşdırmaq, onlar haqqında öyrənmək və ya göydələnlərin fotoşəkillərini çəkmək kimi fəaliyyətlərlə dolu bir gün kimi qeyd olunur. Göydələnlərin müasir şəhər həyatına qatdığı dinamizmi və ilhamverici gözəlliyi vurğulayan bu xüsusi gün müasir memarlıq və şəhər haqqında məlumatlılığı artırmaq məqsədi daşıyır.

Lakin göydələnlər hər hansı şəhərin rahatlığını, yaşıllığını əlindən almamalıdır. Onlar bütün bunlara xələl gətirməyəndə gözəl və heyrətamiz olurlar. Elə götürək Bakımızı. Çox az yaşıllığı olan Bakımızı. Betonlaşdırıblar bu şəhəri sahibkarlar, arxitektorlar, inşaatçılar, mühəndislər, xüsusilə də şirkət sahibləri. Fikirləri qalıb hündür mərtəbəli binaların təcili tikilməsində ki, satışını həyata keçirələr, mənfəətlənələr. Bu şəhərin qoynuna gündən-günə hündürmərtəbəli binalarla “beton naxışlar” vururlar. O qədər “naxış” ki, yan-yana, nəfəs-nəfəsə binalar sanki bir-birinin üstünə yıxılacaq...

Günəşə doğru yol alır bu binalar. Günəşin də gücü çatmır dan yerindən boylanıb bu şəhəri işığına, istisinə bürüməyə. Qoymur göydələnlər, çoxmərtəbələr, arxasında, qarşısında gizlədir Günəşi. Nəfəs-nəfəsə binalar pəncərəmizdən əlimizi uzatsaq qonşunun pəncərəsinə çatacaq dərəcədədir. Kəsiblər insanların pəncərəsinin qarşısını bu binaları inşa edənlər. Təmiz havadan, gün işığından məhrum ediblər onları. Pəncərələrindən yalnız betonlara baxmağı nəsib ediblər bu şəhərin sakinlərinə...

Nə bitir bu betonlaşma, nə də tükənir. Yağışdan sonrakı göbələklər kimi artır hər gün, hər saat. Betonlaşır bu şəhər, rəngli-rəngli betonlardan ibarət olur. Sağımız beton, solumuz beton, yolumuz beton, qarşıda beton, döngədə beton, nə qədər beton axı...

Bu şirkətlər tikintini planlaşdıranda-ağacları kütləvi şəkildə qırıb, yerində bina ucaltmağa başlayanda o layihələrə baxanlar olubsa, hər birində abadlıq, yaşıllaşdırma ilə bağlı hissəni də görüblər. Lakin beton mərtəbələr səmaya yüksəldikcə, yaşıllıqlar o mərtəbələrdən çox-çox aşağılarda unudulmuş rəngə, yada düşməyən işə çevrilir. Bir təhər, alayarımçıq istifadəyə verilən binalarda şirkət sahiblərini tapa bilmirsən ki, sözünü deyəsən. Yoxa çıxırlar, gözə görünmürlər. Axı haqsızdırlar, işləri yarımçıqdır. Əksər çoxmərtəbəli binaların layihəsi yarımçıqdır, sakinlər narazıdır. Həyətlərdə nə oturmağa bir oturacaq qoyulub, nə uşaqların əylənməsi üçün qurğu. Nə də bir yaşıllıq salınıb.

Son illərdə Memarlıq və Arxitektura Komitəsi tərəfindən qaydaların hazırlanmasına və ümumi tikintinin 25 faizindən az olmayaraq yaşıllıqların olması tələbinə baxmayaraq sahibkarlar 1 santimetrə də qənaət edərək ondan gəlir qazanmaq uğrunda mübarizə aparırlar. Onlar yeni binalar inşa etməklə yeni mənfəətlər ardınca gedirlər. Arxada qalan yarımçıq işləri isə sakinlər özləri tamamlamalıdır yəqin.

Bax göydələnlər gözəldir, füsunkardır. Lakin yaşıllığı əlimizdən almayanda, pəncərəmizin qarşısına dikilməyəndə... Elə Göydələnlər günündə bu məsələləri bir də yada salaq. Salaq ki, anlayaq, hündürmərtəbəli binalar bizim yaşıl rəngimizi əlimizdən almamalıdır, pəncərəmizin qarşısına dikilib günəşi evlərimizdən, oksigeni ciyərlərimizdən qovmamalıdır.

Bəlkə düşünəsiniz bu barədə, göydələnləri ucaldanlar...

Mətanət Məmmədova

Digər xəbərlər