PDF Oxu

Sosial

  • 1 102

"Yeni Büdcə Fondu ictimai nəqliyyatda xidmət keyfiyyətini yüksəldəcək" - EKSPERT ŞƏRH ETDİ

image

"Prezident İlham Əliyevin imzaladığı fərmanla "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondunun yaradılması çox önəmli addımdır. Çünki ölkəmizdə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsində bir sıra mövcud problemlər var: köhnəlmiş avtobus parkı, bəzi marşrutlarda sıxlıq, həmçinin xidmət keyfiyyətində bərabərsizlik. Yeni fondun yaradılması bu problemlərin həllində sistemli yanaşmanı təmin edəcək". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.Onun sözlərinə görə, fond vasitəsilə ictimai nəqliyyatın maddi-texniki bazası gücləndiriləcək. Bu isə müasir, ekoloji baxımdan təmiz avtobusların alınması, onların texniki xidmətinin yüksəldilməsi deməkdir: "Digər tərəfdən, marşrut şəbəkəsinin optimallaşdırılması və yeni texnologiyaların tətbiqi - məsələn, vahid ödəniş kartı sisteminin təkmilləşdirilməsi, GPS izləmə mexanizmlərinin genişləndirilməsi - sərnişinlərin rahatlığına birbaşa təsir göstərəcək. Bundan əlavə, fondun vəsaitləri sürücülərin peşəkarlıq səviyyəsinin artırılması üçün təlimlərin keçirilməsinə də yönəldilə bilər. Çünki sərnişin daşımada xidmət mədəniyyəti və təhlükəsizlik ən az texniki yeniliklər qədər vacibdir. Qısaca desək, bu fondun yaradılması ictimai nəqliyyatın təkcə paytaxtda deyil, bölgələrdə də keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq. Əgər vəsaitlər düzgün idarə olunarsa, yaxın illərdə Azərbaycanda ictimai nəqliyyat sistemi həm daha müasir, həm də sərnişinlər üçün daha əlçatan olacaq. Bu da nəqliyyatda vahid standartların formalaşmasına və vətəndaşların gündəlik həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcək".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər