"Uşaqlarda iştahsızlıq statistika və müşahidələrə görə son illərdə daha çox hallanır və bunun həm modern həyat tərzi, həm də valideyn davranışları ilə bağlı çoxsaylı səbəbləri var". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.Onun sözlərinə görə, uşaqlarda iştahsızlığın artmasının əsas səbəblərindən biri qida mühitinin dəyişməsidir: "Hazır qidalar, paketlənmiş qəlyanaltılar, rəngli şirniyyatlar və qazlı içkilər əvvəlki illərə nisbətən daha əlçatan olduğuna görə bu qidalar yüksək şəkər və dad gücləndiriciləri daşıdığından uşaqların dad reseptorlarını “şərtləndirir” və adi ev yeməyi onlara dadsız gəlir.Digər mühüm səbəb ekran və texnologiya istifadəsidir. Yemək vaxtı telefon, planşet və ya televizordan istifadə edən uşaqlarda beyin yeməyə fokuslanmır, toxluq–aclıq siqnalları düzgün işləmədiyi üçün yemək zamanı davranış pozuntuları yaranır. Bundan başqa, stress və yuxu rejiminin pozulması da təsir göstərir. Uşaqların gec yatması, məktəb yükü və gündüz yuxusunun olmaması metabolizm və hormon balansını pozur. Leptin–qrelin, yəni aclıq–toxluq hormonlarının tarazlığı pozulduqda isə iştaha azalır.Hərəkətsiz həyat tərzi də mühüm rol oynayır. Uşaqlar həyətdə və ya açıq havada az olduqda, məktəb–ev arasında daim oturaq həyat tərzi sürdükdə enerji sərfiyyatı azalır. Enerji sərf etməyən uşaqda acma siqnalları da zəifləyir.Valideynlərin buraxdığı səhvlər isə problemi daha da artırır. Uşağı yeməyə məcbur etmək, yeməyi ekran qarşısında yedirmək, yeməklər arasında çox qəlyanaltı vermək, porsiyanı uşağın yaşından artıq təyin etmək, daim eyni qidaları təklif etmək, yemək vaxtını qeyri-stabil saxlamaq və uşağın rəyini, istəyini və müstəqilliyini nəzərə almamaq iştahsızlığın davamlı olmasına səbəb olur".
Müəllif: Günel Fərzəliyeva