Uzun müddətdir ki, müəyyən şəxslərin qadağan olunmuş cihazlardan sitifadəyə kömək etməklə abituriyentlərin buraxılış və yaz qəbul imtahanlarına kömək etmələri barədə sosial şəbəklərdə və media orqanlarında məlumatlar paylaşılır, yazılar dərc olunurdu. Dövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarındakı qayda pozuntularının detallarını açıqlayıb. Məlumatda qeyd edilir ki, iş üzrə təqsirləndirilən şəxslər - Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər: “Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər. Bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə kəsilərək genişləndirilib. Beləliklə kənardan baxılanda ayaqqabının altlığında kənar əşyaların olmasını girişdə müəyyən etmək mümkün olmayıb”.
Məlumatda qeyd olunur ki, abituriyentlər daha sonra sanitar qovşağa gediblər (qaydalara əsasən imtahan başlayana qədər iştirakçıların təbii ehtiyaclarını ödəməsinə imkan yaradılır). Orada onlar qulaqlığı xüsusi çubuq vasitəsilə qulaqlarına, kameranı köynəyin düymə hissəsinə, ötürücü cihazı xüsusi yapışqan vasitəsilə çiyinlərinə, internet paylacı cihazı isə ayaqqabının daban hissəsinə yerləşdiriblər: “Daha sonra sinif otağına qayıdıblar və imtahan başlayandan sonra üzərlərində olan kameranı kitabçaya tutmaqla görüntünü qarşı tərəfə ötürüblər. Qarşı tərəf isə öz telefonunda olan xüsusi proqram vasitəsilə görüntüləri canlı şəkildə əldə edib. Cavablar isə üzərində "vip smart" sözləri yazılmış nazik plastik karta oxşayan və üzərində hər hansı düymə və s. olmayan telefona zəng etməklə bildirilib. Belə ki, kartın üzərində olan nömrəyə zəng gəldikdə avtomatik telefon açılır və zəng edən şəxsin səsi eşidilir”.
İlham