Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərinə daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.AYNA-dan SİA-ya bildirilib ki, 2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 495 marşrut reysi üzrə müsabiqələr keçirilib.Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC Sunray”, “Qazel NEXT”, MAN, TEMSA HD 12, “Hyundai County”, “Golden Dragon” markalı 131 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən ölkənin digər şəhər və rayonlarına şəhərlərarası daşıma üzrə avtobus parkının 40 faizi yenilənib.Avtobuslardan 24-ü 2023, 38-i 2024, 69-u isə 2025-ci ildə istismara buraxılıb. Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96 faizi “biletim.az” portalına qoşulub.