Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında seçicilərlə növbəti görüşünü keçirib. Görüşdə Sumqayıt şəhərindən olan vətəndaşlar iştirak edib, onları narahat edən sosial, məişət, məşğulluq, kommunal xidmətlər, eləcə də digər aktual məsələlər diqqətlə dinlənilib.
Deputat Elnarə Akimova hər bir müraciətə fərdi yanaşıldığını bildirib, qaldırılan məsələlərin bir hissəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yerindəcə həll edildiyini qeyd edib. Araşdırma və əlavə müdaxilə tələb edən müraciətlər isə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına yönləndirilib və nəzarətə götürülüb. Deputat bu məsələlərin icrasının diqqətdə saxlanılacağını və nəticələr barədə vətəndaşlara məlumat veriləcəyini vurğulayıb.
Görüş zamanı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, regionların inkişafı, təhsil və mədəniyyət sahəsində görülən işlər, həmçinin vətəndaşları maraqlandıran qanunvericilik yenilikləri barədə də fikir mübadiləsi aparılıb. Elnarə Akimova bildirib ki, seçicilərlə mütəmadi ünsiyyət qurmaq, onların problemlərini birbaşa dinləmək deputat fəaliyyətinin əsas prioritetlərindəndir.
Sonda vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Deputat isə seçicilərin müraciət və təkliflərinin bundan sonra da daim diqqətdə saxlanılacağını, onların həlli istiqamətində imkanlar daxilində bütün zəruri addımların atılacağını qeyd edib.