PDF Oxu

Sosial

  • 1 546

Azərbaycanda çoxnikahlılığa icazə verilə bilərmi? - KULTUROLOQ AÇIQLADI

image

"Azərbaycan Avropa dövlətləri sırasında və dünyanın qabaqcıl ölkələri sırasında öz yerini möhkəmləndirdikcə, daxildə çox qəribə polemikalar və diskusiyalar gedir. Dünyanın bir çox ölkələrində isə bu məsələyə artıq ötən əsrdə nöqtə qoyulub. Azərbaycanda da çoxnişanlı, çoxevlilik məsələsinə qanuni baxımdan qadağa qoyulub". Bu sözləri SİA-ya açıqlamasında kulturoloq Aydınxan Əbilov deyib.

Onun sözlərinə görə, hazırda bəzi insanlar, hansı ki mənəviyyatında problemlər var və cəmiyyət onları tanıyır, tez-tez bizi VIII-IX əsrin Ərəb dünyasına aparmaq istəyirlər:

"O dövrdəki müharibələr və digər səbəblərə görə çoxnişanlılıq məqbul sayılırdı. Amma sonralar həm sivil cəmiyyətlərdə, həm inkişaf etmiş dövlətlərdə, həm də ziyalılar, yazıçılar, şairlər və marifəperver insanlar arasında böyük mübahisələr oldu və bu problem aradan qalxdı. Müsəlman Şərqində çoxnişanlılıq daha çox kişilərə üstünlük verən bir anlayışdır. Yəni, bir kişi dörd qadınla evlənə bilər, amma bir qadın dörd kişi ilə evlənə bilməz. Uzaq Şərq ölkələrində isə bəzi qəbilələrdə əksinədir: orada bir qadın dörd kişi ilə evlənə bilər və qadınların cəmiyyətdə idarəçilik rolu önəmlidir. Əgər insanlar düşünürlərsə ki, bir kişi dörd qadınla evlənə bilər, onda öz qadınlarının da dörd kişi ilə evlənməsini qəbul etməlidirlər. Biz gender bərabərliyindən və cinsi hüquqlardan danışırıqsa, bunu da qəbul etmək lazımdır. Əks halda, kişinin bir qadınla rəsmi nikaha girməsi məqbul sayılır. Yana münasibətlər var, olub və bundan sonra da olacaq. Araşdırmalar göstərir ki, ailə daxili və ailə xarici münasibətlər, həm intim, həm də dostluq münasibətləri ailəni möhkəmləndirə bilər.

Amma bizim cəmiyyətdə bir kişinin əlavə rəsmi və ya dini niqaha girməsi məqbul sayılır, qadınların isə sevgilisi və ya əlavə münasibəti olduqda buna düşmən gözü ilə baxılır. Ümumiyyətlə, rəsmi niqah, dini niqah və ictimai nikah məsələləri mübahisəlidir və son illərdə bu barədə çoxlu müzakirələr aparılıb. Azərbaycan cəmiyyəti bu mövzuda açıq diskusiya aparmağa hazır olmalıdır. Rəsmi niqahla yanaşı dini və ictimai niqahlar da var. Bu niqahlar pozulduqda əmlak, əlillik və övladların miras məsələləri necə tənzimlənməlidir? Bununla bağlı qanunvericilikdə dəyişikliklər edilə bilər. Amma qanuni baxımdan fərq yoxdur: hər bir nikah tək olmalıdır. Əgər kimsə bir arvadla yetinmirsə, ayrılsın və yeni münasibət qursun.

Oturmuş ailə institutları var. Bu institutlar nə qədər modern modellərlə rənglənirsə də, nikahın iki şəxs arasında bağlanması həm ənənəvi, həm də milli mənəvi dəyərlərə uyğun olaraq qanuniləşdirilmişdir. Əgər kimsə buna etiraz edirsə, məntiqli arqument təqdim etməlidir. Bioloji baxımdan isə kişilərdə impotentliyin artması və cinsi azlıqlara bağlı meyillər göstərir ki, çoxnişanlılıq yalnız kişilər üçün deyil, qadınlar üçün də nəzərdən keçirilə bilər. Amma Azərbaycan cəmiyyəti buna hazırdırmı? Ümumiyyətlə, buna ehtiyac varmı? Məsələ çox mübahisəlidir. Belə məsələlər ortaya atılarkən ehtiyatlı olmaq lazımdır. Bu təklifləri irəli sürənlər ya cəmiyyətin arasını vurmaq istəyir, ya da öz ailələrindəki problemləri ictimailəşdirmək, sosiaallaşdırmaq məqsədi güdür".

Digər xəbərlər