“Qarlı və şaxtalı hava şəraiti nəqliyyat-logistika zəncirində ciddi fasilələr yaradaraq, bazarlarda qiymət formalaşmasına birbaşa təsir göstərib. Xüsusilə tez xarab olan və gündəlik tədarükdən asılı məhsullar üzrə təklifin azalması qiymət artımını qaçılmaz edib”. Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.Onun sözlərinə görə, bu kontekstdə tərəvəz məhsullarında, xüsusən pomidor, xiyar, göyərti və kartof üzrə bahalaşma daha qabarıq şəkildə müşahidə olunub:“Eyni zamanda meyvələr, yumurta, toyuq əti və süd məhsulları kimi əsas istehlak mallarında da qiymət artımı qeydə alınıb. Mövcud vəziyyət əsasən yol şəraitinin pisləşməsi, tədarük prosesində gecikmələr və məhsulların bazarlara əvvəlki həcmdə və vaxtında çatdırıla bilməməsi ilə izah olunur. Bu amillər qısa müddətli təklif çatışmazlığı yaradaraq bazarda qiymətlərin yüksəlməsinə səbəb olub.Mütəxəssislərin fikrincə, bu cür hava şəraitindən qaynaqlanan bahalaşmalar adətən müvəqqəti xarakter daşıyır və hava şəraitinin normallaşması ilə yanaşı tədarük zənciri bərpa olunduqca qiymətlərdə sabitləşmə müşahidə olunur. Lakin iqlim risklərinin artdığı bir dövrdə ərzaq təhlükəsizliyi və daxili bazarın dayanıqlılığı məsələləri daha da aktuallaşır.Bu baxımdan logistika infrastrukturunun gücləndirilməsi, alternativ nəqliyyat marşrutlarının yaradılması və ehtiyat anbar sistemlərinin təkmilləşdirilməsi zəruri hesab olunur. Belə tədbirlər gələcəkdə oxşar təbii amillərin bazar qiymətlərinə təsirini minimuma endirməklə həm istehlakçıların, həm də istehsalçıların maraqlarının qorunmasına xidmət edə bilər”.
Müəllif: Günay Hacıyeva