PDF Oxu

Sosial

  • 1 494

Piylənmə uşaqlıq dövründə başladısa, hansı xəstəliklər qaçılmaz ola bilər? - PEDİATR AÇIQLADI

image

"Uşaqlıq dövründə başlayan piylənmə təkcə estetik problem deyil. Bu, gələcək sağlamlıq üçün ciddi siqnaldır. Erkən yaşlarda artıq çəkinin formalaşması orqanizmin maddələr mübadiləsini dəyişir və böyüklük yaşlarında bir çox xroniki xəstəliklərin əsasını qoyur". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

Onun sözlərinə görə, uşaqlıq dövrü bədənin inkişaf və formalaşma mərhələsidir: "Bu dövrdə artıq yağ toxumasının yığılması metabolik sistemin "proqramlanmasına" təsir edir. Araşdırmalar göstərir ki, uşaqlıqda piylənməsi olan şəxslərin təxminən 70-80 faizi böyüklük yaşlarında da artıq çəkini qoruyur. Bunun əsas səbəbi odur ki, uşaqlıqda yağ hüceyrələrinin sayı artır. Sonrakı illərdə arıqlama zamanı bu hüceyrələr yox olmur, yalnız kiçilir və bu da piylənmənin təkrarlanmasını asanlaşdırır.

Uşaqlıq dövründə başlayan piylənmə böyüklük yaşlarında bir sıra ciddi xəstəliklərin riskini artırır. Artıq çəki insulinə rezistentliyin erkən inkişafına səbəb olur ki, bu da 2-ci tip şəkərli diabet riskini yüksəldir. Eyni zamanda, damar divarlarının sərtləşməsi və erkən ateroskleroza yol açaraq arterial təzyiqin yüksəlməsinə, nəticədə infarkt və insult riskinin artmasına gətirib çıxarır.

Uşaqlıq piylənməsi həmçinin qanda xolesterin və trigliserid səviyyəsinin artmasına, qaraciyərin yağlanmasına və hormonal balansın pozulmasına səbəb ola bilər. Qızlarda polikistik over sindromu, oğlanlarda isə testosteron səviyyəsinin azalması müşahidə edilir ki, bu da reproduktiv sağlamlığa mənfi təsir göstərir. Artıq bədən çəkisi həmçinin diz, bel və onurğa üzərində əlavə yük yaradır, erkən yaşlarda oynaq ağrıları və osteoartrit riskini artırır. Psixoloji təsirlər də əhəmiyyətlidir. Uşaqlıqda artıq çəki özgüvənin azalmasına, sosial təcridə, depressiya və yemək pozğunluqlarına yol aça bilər və bu təsirlər çox zaman böyüklük yaşlarında da davam edir.

Bu risklər tamamilə qaçılmaz deyil, lakin erkən müdaxilə edilmədikdə uşaqlıq piylənməsi adətən böyüklük yaşlarına daşınır və fəsadlar yavaş-yavaş ortaya çıxır. Düzgün qidalanma vərdişlərinin formalaşdırılması, fiziki aktivliyin artırılması və ailənin aktiv iştirakı ilə bu risklərin böyük hissəsinin qarşısını almaq mümkündür. Ən vacib məqam piylənməni "uşaq böyüyəndə keçər" düşüncəsi ilə gecikdirməməkdir.

Uşaqlıq dövründə başlayan piylənmə diabetdən tutmuş ürək-damar və hormonal xəstəliklərədək bir çox ciddi problemin əsasını qoyur. Erkən profilaktika və vaxtında müdaxilə isə sağlam gələcəyin ən güclü təminatıdır".

Digər xəbərlər