PDF Oxu

Sosial

  • 797

Müasir ailə modeli: üç və ya dörd nəfər

image

Yeni ailə modelini formalaşdırmışıq. Nəzər salsaq görərik ki, yüzlələ azərbaycanlı ailələsində ata-ana və bir qız, bir oğlan var. Bəs sual edən varmı ki, nə üçün bir qız, bir oğlan? Belə ailələrin əksəriyyətində ilk uşaq qızdır. Məhz qız olduğu üçün də valideynlər oğlan axtarışına çıxır. Nə etməli ki, ikinci uşaq hökmən oğlan olsun. Yeni bir proses başlayır: analar növbəti hamiləlikləri o vaxta qədər pozur ki, USM ona oğlun olacaq deyir. Beləliklə də birinci uşaqla ikinci arasında 2-3, bəzən də daha çox qız uşağını qurban veririk. Onlar selektiv abortların qurbanına çevrilir.

Yox, əgər ailədə ilk uşaq oğlandırsa, müasir valideynlər bəlkə də bununla kifayətlənərlər. Lakin ata-analarının təkidi ilə, “bir uşaqla olmaz” tələbi, umu-küsüsü ilə bir neçə ildən sonra ikinci uşağın doğulmasını planlaşdırırlar. Bu dəfə isə fərq etməz, qız, ya oğlan olsun. Çünki istənilən əsas övlad-oğlan artıq onlarda var.

Beləliklə, bu qənaətə gəlmək olar ki, cəmiyyətimiz ciddi bir xəstəliyə düçar olub. Yaxşı həkimlər lazımdır ki, bu səhv psixoloji vəziyyətdən bizi çıxara bilsin. Ailənin, övladların dəyərini bizə anlada bilsin. Uşaqların çoxsaylı olmasının onların gələcəkdə bir-birinə dəstək, arxa-dayaq olmasını anlada bilsin.

Bizə yaxşı ağsaqqal və ağbirçəklər lazımdır ki, əvvəlki illərdən söhbət açsın. Çoxuşaqlı ailələrdən, çoxsaylı bacı-qardaşlardan danışsın. Belə ailələrdə yaşanan maraqlı anları, xoşbəxtliyi anlatsın. Toy-ziyafətlərdə əmi-dayı, bibi-xala uşaqlarının gəlinin, bəyin əhatəsində yaratdığı xoş xatirələri xatırlatsın. Onların bir-birilərinə arxa-dayaq, dost-rəfiqə olmasından, bununla da bütövlükdə həyatlarının maraqlı keçməsindən söhbət açsın. Hansı ki, biz uşaqlarımızı bu xoşbəxtlikdən məhrum edənlərik.

Nə oldu bizlərə, nə üçün bu qədər dəyişdik? Nə üçün nənə-babalarımızın ardınca deyil, Avropanın ardınca getməyə üstünlük verdik? Nə üçün özümüzün neçə-neçə əmi-dayımız, xala-bibimiz ola-ola övladlarımızı bu qohumlardan məhrum edirik? Bu haqqı bizə kim verir? Avropamı? Axı əsrlərin o üzündən bəri onlarla bizim bütün dəyərlərimiz fərqli olub. Onlar ailə dəyərlərinə görə həmişə bizə köks ötürüblər. Bizi nümunə göstəriblər. Çoxuşaqlı ailələr onlar üçün bir möcüzə qaynağı olub.

Biz nə edirik? Bir vaxtlar bizə oxşamağa çalışanlara indi biz oxşayırıq?..

İndi artıq 5 və ya daha artıq uşağı olan ailələr demək olar, çox azdır. Bu isə onu müzakirələrə səbəb edib ki, Azərbaycanda çoxuşaqlı ailə 5 və daha artıq yox, 3 və daha artıq uşaqlı ailələr hesab edilməlidir.

Oğlan və qız fərqi

2024-cü ilin yanvar-iyul ayları ərzində 31 306-sı oğlan, 27 542-i isə qız olmaqla ümumilikdə 58 848 uşağın doğumu dövlət qeydiyyatına alınıb.

2022-ci ildə Azərbaycanda 122846 körpə doğulub. Onlardan 64940 nəfəri oğlan, 57906 nəfəri isə qız uşaqlarıdır. Göründüyü kimi, ötən illərin hər birində olduğu kimi, oğlan uşaqları qızlardan çox doğulub.

2021-ci ilin statistikasına əsasən, Azərbaycanda 100 qıza 115 oğlan düşür. Əvvəl selektiv aborta görə siyahıda liderlik Çinə məxsus idi və Azərbaycan ikinci yerdə idi. İndi vəziyyət əksinədir. Belə ki, hazırda Çində bu göstərici 100-110,3 təşkil edir. Nəzərə almaq lazımdır ki, dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya uyğun olaraq 102-106-dır. Belə ki, heç bir xarici müdaxilə olmadığı təqdirdə doğulan hər 100 nəfər qız uşağına 102-106 oğlan uşağı düşür. 1990-cı illərin əvvəllərindən Azərbaycanda bu nisbətin pozulması müşahidə edilir.

BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam etsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12 000-15 000 nəfər çox olacaq.

Ekspertlər bu fikirdədir ki, cəmiyyətdə kişilərin sayının bu artımla davam etməsi ölkənin acınacaqlı nəticələrlə üz-üzə qalması halına gətirib çıxara bilər. Bura Gender bərabərsizliyi, zorakılıq, erkən nikah, insan alveri və kriminal səviyyənin artması aiddir.

Selektiv abortlar insanlığa qarşı haqsızlıq, təhqirdir

Bu abort növü qadınla kişi arasında bərabərliyə zidd, ən təhlükəli vasitədir. Hansı ki, biz Gender bərabərliyindən danışırıq, lakin bu bərabərliyi pozan birinci amil selektiv abortlardır.

Selektiv abortların çoxalmasında, dünyada ölkəmizi birinci etməsində, oğlan və qız balansının pozulmasında, bunun gələcəkdə böyük problemlərə səbəb olmasında hər birimiz günahkarıq. Biz illər öncədən bu xalqa məxsus milli adət-ənənələrdən yola çıxmalıydıq. Bu yolda insanlığa balta çalan bu yeniliyi baltalamalı, onun inkişafının, yayılmasının qarşısını almalıydıq.

Bu gün son illərin statistikasına nəzər salanda bütün illərdə doğulan uşaqlar arasında oğlanların qızlardan artıq olmasını müşahidə edirik. Bunun yaratdığı problemlər isə artıq hiss olunmaqdadır. Yaxın gələcəkdə isə bu problemin ağırlığı çiyinlərimizi yara edəcək.

Bu gün Azərbaycanın selektiv abortlara görə dünyada birinci yerdə olması artıq səhiyyə sistemində həyəcan təbili çalınmasının vaxtının ötdüyünü göstərir. Selektiv abortlar indiyədək niyə qadağan olunmayıb? Görəsən bunun qarşısını nə kəsib? Kiminsə haqqı deyil dünyaya gətirəcəyi uşağın cinsini əvvəlcədən bilsin. Heç kimin də bunu bilməməklə hüququ pozulmur. Bəs belə isə bu növ abort nə üçün qadağan olunmur?

Oğlanların sayı artır, qızların sayı dəfələrlə azalır. Biz gələcəkdə ana olacaq qız tapa bilməyəcəyik. Bir əmili, xalalı uşaq görməyəcəyik. Ən dəhşətlisi isə bacısız və qardaşsız bir cəmiyyətə doğru gedirik. Dünən ailələrimizdə süfrə arxasında 7-8, bəzən 10-11 nəfər əyləşdiyi halda, indi üç və ya dörd nəfəri görmək olur. Yaxın gələcəkdə cəmiyyətimizdə xala, əmi qohumluq dərəcəsində olan az sayda adamlar olacaq, fikirləşəndə adam dəhşətə gəlir. Uşaqlarımızı ən yaxın qohumlardan məhrum edirik, onları gələcəkdə tək yaşamağa məhkum edirik.

Bu barədə düşünək bəlkə. Hələ də gec deyil...

Mətanət Məmmədova

Digər xəbərlər