PDF Oxu

Sosial

  • 516

Normaldan əlaməti olmayan çiyələk

image

Onunla şəhərimizin bütün küçələri boyu, bazarlarda, marketlərdə, tərəvəz mağazalarının içərisində və qarşısında rastlaşırıq. İki həftədən artıqdır ki, yuxarıda adlarını sadaladığım yerlər al qırmızı rəngə boyanıb. Bir küçədən keçirsən, bir də baxırsan ki, qarşıda elə bil yerə qırmızı yaylıq səriblər. Yaxınlaşırsan ki, yaylıq nədir, onlarla qablaşdırmada bir-birinin yanına düzülən çiyələkdir. Üzərlərində də qiyməti: 7 manat, 6 manat, 5 manat, 4 manat, 3 manat 50 qəpik.

Sözün həqiqi mənasında, çiyələklər kənardan gəl-gəl deyir. Lakin yaxınlaşanda məəttəl qalırsan ki, İlahi, bu böyüklükdə çiyələk olar? Axı uzun illər çiyələyin ən böyüyünü qoz boyda görmüşük. Ondan böyük çiyələyi kim görmüşdü ki?.. Həm də mayın axırları, artıq havalar tamamilə qızmağa başlayanda çiyələk də qızarmağa başlayardı. Deməli, çiyələyin yetişməsi havanın istiləşməsi ilə bağlıdır.

Aprel, mayın əvvəlində bu böyüklükdə, bu qırmızılıqda çiyələklər nədir görəsən?.. Baxırsan ki, uşaqlar analarının əlindən çəkib o al qırmızı talaya doğru aparır: “ay ana, çiyələk al, nə olar”. Yazıq ana, alsın, necə alsın, almasın, indi gəl bu uşağı başa sal ki, ay bala, bu çiyələk deyil, ölümdür. Ye, zəhərlən, öl. Zəhərlənməsən də, sözsüz, bu çiyələklər orqanizmə xəsarətsiz ötüşməz.

Nə isə, bu irilikdə çiyələyin olub-olmamasını, üstünün qırmızı, içərisinin göy olmasını, qiymətini, hamısını qoyaq bir kənara. Gələk bu çiyələyin küçənin ortasında günün qabağında axşamlayıb səhərləməsinə. Deməli, tərəvəz mağazaları və küçələrdə pərakəndə meyvə-tərəvəz satanlar bu çiyələkləri düzürlər mağazanın qarşısına və ya yerə, həm də düz səhərin gözü açılandan axşamadək. Küçənin, yaxınlıqdan şütüyən avtomobillərin, adamların ayağının bütün toz-torpağı bu çiyələklərin üstündədir. Bundan başqa, daha dəhşətisi odur ki, xarab olmaması üçün soyuducuda, soyuq mühitdə saxlanmalı olan çiyələk açıq hava şəraitində günün altında səhərdən axşama qalır.

Sonra da deyirik ki, filankəsin özü, filankəsin uşağı, qonşusu, nə bilim, əmiqızısı, dayıoğlusu çiyələkdən zəhərlənib. Bəs zəhərlənməyib, nə edəcək. Bu çiyələklər gəldiyi yerdən ta buradək yalnız ölüm gətirmirmi? Lakin biz bu ölümüm təhlükəsini nədənsə dərk etmirik. Elə hey çantalarımızda, səbətlərimizdə çiyələkdir ki, daşıyırıq. Nə satıldığı yerin, nə saxlandığı şəraitin, haradan gəldiyinin, hansı şəraitdə əkilib-becərildiyinin, ərsəyə gəldiyinin fərqinə varmadan.

Nədənsə dərk etmirik ki, axı bu, dədə-babadan gördüyümüz çiyələkdən çox fərqlidir. Bəlkə də deyən olar ki, ay geridə qalmış, zəmanə dəyişib, bu, GMO çiyələkdir. Bax, nə deyirsiniz deyin, tək bunu deməyin. Çünki belədirsə, ta bu, birbaşa ölümdür. Həm də könlümüzü, gözümüzü oxşaya-oxşaya qapımıza dayanan ölüm...Vallah, düzgün anlayın, demirəm, bu çiyələyi yeyən kimi adam ölür. Zəhərlənmələr olur, bu, faktdır. Lakin olmadığı halda da bunu yemək təhlükəlidir, onun A, B, C vitaminləri ilə zəngin olan çiyələklə heç bir əlaqəsi yoxdur. Market, bazar və küçələrimizi “bəzəyən” bu al qırmızı rəngin əslində nə olduğunu bilmirik. Ay insanlar, gəlin, bir azca da olsa, özümüzü və ailə üzvlərimizi düşünək. Onları bu təhlükədən qurtaraq.

Mətanət Məmmədova

Digər xəbərlər