Son zəng- məktəb illərinə vida, həyata çağırışdır
Dünən Azərbaycan məktəblərində onbirillik məktəb həyatının son zəngi çalındı. Zamanın axarında on bir ili başa vuran məktəblilər son zəngi dinlədilər. Yaddaşlarda qalacaq bugünün zəngi uşaqlıq və yeniyetməlik dövrünün xatirələşən bir anı idi. Azərbaycan ümumtəhsil məktəblərində hər bir məktəblinin keçirdiyi günlər və çalınan son zəng əbədi olaraq yaddaşlarda qalacaq.
Bu gündən etibarən müstəqil Azərbaycanın neçə-neçə gənci müstəqil vətəndaş olaraq həyata qədəm qoyurlar. 11-cilər üçün məktəb həyatında çalınan sonuncu zəng vida zəngi oldu. Məktəb həyatı ilə sıx bağlı olan, qaynar ömrə vida söyləyən məktəblilər, bu gün məzun kimi sevinc içərisində yaşayırlar. On bir il bundan əvvəl, ilk dəfə olaraq, əllərinə çanta alıb məktəbə yollanan, yazmağı-oxumağı öyrənən balacalar onbirillik məsafədən sonra bu gün artıq Azərbaycanın müstəqil vətəndaşı kimi həyata vəsiqə aldılar. Bu vəsiqə cəmiyyətdə məsuliyyətlə addımlayacaq gənclərin yaşanacaq bir ömür yolundakı məqsəd və düşüncəsini reallaşdıra biləcək sənəddir.
Məzunların bu sevincinə qoşulmaq, onların son zəng yaşıntılarını qələmə almaq, müstəqil dövlətin layiqli vətəndaşları olacaq gənclərlə bu zəngi dinləmək istəyi ilə paytaxtımızın bir neçə məktəbində olduq. Nərimanov rayon 47 nömrəli tam orta məktəbin məzunlarının sevincini seyr etdim.
Son zəngin çalınmasına bir neçə dəqiqə qalır. Onların həyəcanını, keçirdiyi 11 illik məktəb həyatı ilə bağlı təəssüratlarını duymamaq mümkün deyil. Məktəbin direktoru Aytən Bağırova bu gün onların qarşısında son dəfə olaraq, bir məktəb rəhbəri kimi çıxış edir. Bu məzunların məktəblə bağlı yaddaşlarında qalacaq son səhnə olacaq. İlk olaraq Azərbaycanın Dövlət Himni səsləndi.
A.Bağırova məzunları salamlayaraq "son zəng" günü münasibəti ilə onları təbrik etdi. Müstəqil həyata qədəm qoyacaq məzunlara uğurlar dilədi: "Həyatın ağrı-acısının nə olduğunu bilməyən bu gənclər respublikanın gələcək qurucuları kimi ilk addımlarını atacaq, müstəqil dövlətin vətəndaşı olaraq, Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəksiniz. Dövlətin idarə olunmasında siz məzunların xidmətləri xüsusi olacaq. Amma bu gün çalınan zəngin təəssüratlarını heç zaman yaddan çıxarmayacaqsınız. Müəllimlərin sizə etdiyi tövsiyələri ömrünüz boyu xatırlayacaqsınız. Azərbaycanın bir çox bölgələrində yerləşən orta məktəblərdə çalınan zənglər, nəinki məzunlar üçün, eləcə də, onları boya-başa çatdıran valideynləri üçün böyük bir bayram sevincidir. Bu zəngin tarixi məqamlarda neçə-neçə məzunlar həyata vəsiqə alıb, ömürlərinin qalan hissəsini vətənə xidmətə həsr etmişdilər."
Məktəbin direktoru müstəqil Azərbaycanın müstəqil vətəndaşlarının hər zaman vətənin keşiyində dayanacaqlarını inamla ifadə etdi: "Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı günü-gündən çiçəklənən ölkəyə çevirir. Hər bir gənc harada çalışmağından asılı olmayaraq dövlətimizə, dövlətçiliyimizin qorunmasına, milli-mənəvi dəyərlərimizin yaşamasına xidmət edəcəklər. Təbii ki, bu, hər bir vətəndaşın borcu olmalıdır." "Son zəng"ə həsr olunmuş tədbirdə məktəbin direktor müavinləri Tahirə Əzimova, Gülnarə Rüstəmova, Rübabə Abışova, eləcə də, məzunların valideynləri çıxışlarında onları təbrik edib, müstəqil həyata qədəm qoyan gəncləri təbrik edərək, uğurlar arzuladılar. Tədbirdə rəsmi hissədən sonra məktəbin məzunları tərəfindən maraqlı repertuar əsasında hazırlanmış konsert proqramı təqdim olundu.
Gənclərə böyük ilham verən, Azərbaycanın adını dünya məkanında birinci yerdə hallandıran, Onun bayrağını dalğalandıran "Eurovizion-2011" Mahnı Müsabiqəsinin qalibləri Nigar və Eldarın ifasında səslənən mahnını məzunlar böyük ruh yüksəkliyi ilə qarşıladılar. Bu sırada "Yeni ulduz" layihəsinin qalibi Ramazan Ramazanovun ifasında musiqi nömrələri də təqdim olundu.
Səbail rayonundakı Məmməd Rahim adına 7 nömrəli tam orta məktəb məzunları arasında qeyri-adi ab-hava yaşanırdı. Sanki böyük qələbəliyi qeyd edirdilər. Uzun illər təntənəli şəkildə qeyd edilən "Son zəng" məzunlar üçün bayrama çevrilib. Tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin, Səbail rayon icra hakimiyyətinin nümayəndələri, eləcə də, məktəbin valideyn komitələri, Sosialist Əməyi Qəhrəmanı, rayon ağsaqqalı Ömər Ağayev və başqaları iştirak edirdilər.
Məktəbin direktoru Gülnaz Mehdizadə məzunlar qarşısında çıxış edərək, məzunlara bu əlamətdar gündə uğurlar arzuladı. Qeyd etdi ki, bu il məktəbin 83-cü buraxılış ilidir. Bu il məktəbi dörd 11-ci sinfini əhatə edən 80 məzun həyata vəsiqə alır: "Hər il məktəbin məzunları sırasında 60-dan yuxarı məzun ali məktəblərə daxil olurlar. Bu da məzunların yüksək elmi potensiala malik olduqlarını göstərir. 2010-2011-ci tədris ilində ölkəmizin orta ümumtəhsil məktəblərini bitirən şagirdlər yüksək elmi biliklərə yiyələnir. Dövlət tərəfindən təhsilə günü-gündən qayğı artır. Məktəblilərimiz belə bir məkanda, daim inkişafda olan Azərbaycanda təhsil alır, elmi biliklərə yiyələnirlər. Yeni üsulla tədrisin qurulması gələcək nəslin peşəkarlıq səviyyəsini artıracaq. Dövrün-zamanın tələbinə uyğun olaraq məktəblərdə şagird parlamentləri yaradılmışdır. Məktəb şagird parlamentləri Azərbaycan Yazıçılar Birliyi, Elmlər Akademiyasının görkəmli nümayəndələri, ictimai xadimlərlə görüşlər təşkil edir, dəyirmi masalar keçirirlər. Hər zaman Azərbaycanın mədəniyyəti, tarixi, dili ilə bağlı maraqlı diskussiyaların aparılması şagirdlərin intellektual səviyyəsinin yüksəlməsinə səbəb olur. Bugünkü məzunlar Azərbaycanın demokratik bir dövlət kimi daha da inkişaf etdirilməsi üçün çalışmalıdırlar. Respublikada həyat səviyyəsinin daha da yüksəldilməsi üçün gənclərin bütün qüvvələrindən istifadə etməsi vacibdir. Qarabağın azad olunması, Qafqaz ölkələri sırasında Azərbaycanın sülhsevər bir dövlət kimi hər zaman seçilməsi məhz bugünkü məzunlardan asılıdır."
Səbail bağında məktəbin məzunları üçün xüsusi konsert proqramı hazırlanmışdır.
Bəli, bu məzunlar Azərbaycanın gələcəyi üçün layiqli övladlardır. Dünən çalınan zəng 91-ci dəfə Azərbaycanda səsləndi. Ömrünün 11 ilini orta təhsil müəssisəsinin sevinc və qayğıları ilə yaşayan məktəblilər artıq geridə qoyduqları bu illərlə, özlərinin ikinci evləri ilə vidalaşmalı oldular. Hələ sovet məkanında yaşadığımız zaman məsafəsində məktəblilər bu anları yaşamışlar. Bu zəng "Vida", "Məzun günü", "Sonuncu gün" və s. də adlanır.
Bu gün çalınan zəng həyata çağırış zəngidir. Yolunuz uğurlu olsun, məzunlar!