PDF Oxu

Sosial

  • 15

Dovil bəyanatı

Dovil bəyanatı
Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal olunmasına bu dəfə sərt münasibət ABŞ və Avropadan gəldi. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlət başçılarının Azərbaycanın maraqlarını əks etdirən bəyanatı onların Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində maraqlı olduqlarının göstəricisi sayıla bilər. Bəyanatda vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesi sülh yolu ilə tənzimlənməli və erməni separatçı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çəkilməlidirlər. Həm də belə bir bəyanat ona hesablanır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi həll olunmayınca regionda sabitlik olmayacaq və hər an təhlükə adlı sindrom öz qüvvəsini saxlayaraq daima gündəmdə qalacaq.
Millət vəkili, professor Musa Qasımlı da bizimlə söhbətində bildirdi ki, əgər həmsədr ölkələrin dövlət başçıları münaqişənin sülh yolu ilə tənzimlənməsini istəyirsə, o zaman işğalçı Ermənistana çox ciddi şəkildə təsir rıçaqlarını işə salmalıdırlar. Birmənalı olaraq, tələb etməlidirlər ki, Dağlıq Qarabağ ərazisində hərbi əməliyyat həyata keçirən erməni separatçı qüvvələri tamamən Azərbaycan ərazilərini boşaltsın. ABŞ, Rusiya, Fransa dövlət başçıları işğalçı ölkə olan Ermənistanı münaqişənin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində sülhə məcbur etməlidirlər.
Millət vəkili mövcud münaqişənin tək işğalçı Ermənistana deyil, ümumilikdə, bütün regiona çox ciddi və böyük problem yaratdığını söylədi: " Bəli, məlum münaqişə regionda dinclik və sabitliyin hökm sürməsinə mane olan amildir. Bu amil məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsindən sonra öz qüvvəsini tamamən itirəcək. Təcavüzkar Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış münaqişə mütləq həll olunmalıdır".
"Səs"ə açıqlamasında M.Qasımlı hətta Ermənistanın təcavüzkarlıq siyasətini Cənubi Qafqaz ölkələrinin Avropa ilə inteqrasiyasına başlıca əngəl kimi də hesab etdi. Bildirdi ki, əgər Cənubi Qafqazda bu gün demokratiya çox da sürətlə inkişaf etmirsə, insan hüquqları kobudcasına pozulursa, dünya birliyinin bu ölkələrə inteqrasiyasında problemləri ortaya çıxırsa, bütün bunların hamısının günahkarı Ermənistandır. Hər zaman Azərbaycanın dövlətçilik maraqlarını öndə tutan M.Qasımlı onu da əlavə etdi ki, hər hansı bir münaqişə sülh yolu ilə həll olunursa, kompromissiz həyata keçirilmir. Lakin hər bir kompromisin səviyyəsi və dərəcəsi olur. Millət vəkili nəzərə çatdırdı ki, Azərbaycan dövləti ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa status verməyə hazır olduğunu bəyan edib: " Münaqişəni hansı ölkənin başladığı heç kimə sirr deyil. Azərbaycan işğala məruz qalıb, Ermənistan isə işğal edib. Bütün bunların fonunda, dövlətimiz işğalçı dövlətə kompromisə gedir. Məgər Azərbaycanın bu qədər kompromis limiti Ermənistana bəs etmirmi?" Millət vəkili onu da xatırlatdı ki, Dağlıq Qarabağa status verilməsi ilə bağlı Azərbaycanın rəsmi strukturları öz mövqeyini açıq-aydın şəkildə bildiriblər. Yəni işğal olunan Azərbaycan ərazilərindən erməni silahlı qüvvələri tamamilə çıxarılsın, məcburi qaçqın və köçkünlər öz vətənlərinə dönsün və kommunikasiya xətləri açılsın. Yalnız minbir qətliamlar, soyqırımı həyata keçirən mənfur ermənilərin bu, "qoçaq"lığından sonra Dağlıq Qarabağın statusu barədə hansısa müzakirələr başlana bilər.

Digər xəbərlər