Ulu Öndər Heydər Əliyevin elmi və əməli təməllərə söykənən tərəqqi strategiyasının müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan Cənubi Qafqaz regionunun ən sürətlə inkişaf edən, sabit, qüdrətli və lider dövlətinə çevrilmişdir. Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, ümumdaxili məhsulun artım tempinə görə dünyada birinciliyini qoruyub saxlaya bilsin.
İqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasətin müsbət nəticəsidir
Azərbaycanda böyük uzaqgörənliklə, xarici mətbuatın da qeyd etdiyi kimi, zərgər dəqiqliyi ilə həyata keçirilən yeni neft strategiyasının respublikamıza gətirdiyi iqtisadi gəlirlər seçim baxımından müxtəlif sahələrdə təməlli islahatların aparılmasına geniş şərait yaratmışdır. Qara qızıldan əldə olunan gəlirlərin düzgün idarə olunması və iqtisadiyyatımızın başqa sahələrinin inkişafına yönəldilməsi vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə nəticələnmişdir. Müstəqil diyarımız hazırda da öz yüksəliş amilinin mühüm və pik mərhələsini yaşayır. Əldə olunmuş makroiqtisadi uğurlar cəmiyyət həyatının çoxşaxəli sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın həyatında kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən liberal islahatları dinamizmlə gerçəkləşdirmək imkanı yaradır. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyət arasında özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması uğurlu iqtisadi siyasətin müsbət nəticələridir. Ölkədə minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan işçilərin məvaciblərinin, sosial pensiya və müavinətlərin davamlı artırılması dövlətin vətəndaşlara olan diqqət və qayğısının bariz təcəssümüdür.
Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkənin iqtisadi inkişafından, yeni neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilir. Azərbaycanın 2011-ci il üçün dövlət büdcəsində sosialyönümlülüyün prioritet təşkil etməsi - bu məqsədlə 33,3 faiz (ümumilikdə, 4 milyard 234 milyon manat), yaxud cari illə müqayisədə 341,8 milyon manat çox vəsait ayrılması, sosial məsələlərin daim diqqət mərkəzində olduğunu göstərir. Bu fakt deməyə əsas verir ki, ölkəmizin iqtisadi imkanları artdıqca sosial müdafiəyə ehtiyacı olan insanlara daha diqqətlə yanaşılır, vətəndaşların sosial tələbatının ödənilməsi, bir növ cəmiyyətin mənəvi göstəricisinə çevrilir.
Paytaxtla bölgələr arasında inkişaf fərqinin aradan qaldırılması istiqamətində atılan addımlar böyük nəticələrə gətirib çıxarmışdır
Azərbaycanın bütün bölgələri bərabər inkişaf edir. Paytaxtla bölgələr arasında inkişaf fərqinin aradan qaldırılması istiqamətində atılan addımlar böyük nəticələrə gətirib çıxarmışdır. Azərbaycan Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Proqramın icrası nəticəsində keçən il 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimidir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə bir milyona yaxın iş yeri açılmışdır. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır, ixracdan asılılıq azalır. Ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri ötən 7 ildə cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir.
Ölkə başçısı cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə, yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirmişdir
Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasət xətti nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin dəqiqliklə müəyyənləşdirilərək həllinə real imkanlar açmışdır. Ölkə başçısı cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə, yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını təmin etmiş, ictimai həyatın bütün sahələrində tərəqqinin əsasını qoymuşdur. Azərbaycan vətəndaşlarının mənafeyinə xidmət edən iqtisadi siyasət strategiyasının uğurla davam etdirilməsi böyük perspektivlərə yol açmışdır.
Azərbaycanda dəqiq hədəflərə hesablanmış iqtisadi siyasət xəttinin uğurla davam etdirilməsi, onu deməyə əsas verir ki, növbəti ildə də ölkə qarşısında duran bütün iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır. Milli inkişafdakı pozitiv meyilləri əsaslı şəkildə qoruyub saxlayan Azərbaycanın əldə etdiyi nəticələr möhkəm iqtisadi bazisə söykənir.