PDF Oxu

Sosial

  • 182

“Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu”

“Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu”
Dünən Avropa otelində BMT-nin Əhali Fondu "Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə" layihəsinin yekunu çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə "Məişət zorakılığının aradan qaldırılmasında KİV-in rolu" mövzusunda konfrans keçirdi. Tədbiri giriş sözü ilə açan AQUPDK sədri Hicran Hüseynova cəmiyyətimizin aktual məsələlərindən biri olan məişət zorakılığının müzakirəsi barədə məlumat verdi: "Biz bu gün problem haqqında danışmaqla yanaşı, problemin mətbuatda nə dərəcədə işıqlandırılması haqda da danışacayıq. KİV bu hadisələri necə işıqlandırır? Bax, bu məsələ bugünün müzakirə mövzusudur".
H.Hüseynova ötən il Milli Məclisdə qəbul olunan "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun icrasına diqqəti yönəldərək, bildirdi ki, bu istiqamətdə nəticəyə nail olunması məqsədilə artıq real addımlar atılmasına başlanıb.
Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova qanunundan irəli gələn mövzularda yazıların KİV-də azlığından gileyləndi: "Mən bir statistik məlumatı nəzərinizə çatdırmaq istəyirəm ki, bu problemə 7 televiziya kanalı 110 proqram, 18 gündəlik qazet isə 142 məqalə həsr edib. Siz deyin, indi bu qaneedicidirmi? Təəssüf ki, bu gün belə zorakılıq hallarını sırf xəbər məzmunu kimi efirə verirlər və sonra bu hadisə haqda ətraflı məlumat vermirlər. Siz deyin, səhər televizoru açan bir insan bu cür zorakılıq halını sırf xəbər kimi izləyirsə, ərin arvadı öldürməsini manşet məzmunlu, emosional kriminal xəbər kimi izləyirsə, bu, onun psixologiyasına çox böyük təsir edir. Azərbaycanda bu yöndə qanun var, amma həyata keçirilməsində qarşımıza bir sıra problemlər çıxır. Bu barədə qanun olsa da, zorakalığa məruz qalan insanlar, təəssüf ki, bunu müvafiq icra hakimiyyətinə bildirmirlər, bu da bizə müəyyən problemlər yaradır. Gün ərzində insan 270 cinayət hadisəsini emosional şəkildə qəbul etsə, onun beyni zombiləşər. Bizim narazılığımız odur ki, KİV bunları çox reytinq yığmaq naminə deyil, problemin həllində yardımçı olmaq üçün işıqlandırsınlar".
"Mətbuatda məişət zorakılığı ilə bağlı professional jurnalist araşdırmalarının əhəmiyyəti" mövzusunda çıxış edən Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva isə media nümayəndələrini bununla bağlı yazı yazarkən son dərəcədə diqqətli olmağa çağırdı. S.Vəliyeva qeyd etdi ki, bu gün ideal qadın və ideal kişi obrazını xarici aktyor və aktrisalara istinadən deyil, yüz yaşlı nənə-babalarımıza, qırx il bir yerdə ömür sürən ailələrə görə formalaşdırmalıyıq. Biz bu qanunu icra edərkən, öz köklərimizə də sadiq qalmalıyıq. Milli Məclisin deputatı Qənirə Paşayeva problemin həllini düşüncələrin dəyişməsində gördüyünü vurğuladı: "Təklif edirəm ki, KİV-də bu istiqamətdə fəaliyyət göstərəcək, araşdırmalar aparacaq jurnalistlərin formalaşması üçün treninqlər keçirilməli, telekanallarda məişət zorakılığı mövzusunda videoçarxlar üçün yer ayrılmalı, KİV-ə Dövlət Dəstəyi Fondu tərəfindən həvəsləndirici müsabiqələr keçirilməlidir". Mətbuat Şurasının sədri Əflatun Amaşov "Məişət zorakılılığı məsələləri üzrə KİV-in davamlı monitorinqlərinin əhəmiyyəti və bu istiqamətdə özünütənzimləmə mexanizminin yaradılması", Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq təminatı şöbəsinin müdiri Taliyə İbrahimova "KİV-də məişət zorakılığı məsələlərinin işıqlandırılmasının prinsip və standartları" mövzusunda çıxış etdilər. Konfransda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev, Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərov da mövzu ilə bağlı fikirlərini söylədilər.

Digər xəbərlər