PDF Oxu

Sosial

  • 10

“Eurovision-2012” Mahnı Müsabiqəsi Azərbaycanın daha da modernləşdirilməsinə təkan verəcək

“Eurovision-2012” Mahnı Müsabiqəsi Azərbaycanın daha da modernləşdirilməsinə təkan verəcək
Azərbaycanın müstəqilliyi dövründə əldə olunan uğurlar məqsədyönlü şəkildə həyata keçirilən islahatların, yeni layihələrin nəticəsində əldə olunur. Azərbaycanın potensialı, mövcud imkanları nəzərə alınaraq, reallaşan bu nailiyyətlər Azərbaycanın dünya məkanında suveren dövlət olaraq imicinin artmasına gətirib çıxarıb. Ölkə daxilində baş verən nailiyyətlər, genişmiqyaslı layihələrin reallaşması, məhz dövlətin Avropa kimi məkanda sözünü deməsinə şərait yaradır.
Bu ölkənin bütün sahələrində - iqtisadi, siyasi, mədəni həyatında öz əksini tapır. Dünya məkanında Azərbaycanın yer almasının nəticəsidir ki, bu il "Eurovision-2011" Mahnı Müsabiqəsində birincilik Azərbaycanın ünvanına yazıldı. Bu uğur ölkənin həyatında yeni bir mərhələnin başlanğıcı kimi səsləndi. Azərbaycan təmsilçilərinin bu müsabiqədə qısa bir müddət ərzində iştirakına baxmayaraq, birinciliyi ölkəmizə gətirdi. Qeyd edək ki, Azərbaycan teleməkanında "Eurovision-2011" Mahnı Müsabiqəsi ilk dəfə 2006-cı ildə yayımlanıb. Bu da, təbii ki, ölkənin iqtisadi, mədəni potensialının nəticəsində öz həllin tapdı. İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətə başlamasının nəticəsində bu müsabiqənin yayımçısı hüququnu əldə edə bildi. Layihə Avropa Yayımları İttifaqı ilə qurulan sıx əlaqələr nəticəsində həyata keçdi. İctimai Televiziya həmin qurumun üzvünə çevrildi. 2006-cı ildə müsabiqənin qalibi olan Finlandiyanın təmsilçisi "Lordi" rok-qrupundan televiziyanın yaradıcı heyəti müsahibə almaq üçün Finlandiyaya yollandı. Məqsəd həm də bu sahədə artıq təcrübəsi olan ifaçıdan çıxışın bəzi məqamlarını əxz etmək idi. Finlandiyanın Helsinki şəhəri müsabiqəyə ev sahibliyi etdiyindən bu dəfə İctimai Televiziyanın yaradıcı heyəti bilavasitə hadisə yerinə yollanır. Müsabiqə həmin gün İctimai Televiziyanın canlı efirində yayımlandı. Həm də Helsinkidə olan əməkdaşlar Bakı ilə canlı bağlantıda olub ən qaynar xəbərləri çatdırdılar. Həmin gündən etibarən Azərbaycanın da bu mötəbər mahnı yarışmasında iştirakı ön plana çəkildi. Bu tarixdən başlayaraq Azərbaycan birinciliyə doğru yola çıxdı. 2007-ci il iyul ayında İstanbulda Avropa Yayım İttifaqının baş assambleyasının 59-cu sessiyasından sonra bu sahədə işlər daha intensiv aparılmağa başlayıb.
Avropa Yayım Birliyinin üzvləri Avropanın mədəni birliyini tərənnüm edəcək "yüngül əyləncə proqramı"nı ərsəyə gətirən "Eurovision" Mahnı Müsabiqəsi dünyanın diqqətini, eləcə də Azərbaycanın nəzərini özünə cəmlədi. Azərbaycan bu müsabiqəyə çox gec qoşulsa da, liderliyi əldə edə bildi. Azərbaycan "Eurovision" Mahnı Müsabiqəsində 2008-ci ildən iştirak etməyə başladı. Belqradda keçirilən "Eurovision" yarışmasında Azərbaycan ilk dəfədən qalib 10-luqda təmsil olundu. Samir və Elnur dueti həmin il müsabiqədə 8-ci yerdə idi. Daha sonra Moskvadakı "Eurovision-2009" Mahnı Müsabiqəsində Aysel və Araş dueti 3-cü, Oslodakı "Eurovision-2010" yarışmasında isə təmsilçimiz Safura Azərbaycana 5-ci yeri qazandırmışdı.
Düsseldorfda Avropanın ən populyar musiqi müsabiqəsində təmsil olunan Eldar Qasımov və Nigar Camal isə 221 xal toplayaraq, Azərbaycanın adını birincilikdə hallandırdılar. Olduqca gərgin mübarizədə iştirak edən və Ukrayna, İsveç və İtaliya təmsilçilərinə rəqabətdə güc göstərən cütlük böyük sevinci bizlərə yaşatdı. Gələn il "Eurovision-2012" müsabiqəsinin keçirilmə məkanı Bakıya nəsib oldu.
Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia Azərbaycanın "Eurovision-2012" müsabiqəsinə ev sahibliyi etməsini qızıl imkan adlandırıb: "Bu, qızıl imkandır, çünki bütün diqqət Azərbaycana yönələcək. Ümidvarıq ki, Azərbaycan bu imkandan ölkənin daha da modernləşdirilməsi üçün istifadə edəcək".
Belə bir dünya şöhrətini bizlərə yaşadan cütlüyün əks-sədası dünya ölkələrindən eşidilir. Böyük Britaniyanın "The Sunn" qəzeti Azərbaycanın "Eurovision-2011" müsabiqəsinin təmsilçiləri haqqında reportaj hazırlayıb. Qəzet yazır ki, Londonda yaşayan iki uşaq anası hazırda postsovet məkanının ulduzuna çevrilib.
Bəli, dünya bu gün Azərbaycandan danışır. Onun sənətindən, səhnə mədəniyyətindən ağız dolusu məhəbbətlə söz açırlar. Sözsüz ki, bu uğurlar Azərbaycandan kənarda yaşayan və qəlbi vətən sevgisi ilə döyünən soydaşlarımız müsabiqədəki qalibiyyətimizi qeyd edirlər. Demək olar ki, dünyanın hər bir yerindən olan canlanmanın, atəşfəşanlığın əks-sədası eşidilir. Bu baxımdan Danimarkada yaşayan azərbaycanlılar Azərbaycanın "Eurovision 2011" Mahnı Müsabiqəsində qələbə qazanmasını bayram ediblər. Ölkənin paytaxtı Kopenhagendə yaşayan azərbaycanlılar şəhərin mərkəzi meydanı "Rodhus plads"da toplaşıb turist qatarı kirayə alaraq Azərbaycanın "Eurovision - 2011" müsabiqəsində qalib gəldiyini danimarkalılar və şəhərin qonaqlarına bəyan ediblər. Əllərində Azərbaycan və Türkiyə bayraqları dalğalandıran soydaşlarımız "Azərbaycan" və "Eurovision" sədaları altında qatarla şəhərin mərkəzi küçələri ilə hərəkət ediblər. Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağının da dalğalanması bu iki ölkənin qardaş ölkə olduğunun sübutu və danimarkalılara mesajı olub.
Bəli, sevinclər yaşanılmaqda davam edir. Azərbaycan təmsilçiləri Eldar və Nigar gözəl ifa, zövqlü səhnə performansı ilə digər ölkələrin nümayəndələrindən fərqlənərək, qələbəni Azərbaycana qazandırdılar. Bakı möhtəşəm "Eurovision-2012" Mahnı Müsabiqəsinə hazırlaşır. Bu müsabiqənin beynəlxalq səviyyədə keçirilməsinə Azərbaycanın bu gün formalaşan imici, mövqeyi, iqtisadi potensialı imkan verir. Azərbaycan demokratik bir ölkədir. Ölkə ərazisində tam təhlükəsizlik mühiti hökm sürdüyündən, hər kəsin bütün hallarda hüquqları təmin edilir. Müvafiq infrastruktur, ölkədə turizm sahəsində aparılan islahatlar və yeni dünya standartlarına cavab olan otellər "Eurovision" Mahnı Müsabiqəsində paytaxtımızda keçirilməsinə imkan verir.

Digər xəbərlər