Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, yeni, müasir inkişaf yoluna qədəm qoydu. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft strategiyası nəticəsində Azərbaycanda böyük gəlirlər əldə edilməyə başlandı. Ancaq müstəqilliyimizin ilk illərində inkişaf konsepsiyasının əsas elementləri başlıca olaraq, paytaxt Bakını əhatə edirdi. Eyni zamanda, məlum həqiqətdir ki, inkişaf etmiş müasir bir dövlətin yalnız paytaxtı deyil, eləcə də, regionları inkişaf etməlidir. Məhz bu önəmli faktoru nəzərə alan ölkə başçısı cənab İlham Əliyev prezidentlik dönəminin ilk illərindən başlayaraq, regionların sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirməyə başladı. O, hələ prezidentliyə namizəd kimi etdiyi çıxışlarda dövlətin ali postuna seçiləcəyi təqdirdə, əsas prioritet istiqamətlərindən birinin məhz ölkə regionlarının inkişafı olacağını əminliklə vurğulayırdı.
Regionların inkişafının sürətləndirilməsi Azərbaycanın iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilib
Dövlət başçısı seçildikdən sonra İlham Əliyev xalqa verdiyi vədini unutmayaraq, sözügedən istiqamətdə əməli fəaliyyətə keçdi. Onun hökumət qarşısında qoyduğu ilk tapşırıqlarından biri də məhz regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının hazırlanması oldu. Qısa zaman kəsimində hazırlanan "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" 2004-cü il fevralın 11-də cənab Prezident tərəfindən imzalandı. Təbii ki, bu proqramın əsas mahiyyət etibarı bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla, rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılması idi. Hökumət neftdən əldə edilən gəlirləri qeyri-neft sektoruna yönəltməklə ölkə iqtisadiyyatında tarazlı inkişafına nail olmağı hədəfləyirdi. Bu müstəvidə, regionların inkişafının sürətləndirilməsi Azərbaycanın iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirildi. Lakin hökumət təkcə bu proqramı təsdiq etməklə də kifayətlənmədi və proqramın icrası ciddi nəzarətə götürüldü. Yəni bu istiqamətdə görülən işlər bilavasitə dövlət başçısı İlham Əliyev tərəfindən şəxsən nəzarətə alındı. 2005-ci ildən başlayaraq, hər il fevral ayında xüsusi olaraq, proqramın icrası ilə bağlı ölkə prezidentinin iştirakı ilə geniş tərkibli konfranslar keçirildi. Prezident proqram çərçivəsində həyata keçirilən işlərin gedişi ilə tanış olmaq üçün, demək olar ki, ölkənin bütün rayonlarında, bölgələrində, kəndlərində səfərdə oldu. Məhz bu ardıcıl səfərlərin nəticəsi olaraq, respublikanı əhatə edən bütün bölgələrdə- Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalandı. Bu danılmaz faktdır ki, dövlət proqramının qəbulundan sonra bütün bölgələrdə yeni müəssisələr yaradılıb, quruculuq və abadlıq işləri uğurla davam etdirilib. Belə ki, proqram qəbul olunandan sonrakı beş ildə bütün regionları əhatə etməklə, 27 min 500 yeni müəssisə və 766 mindən çox yeni iş yeri açılıb. Bu müəssisələrin 40 faizi, iş yerlərinin isə 80 faizi regionların payına düşür. Dövlət əsaslı vəsait qoyuluşu, Heydər Əliyev Fondunun dəstəyi və digər mənbələr hesabına 1300-ü regionlarda olmaqla, 1600 məktəb binası inşa edilib. Regionlarda səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi və idmanın inkişafı məqsədi ilə son beş ildə 16 yeni xəstəxana, 42 ambulatoriya-poliklinika, 42 özəl tibb müəssisəsi, 8 diaqnostika mərkəzi, 19 feldşer məntəqəsi, 18 olimpiya- idman kompleksi tikilib istifadəyə verilib. 15 olimpiya idman kompleksinin və 9 diaqnostika mərkəzinin tikintisi davam etdirilir. Bu illər ərzində əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, o cümlədən, əlillər üçün 7 bərpa mərkəzi tikilib istifadəyə verilib. Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı da daim diqqət mərkəzində olmuş, bu məqsədlə Dövlət Neft Fondundan 464 milyon manatdan çox vəsait xərclənməklə, 54 yeni qəsəbə salınıb, 15 mindən çox ev tikilib. 2007-ci ilin dekabr ayında sonuncu çadır şəhərciyi, ümumiyyətlə isə, 12 çadır şəhərciyi ləğv edilib. Dövlət regionlardakı sahibkarların maliyyəyə olan tələbatını ödəyib. 2004-2008-ci illər ərzində dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcmi ilbəil artırılıb, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə 7 min investisiya layihəsinə 324 milyon manat kredit verilib. Bu layihələrin 87 faizi, kreditlərin isə 70 faizi regionların payına düşür. Bundan əlavə, Dövlət Proqramının icrası ilə bağlı regionlarda həyata keçirilən layihələrin maliyyələşdirilməsinə beynəlxalq maliyyə qurumlarından 2,2 milyard dollar məbləğində kredit cəlb edilib.
Hazırda Dövlət Proqramının icrası uğurla davam etdirilir
Artıq bildiyimiz kimi, başlanmış işlərin davam etdirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilib. Hazırda proqramın icrası uğurla davam etdirilir. Prezident İlham Əliyevin respublikanın regionlarına etdiyi səfərləri də proqramın uğurla icra olunmasının göstəricisidir. Səfərlər zamanı məlum olur ki, bölgələrdə görülən genişmiqyaslı işlər nəticəsində iqtisadi fəallıq və təşəbbüskarlıq artıb, yeni iş yerləri açılıb, əhalinin rifahı daha da yüksəlib. Həmin bölgələrdən biri də respublikanın qərb rayonlarıdır. Dövlət proqramları çərçivəsində görülən işlərdən Naftalan və Goranboy rayonlarının da payına müəyyən töhfələr düşüb. Naftalanda "Qaşaltı" sanatoriyası öz qonaqlarının üzünə açıqdır. Xatırladaq ki, bu sağlamlıq ocağının açılışını ölkə başçısı İlham Əliyev edib. Qeyd edək ki, "Qaşaltı" sanatoriya kompleksi "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində inşa olunub. Naftalan neftinin əsas təsiredici maddəsi geniş spektrli müalicə xüsusiyyətlərinə malik naften karbohidratıdır. Sanatoriyanın geniş əyləncə mərkəzində 3D kinoteatrı, boilinq, bilyard və oyun zalları yerləşir.
Goranboyda da məcburi köçkünlər üçün salınmış yaşayış məhəlləsi də artıq vətəndaşların ixtiyarındadır. Məhəllə 688 məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Birinci mərhələdə burada 165 ailə məskunlaşıb. 20 hektar sahədə salınan məhəllə bütün müvafiq sosial-texniki infrastrukturu olan 12 beşmərtəbəli binadan, 360 şagird yerlik məktəbdən, 150 yerlik uşaq bağçasından, musiqi məktəbindən və inzibati binadan ibarətdir.
Təbii ki, regionların inkişafı ilə bağlı nəzərdə tutulan proqramların icrasında məqsəd demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulması, bu dövlətin hər qarışının dəyərinin artırılması, insanlarının rifah halının yaxşılaşdırılmasıdır. Ötən illər ərzində regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək istiqamətində uğurlu addımlar atılıb. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı sürətləndirilib, aqrar sektorda islahatlar dərinləşdirilib, əhalinin məşğulluğu artırılıb, yoxsulluğun səviyyəsi azaldılıb, regionlardakı infrastruktur yeniləşdirilib, əlverişli investisiya şəraiti yaradılıb, müasir tipli müəssisələr, yeni iş yerləri yaradılıb. Bir sözlə, bu istiqamətdə sistemli tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir.