PDF Oxu

Sosial

  • 6

“Diffamasiya haqqında" qanunun qəbul olunmasının zamanı deyil

“Diffamasiya haqqında" qanunun qəbul olunmasının zamanı deyil

Azərbaycanda mətbuat və söz azadlığının təmini ilə bağlı vəziyyəti qənaətbəxş hesab etmək olarmı? Bəzi ekspertlər "Diffamasiya haqqında" qanunun qəbul olunmasının zamanının yetişdiyini bildirirlər. Fərqli düşünənlər də var. Doğurdanmı bu qanunun qəbul olunmasına zərurət yaranıb? Bu suallara aydınlıq gətirmək üçün qəzet baş redaktorlarına müraciət etdik.

Nigar Almanqızı,
"Mərkəz" qəzetinin baş redaktoru:

- Azərbaycanda mətbuat və söz azadlığının təmini ilə bağlı vəziyyət kifayət qədər qənaətbəxşdir. Azərbaycanda mətbuatın daha yaxşı inkişaf etməsi üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Hər zaman ölkə mətbuatı və dövlətin diqqət və qayğısı ilə əhatə olunub.
Hesab edirəm ki, indiki məqamda "Diffamasiya haqqında" qanunun qəbul olunmasına ehtiyac yoxdur. Çünki ölkə mətbuatında, hələ ki, bu qanunun qəbul olunmasının zamanı çatmayıb.

Elçin Mirzəbəyli,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru:

- Azərbaycan dövlətinin mətbuat və söz azadlığının təmin edilməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verməkdədir. Bu da media qurumlarının timsalında özünü açıq şəkildə büruzə verir. Mətbuatın inkişafı ilə bağlı qəbul olunan konsepsiya və bu konsepsiya əsasında həyata keçirilən tədbirlər Azərbaycan dövlətinin mediaya və söz azadlığına olan münasibətinin bariz göstəricisidir.
Əgər bu gün Azərbaycan dövləti bu və ya digər qanunların ölkə mətbuatında tətbiq olunmasına ehtiyac görürsə, yəqin ki, bu istiqamətdə də mövzu situasiyanın buna zəmin yaratdığını bütövlükdə ölçüb-biçib. Hesab edirəm ki, istənilən qanunun qəbulu və məhdudiyyətlər insanın məsuliyyətini əvəz edə bilməz. Əgər Azərbaycan mediasında jurnalistlər öz işlərində məsuliyyətli olacaqlarsa, söz və mətbuat azadlığında öz şəxsi maraqları və başqalarının şəxsi həyatlarına müdaxiləsi üçün istifadə etməyəcəklərsə, o zaman təbiidir ki, "Diffamasiya haqqında" qanunun qəbulu mətbuatda hər hansı bir problem yaratmayacaq. Təbii ki, bir sıra mətbuat orqanları "Diffamasiya haqqında" qanunun qəbul olunmadığı bir zamanda belə media və söz azadlığından sui-istifadə edirlər. Ancaq bu, ona əsas vermir ki, biz formalaşmış və peşəkar mətbuat orqanlarının nümayəndələri, məhz həmin jurnalistləri nəzərə alaraq, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində addımlar atmayaq.

Digər xəbərlər