PDF Oxu

Sosial

  • 11

Siyasi partiyalar haqqında qəbul ediləcək qanun partiyaların inkişaf perspektivinə və dövlətçilik prinsiplərinə xidmət etməlidir

Siyasi partiyalar haqqında qəbul ediləcək qanun partiyaların inkişaf perspektivinə və dövlətçilik prinsiplərinə xidmət etməlidir
Siyasi partiyalar haqqında yeni qanunun işlənib hazırlanması və partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi həm siyasi ictimaiyyətin, həm də mətbuatın marağında olan mövzulardandır. Bu məsələ ətrafında cəmiyyətdə aparılan müzakirələr zamanı irəli sürülən rəy və təkliflərin yeni qanuna daxil edilməsi də istisna edilməyən hallardandır. Qeyd edək ki, siyasi partiyalarla bağlı qanunvericilik aktının yeniləşdirilməsi, siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsi məsələsilə bağlı maraqlı mövqelər ortaya qoyulmuşdur. Ümumi rəyə görə, siyasi partiyalar bir sıra prinsiplərə uyğun olaraq dövlət tərəfindən maliyyələşməlidir. Eyni zamanda, burada beynəlxalq təcrübənin də az rol oynamadığı bəllidir. Belə ki, Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Bahar Muradova məsələ ilə bağlı mətbuata münasibətini açıqlayarkən, vurğulayıb ki, "biz də bir hakim partiya və onun təmsilçiləri olaraq, düşünürük ki, ilk növbədə, dövlət maliyyələşməsi olmalıdır".
Lakin ortada digər maraqlı nüansa toxunularaq qeyd edilib ki, əgər siyasi təşkilatlar dövlət tərəfindən maliyyələşdirilsə, o zaman bu vəziyyət istənilən partiyalarda tətbiq oluna bilməz. Yəni dövlət maliyyəşməsi ucdantutma hamıya şamil edilə bilməz və edilməməlidir. Bu barədə də münasibət bildirən vitse-spiker bildirib ki, bunun üçün müvafiq kriteriyalar olmalıdır: "Siyasi təşkilatların, partiyaların seçkilərdə iştirakı, əldə etdikləri səslərin faizlə göstəricisi, onların Azərbaycan ərazisindəki struktur şəbəkəsi, üzvlərinin sayı, parlamentdə təmsilçiliyi və s. nəzərə alınmalıdır".
Maliyyələşdirmənin hansı istiqamətdə aparılacağı, bu maliyyənin hansı məqsədlərə xərclənməsi də diqqətçəkici amillərdən hesab oluna bilər. Bahar Muradovanın fikirlərini şərh edərkən bu cür qənaətə gəlmək mümkündür. Məsələ ondadır ki, hazırda Azərbaycanda, sadəcə, adını elan etmiş 100-dən çox partiya var və bu baxımdan, heç şübhəsiz ki, onların hamısı maliyyələşdirilə bilməz. Əgər maliyyələşmə olacaqsa, partiyalar da bu maliyyəni əldə etmək uğrunda hansısa kriteriyalara cavab vermək zorunda qalacaqlar və məhz bu müəyyənləşdirilmiş kriteriyalara cavab verən siyasi qüvvələr də həmin maliyyəni əldə edəcəklər. Bu isə sonda nəticə etibarilə dövlət maliyyələşməsi əldə edən həmin siyasi partiyaların, təşkilatların inkişafına, onların fəallaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, bu məsələ özlüyündə Azərbaycanda siyasi partiyaların yerinin və rolunun artırılmasına yönələn bir məsələdir.
Bu əsnada siyasi partiyaların elektoratı, say kvotası da önəm daşımaqdadır. Məsələn, bəzi siyasi partiyalar dövlət qeydiyyatına alınmaq üçün tələb olunan 1000 nəfərlik imzanın artırılaraq 5 minə, 10 minə çatdırılmasını təklif edirlər. Bu təklifi ortaya qoyarkən həmin dairələr bunu siyasi meydanın "cırtdan partiyalardan", "ailə partiyalarından", "qohum-əqrəbadan ibarət olan partiyalarından" təmizlənməsi naminə səsləndirdiklərini bildirirlər. Lakin təklif edilsə ki, partiyaların dövlət qeydiyyatına alınması üçün tələb olunan rəqəm 1000 nəfərlik imza yox, 2000 və ya daha çox olmalıdır, o zaman dərhal müxalifət partiyalarının bir çoxu köhnə ab-havalarına qapılaraq deyəcəklər ki, "iqtidar siyasi partiyaları ortadan çıxarmaq üçün rəqəm müəyyənləşdirib, yaxud müəyyənləşdirmək niyyətindədir".

Digər xəbərlər