PDF Oxu

Sosial

  • 16

Sosial proqramlar əhalinin həyat səviyyəsini yüksəldir

Sosial proqramlar əhalinin həyat səviyyəsini yüksəldir

Regional inkişaf proqramlarının hərtərəfli yeniləşdiyi, ənalinin rifah halının yaxşılaşdığı bölgələrdən biri də Göygöl rayonudur. Mədəni həyat, xidmət sahəsi də günün tələbləri səviyyəsində yenidən qurulub, adamların həyatına rahatlıq, zənginlik gətiribdir.
Bütün yaşayış məntəqələrində kommunikasiyalar təzələnir, yeni sosial-mədəni obyektlər tikilir, köhnələri təmir edilir. Yaşayış məntəqələri hamısı fasiləsiz elektrik enerjisi alır, qazlaşma şəbəkəsi genişlənir. Telefonlaşma sürətlə gedir, təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazası yeniləşdikcə, gücləndikcə gözlənilən uğurlar da çoxalır.

İnfrastrukturda müasir inkişaf tendensiyaları

Rayonda sosial mənşəli infrastrukturun müasir standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər, mütəmadi olaraq, uğurla həyata keçirilməkdədir. Bu baxımdan, qaz təsərrüfatının bərpası və inkişaf etdirilməsi Göygöl rayonunda da uğurla həyata keçirilir. Ötən il ərzində Göygöl şəhərindəki Aşıq Ələsgər küçəsində 360 metr, Aşıq Şəmşir küçəsində 2200 metr paylayıcı su xətləri dəyişdirilib, Aşıq Ələsgər küçəsində 300 metr kanalizasiya xətti yenisi ilə əvəz edilibdir. 16363 ev təsərrüfatından 36,4 faizi içməli su xəttinə qoşulmuşdur. Rayonda saniyədə 50 litr su daxil olan 4,8 kilometr Ağsu - Gəncə saniyədə 10 litr su verən 14 kilometr Zurnabad - Göygöl içməli su xətləri və Gəncə çayı üzərində quraşdırılmış gücü saniyədə 25 litr olan su-nasos stansiyası əhaliyə xidmət edir. Göygöl şəhərinin su təchizatı sisteminin yenidən qurulması və Kürək çayından 25 kilometr magistral su kəmərinin çəkilişi ilə bağlı texniki-iqtisadi əsaslandırmalar, layihə-smeta sənədləri işlənilib hazırlanır. Əkin sahələri mənbəyi Gəncə, Qoşqar və Kürək çaylarından götürülmüş 17,5 kilometr qapalı boru şəbəkəsi, 1644,5 kilometr suvarma kanalları, 185 subartezian quyusu və 9 su-nasos stansiyası vasitəsilə suvarılır.
Ötən dövrdə rayonda qaz təchizatının yaxşılaşdırılması məqsədi ilə 23,9 min manat dəyərində təmir-bərpa işləri aparılıb, bunun da nəticəsində 22 yaşayış məntəqəsində 9077 abonent təbii qazla təmin edilibdir. Göygöl rayon icra hakimiyyətinin məlumatına görə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 20 illik fasilədən sonra rayonunun Çaylı kəndinə mavi yanacaq verilib. İlkin mərhələdə əvvəllər qaz alan 96 abonentin mənzilində sayğac quraşdırılıb və qaz təchizatı bərpa olunub. Son bir ildə rayonunun müxtəlif yaşayış məntəqələrində 550 abonentin qaz təchizatı bərpa olunub. Həmçinin, Gəncə-Göygöl magistral avtomobil yolunun Göygöl şəhərinə daxil olan 1,6 kilometrlik, ikitərəfli hissəsi və 14 kilometrlik Göygöl-Şəhriyar, 7 kilometrlik Topalhəsənli-Kərimli avtomobil yolları müasir tələblərə uyğun yenidən tikilərək asfalt örtük salınmışdır. Aşıqlı-Köşkü-Üçbucaq, Çaykənd-Qarabulaq-Sarısu, Yalqışlaq-Danayeri, Hacıməlik-Gəncə, Çaykənd-Toğanalı, Mixaylovka-Göyçəkənd, Yeni Zod-Çaykənd, Gəncə-Zurnabad kəndarası avtomobil yolları cari təmir edilibdir. Hacıməlik qəsəbə, Mollacəlili və Şəhriyar kənddaxili yollarına, Göygöl şəhərinin yeni salınmış yaşayış massivlərində 16 küçəyə çınqıl tökülüb, mərkəzi küçələrə və səkilərə 22,9 kilometr asfalt örtük salınıbdır.

Göygöldə turizmin inkişafı
2011-ci ilin "Turizm ili" elan olunması Göygöl rayonunda bu sahənin inkişafına müsbət təsiri olub. Qeyd edək ki, Göygöl respublikanın ən gözəl təbiət muzeyi sayılır. Xüsusilə də, 1925-ci ildə Göygöl Dövlət Təbiət Qoruğu elan olunduğu dövrdən 1948-ci ilə kimi ərazisi təqribən 1200 hektar olub və həmin ildə elə o qədər meşə sahəsini ona əlavə ediblər. Yəni, bu ərazilərdə genişlənmələr olub və qoruğun sahəsi 1958-ci ildə daha da böyüdülərək 6739 hektara çatdırılıb. Lakin 1961-ci ildə SSR Ali Sovetinin qərarı ilə Azərbaycanda bir neçə ovçuluq təsərrüfatı, Göygöl Dövlət Təbiət Qoruğu ləğv edildiyinə görə, qoruğun ərazisi parçalanaraq meşə hissəsi Gəncə Meşə Təsərrüfatına, açıq sahəsi isə Dövlət Torpaqları Fonduna qaytarılıb. 1965-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Göygöl təkrarən Dövlət Təbiət Qoruğu elan edilib. Bu gün bu füsunkar məkanın sahəsi 12755 hektara çatdırılıb ki, onun 5094 hektarı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir. Göygöl Milli Parkı da məhz bu səbəbdən yaradılıb. Bu parkın yaranması, həmçinin, Azərbaycanda yaşayan insanların Göygölü görməsinə şərait yaradacaq. Eyni zamanda, parkın yaranması həmin ərazilərdə yaşayan insanların həyatında mühüm rol oynayır. Belə ki, bura gələn turistlər Göygölün ətrafında olan kəndlərdə yaşayan insanların həyat tərziylə maraqlanır. Onu da vurğulamaq lazımdır ki, kənd şəraitində yaşayan insanlar arasında yoxsulluğun aradan qaldırılması üçün dövlətin atdığı ən uğurlu addımlarından biri də Göygöl Milli Parkının yaradılmasıdır.Bu ərazidə Göygöldən başqa 17 xırda göl var ki, onlardan 14-nün adı xalq arasında daha çox tanınır: Maralgöl, Zəli, Qara, Güzcü, 2-ci Zəli gölü, Ördək, Quş, Ayı, Çoban, Turist və s. göllərdir. Adları çəkilən göllərin hər biri özünə məxsus şəkildə gözəl, füsunkar və möcüzəlidir. Burada, həmçinin, bir çox xəstəliklərin müalicəsi üçün 423 növdə olan bitkilər var. Bunların 76 növü ağac və kollardır, yerdə qalanları isə çəmənlik, dərman və zəhərli bitkilərdir.

Son 7 ildə rayonda 14 yeni istehsal sahəsi yaradılıb
Belə ki, son 7 ildə yaradılan maddi baza rayonu daha sürətli inkişaf yoluna çıxarmışdır. Bu müddətdə 14 yeni istehsal sahəsi yaradılıb, 4047-si daimi olmaqla 5010 yeni iş yerləri açılıbdır. Rayon üzrə 470 hüquqi, 1446 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 78 kollektiv kəndli fermer təsərrüfatı, 197 kiçik müəssisə, 7 səhmdar cəmiyyət var. Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 2011-ci ilin birinci rübündə rayonun orta və kiçik sahibkarlarından 3 nəfərinə 40 min manat güzəştli kredit verilibdir.
Həmçinin, rayonun 2000-ə yaxın fermeri 2009-2010-cu il ərzində ayrılan vəsaitdən bəhrələnərək, öz təsərrüfatlarını genişləndirirlər. Artıq Göygöldə istehsalçı və fermerlərə dövlət tərəfindən ayrılan subsidiyalar və kənd təsərrüfatına maddi marağı artırmaq üçün 481 min 112 manat yardım göstərilib. Bu subsidiyalardan 241 min 464 manatı rayonda 1227 hektar ərazidə təsərrüfat işləri ilə məşğul olan 1706 fermerə sahələrinin bir hektarına görə 40 manat olmaqla ödənilib və bu proses artıq başa çatıb. Bundan başqa ümumi yardımın 253 min 47 manatı Göygöldə taxıl toxumçuluğu ilə məşğul olan 18 təsərrüfat sahibinin payına düşüb.
Göstərilən uğurlar, onu deməyə əsas verir ki, qarşıdakı müddət ərzində də Göygöl rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, 2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün bütün qüvvələr səfərbər ediləcəkdir.

Digər xəbərlər