PDF Oxu

Sosial

  • 19

Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək

Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək

Azərbaycan Ermənistanın xarici havadarlarının yardımı ilə işğal etdiyi torpaqlarının azad olunması üçün bütün mümkün vasitələrdən istifadə etməkdədir. Ermənilərin işğal etdikləri, lakin hüquqi cəhətdən Azərbaycana aid olan Dağlıq Qarabağ ərazisində bütün mədəniyyət abidələri dağıdılıb, hətta rayonların da adlarını belə dəyişdirməyə cəhd göstərilib.

Lakin bu gün hər bir azərbaycanlını düşündürən bir sual var: nəyə görə, dünya birliyi Azərbaycanın ərazi bütövlüyünə qəsd edilməsi faktına göz yumur. Bu azmış kimi bəzi dövlətlər terroru dövlət siyasətinin tərkib hissəsi olaraq dəstəkləyən Ermənistana yardımlar edirlər? Məlum məsələdir ki, siyasətdə dünyanı maraqlar idarə edir və Ermənistanı dəstəkləyən həmin qüvvələr də məhz " dünyanı maraqlar idarə edir" sitatı ilə çıxış edirlər. Amma qətiyyətli Azərbaycan xalqı ümidini itirmədən bir gün Xankəndində Azərbaycan bayrağının dalğalanmasının şahidi olacaq.
Millət vəkili Musa Qasımlı qəzetimizə verdiyi açıqlamasında bildirdi ki, əgər təcavüzkar dövlət olan Ermənistan işğal etdiyi Dağlıq Qarabağı və ətraf 7 rayonu qeyd-şərtsiz boşaldarsa, Azərbaycan tərəfinin silahlı qüvvə tətbiq etməyə ehtiyacı qalmaz: "Bundan əlavə, işğalçı dövlət işğal altında olan əraziləri geri qaytararsa, o zaman beynəlxalq hüquq prinsiplərinə də əməl etmiş olur. Əgər Ermənistan tutduğu qeyri-konstruktiv, qeyri-adekvat mövqeni davam etdirərsə, beynəlxalq sənədləri yerinə yetirməzsə, o zaman Azərbaycan istənilən vasitə ilə öz ərazilərini işğaldan azad edə bilər. Bu hüququ dövlətimiz özündə saxlayır və hansısa bir ölkənin buna qarışmağa, Azərbaycanın daxili işinə müdaxilə etməyə qətiyyən haqqı yoxdur. Azərbaycan heç bir dövlətin ərazisinin uğrunda deyil, öz ərazisini işğalçılardan, separatçı qüvvələrdən təmizləmək uğrunda mübarizə aparır".
Millət vəkili onu da vurğuladı ki, əslində, dövlətlər arasında olan münaqişələr, müharibələr çox tezliklə sülh yolu ilə həll olunmur. Müəyyən zaman kəsiyində həll olunur, bəzən yarımçıq qalır. Nə az - nə çox, düz 20 ildir həlli prosesi düyünə düşən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də məhz Ermənistan dövlətinin qeyri-adekvat addımları ucbatından həll olunmamış qalır. Sarkisyanın bilinməyən, qeyri-real mövqeyi bunun bariz nümunəsidir. Lakin Sarkisyan haqqında deyilən bütün bu məlumatları təkzib edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ prosesinin sülh yolu ilə həllinin bu qədər uzun çəkməsində Azərbaycanı günahlandırır. Bu isə, onun dar təfəkkürünün məhsuludur, dünyanı qaranlıq görür, gördüyü kimi də qəbul edir və yaxud da reallıqları bilir, lakin böhtan, şər xarakterli ampluasından çıxış edir.
Millət vəkili Ermənistanın regionda sülhə, sabitliyə təhlükə mənbəyi oduğunu bildirdi. Təcavüzkar dövlətin bütün addımları ilə regionun sosial-iqtisadi tərəqqisinə və xalqların həyat şəraitinin yaxşılaşdırılmasına, bu ölkələrin inteqrasiya proseslərinə Avropa ailəsinə daha möhkəm daxil olmasına və demokratikləşməsinə əngəl yaradır. Bu gün Cənubi Qafqaz regionunda inkişafa əngəl yaradan Ermənistan və Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. Ermənistan bütün beynəlxalq aləmdə utanmadan deyir ki, biz müharibə olmadan sülh, danışıqlar yolu ilə məsələni həll etmək istəyirik.
Hər gün sosial-iqtisadi vəziyyəti daha da ağırlaşan, çətinləşən işğalçı Ermənistan dövləti, nəhayət ki, bir gün öz siyasi oyununun qurbanına çevriləcək. Ümumiyyətlə, təcavüzkar Ermənistan bir dövlət kimi tədricən dünya xəritəsi üzərindən silinəcək.
M.Qasımlı prezidentlərin iyun ayında nəzərdə tutulan görüşlərini nəzərdə tutaraq qeyd etdi ki, Azərbaycan dövləti danışıqlar aparmaq naminə masa arxasında əyləşmir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman sülh, sabitlik tərəfdarı olub və yalnız real nəticələrdən çıxış edir. Real nəticə də ondan ibarətdir ki, Azərbaycan dövlətinin ərazisi olan torpaqları geri qaytarılsın və Dağlıq Qarabağdakı separatçı qüvvələr tərəfindən qeyd-şərtsiz boşaldılsın.
Millət vəkili açıqlaması zamanı onu da vurğuladı ki, hazırda Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan dövləti xüsusi yer tutub və bunu neytral beynəlxalq ekspertlər də hər zaman etiraf edirlər. Ümumiyyətlə, dövlətimizin yürütdüyü xarici iqtisadi siyasət bu gün hər kəsə bəllidir. Heç bir ölkə öz-özlüyündə inteqrasiya etmədən iqtisadi inkişaf yolunu keçə bilməz. Müstəqil Azərbaycan dövləti isə bütün maneələrdən keçərək, özünün iqtisadiyyatını, müstəqilliyini qurdu və yaratdı.

Digər xəbərlər