Rusiya prezidentinin təşəbbüsü ilə iyun ayında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqların növbəti mərhələsi kimi Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşünün təşkili nəzərdə tutulur. Bu görüşdə gözləntiləriniz nələrdən ibarətdir? Bu suallara aydınlıq gətirmək üçün, müsahiblərimizə müraciət etdik.
Elman Nəsirov, politoloq:
- Bildiyiniz kimi, geridə qoyduğumuz 2010-cu ildə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədi ilə iki ölkə prezidentinin görüşmək təşəbbüsləri Rusiya prezidentinin təklifi nəticəsində reallaşıb. Məhz 2011-ci il mart ayının 5-də Rusiya başçısının təşəbbüsü və iştirakı ilə Soçidə Ermənistan-Azərbaycan prezidentləri yenidən görüşdülər. Hər dəfə Ermənistan-Azərbaycan prezidentlərinin görüşü nəticəsində bizdə də müəyyən ümidlər yaranır. Ancaq burada Azərbaycan tərəfinin narazı qaldığı cəhət onunla bağlıdır ki, hətta bunu Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında bildirib ki, biz danışıqları, danışıqlar naminə aparmaq və Azərbaycan tərəfi olaraq da Ermənistanın müddətsiz danışıqlar taktikasını qəbul etmək fikrində deyilik. Hesab edirəm ki, Ermənistanın mövqeyində bir konstruktivlik ortaya çıxmalıdır. Sonuncu Soçi görüşündən sonra bu sahə ilə bağlı bizim rəsmilərimizin dilindən bu cür fikirlər səsləndi ki, bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müəyyən müsbət tendensiyalar müşayiət olunub. Yəni, bu münaqişənin sülh yolu ilə həll olunmasında, müəyyən irəliləyiş tempi qeydə alınıb. Amma çox təəssüflər olsun ki, Soçi görüşündən sonra 9 yaşlı Fariz Bədəlovun erməni snayperləri tərəfindən qətlə yetirilməsi faciəsi bir daha onu göstərdi ki, Ermənistan yenə də öz köhnə ampluasındadır. Sadəcə olaraq, beynəlxalq ictimai fikri növbəti dəfə aldatmaq və özünün sülhpərvər obrazını yaratmaq üçün bu danışıqlara gedir. Bu nöqteyi-nəzərdən, təbii ki, iyun ayında keçirilməsi nəzərdə tutulan danışıqlarda Ermənistanın mövqeyində nə isə ciddi bir dəyişiklik baş verəcəyinə dair nikbin fikir söyləmək çətindir. Çünki Ermənistanın indiyə kimi nümayiş etdirdiyi davranışlar belə deməyə əsas verir. Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı aktlarına görə cavab verməlidir. Çünki onun cəzasız qalması digər xalqlara da fəlakətlər və bəlalar gətirə bilər. Hələlik isə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində səylər davam etdirilir. Bu mənada, prezidentlərin növbəti görüşündə münaqişənin tənzimlənməsi istiqamətində atılan addımlardan sayıla bilər. Baxmayaraq ki, bu görüşə də ümidlər çox azdır. Amma Ermənistanın anormal davranışlarına baxmayaraq, hesab edirəm ki, iyun ayında prezidentlərin növbəti görüşündə strateji yox, taktiki baxımdan müəyyən irəliləyişlərə nail oluna bilər.
Elşad Mirbəşiroğlu, politoloq:
- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədi ilə Ermənistan-Azərbaycan prezidentlərinin görüşləri, məhz Rusiya prezidentinin təşəbbüsü ilə təşkil olunub. Rusiya prezidentinin təşəbbüsü ilə iyun ayında Ermənistan-Azərbaycan prezidentləri yenidən bir araya gələcəklər. Bildiyiniz kimi, Rusiyanın təşkili ilə Ermənistan-Azərbaycan prezidentlərinin görüşlərinin sayca artıq 10-cu görüşü olacaqdır. Təbii ki, iki ölkə prezidentlərinin bundan əvvəlki görüşlərində də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlarda nəticə etibarı ilə konstruktiv addımlar atılıb. Eyni zamanda, Rusiya dünya ictimaiyyəti dairəsində öz siyasi simasını qorumaq üçün, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlarda müsbət nəticələrin əldə olunmasına çalışacaqdır. Bu baxımdan, hesab edirəm ki, RF-nin təşkili ilə iyun ayında Ermənistan-Azərbaycan prezidentlərinin növbəti görüşlərində bu münaqişənin həll olunması istiqamətində müəyyən irəliləyişlər olacaqdır.