PDF Oxu

Sosial

  • 10

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Qax rayonunda böyük təntənə ilə qeyd olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Qax rayonunda böyük təntənə ilə qeyd olunub
Bu günlərdə ölkənin dörd bir yanında Ulu Öndər, Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə genişmiqyaslı tədbirlər keçirilməkdədir. Azərbaycan xalqının yaddaşına ömürlük həkk olunmuş bu dahi şəxsiyyətin həyat yolunun Azərbaycan xalqının dirçəlməsinə, Azərbaycanın yüksək sürətli inkişafına həsr olunması Onun şəxsiyyətini səciyyələndirən ən mühüm cəhətlərdir. Bu səbəbdəndir ki, bu gün Azərbaycan xalqı dərin hörmət və ehtiramla Ulu Öndərin xatirəsini yad edir və onun gördüyü işləri yüksək qiymətləndirir. Ölkənin müxtəlif yerlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün böyük təntənə ilə qeyd olunması bunu deməyə əsas verir. Hələ bir ay öncədən bu münasibətlə tədbirlərin keçirilməsi, müxtəlif müsabiqələrin təşkil olunması bir daha Heydər Əliyev şəxsiyyətinə olan böyük hörmət və ehtiramı nümayiş etdirir. Belə tədbirlərdən bir də bu günlərdə Qax rayonunda baş tutub. Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının rayon Gənclər və İdman İdarəsi ilə birgə keçirdiyi mini-futbol turniri başa çatıb. Aprel ayının 23-də start götürən və mayın 7-sinə kimi keçirilən turnirdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərdən ibarət 12 komanda mübarizə aparırdı. Turnir rayon ictimaiyyəti tərəfindən maraqla izlənilmişdir. May ayının 7-sində keçirilən final oyunundan sonra təltifetmə mərasimində söz alan rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev qeyd etdi ki, 80 illik ömrünün 35 ilini Azərbaycan xalqı, Azərbaycan dövləti üçün, onun inkişafı üçün həsr edən Ulu Öndər Heydər Əliyev tarix yaşadıqca, dünya durduqca həmişə ehtiramla yada salınacaq, adı dillər əzbəri olacaqdır. Çünki Heydər Əliyev xalq üçün yaşayıb, xalqının şərəfini hər şeydən uca tutub. Respublikamızın iqtisadi, sosial və mədəni yüksəlişi üçün mümkün olan hər şeyə nail olub. YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov da çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətinin quruculuğunda oynadığı böyük rol haqqında danışaraq onun həyatının ən parlaq səhifələrini vərəqləmiş, Ulu Öndərin ibrətamiz həyatına və heyrətamiz tale yollarına nəzər salmışdır. O, Ulu Öndər haqqında fikirlərini bölüşərkən Onun əbədiyyət üfüqündə parlayan bir günəş olduğunu demişdir. Qax rayon Gənclər və İdman İdarəsinin rəisi Əlövsət Bayramov Ulu Öndər Heydər Əliyevin sovet dönəmindən indiyə kimi olan fəaliyyəti barədə danışaraq hələ o dövrlərdə onun Azərbaycanın gəncləri üçün gördüyü işlərin yüksək əhəmiyyətini qeyd etdi. Azərbaycanın dünya miqyasında tanınmasının məhz Ulu Öndər Heydər Əliyev dühasının adı ilə bağlı olduğunu deyən Ə.Bayramov bu gün də Ümummilli Liderin siyasi xəttinin layiqincə davam etdirilməsini nəzərə çatdırdı. Tədbirin sonunda turnirdə qalib gəlmiş komandalara YAP Qax rayon təşkilatı və rayon Gənclər İdman İdarəsi tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələr təqdim olundu.

Digər xəbərlər