Dünya Ermənistanı de-fakto işğalçı dövlət kimi tanıyır
Azərbaycan dünyada etibarlı tərəfdaş olaraq üzərinə götürdüyü öhdəliklərə heç zaman ötəri yanaşmır və yürütdüyü xarici siyasəti ilə milli maraqları ön planda nümayiş etdirir. Ümumiyyətlə, Azərbaycan müstəqil dövlət kimi hər hansı bir addım atanda da gələcəyi düşünür, milli maraqlarını müdafiə edir və qoruyur. Bu gün hökumət ən ağrılı və böyük problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll edilməsinə çalışır. Problemin dinc yolla tənzimlənməsi üçün cənab Prezident İlham Əliyev çox böyük uğur və səbrlə iş aparır. Bununla belə, bütün bu məsələdə beynəlxalq güclərin, ictimaiyyətin, dünyanın aparıcı, superdövlətlərinin köməyi olmalıdır və bu köməyi də gözləyirik.
Politoloq Cümşüd Nuriyev "Səs" qəzetinə açıqlamasında Azərbaycan tərəfinin mövqeyinin birmənalı və dəyişilməz olduğunu bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi müharibə yolu ilə deyil, sülh yolu ilə həll edilməlidir: "Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Dağlıq Qarabağın statusu mütləq Azərbaycan dövlətinin ərazi bütövlüyü çərçivəsində müəyyənləşməlidir. Ermənistan prezidenti, yaxud da xarici işlər naziri isə müxtəlif cəfəng bəyanatlar söyləyirlər. İşğalçı dövlət olan Ermənistanda siyasi hakimiyyətdə olan şəxslər bu yolla özlərinin, müvəqqəti də olsa, rejimlərini möhkəmləndirməyə çalışırlar".
Politoloq onu da bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tam həll olunandan sonra biz bir dövlət kimi bütün dünyaya, beynəlxalq aləmə haqlı olduğumuzu nümayiş etdirə biləcəyik. İşğalçı Ermənistan dövlətinin tutduğu qeyri-konstrukiv mövqe, ikili standartlar regionda sülhə, birmənalı olaraq, çox böyük əngəl törədir. Azərbaycanın başqa bir dövlətin, o cümlədən, Ermənistan kimi işğalçı, zərərverici bir dövlətin torpaqlarında qətiyyən gözü yoxdur. Əksinə, Azərbaycan dövlətinə aid olan torpaqlar təcavüzkar Ermənistan tərəfindən işğal olunub. Erməni rəhbərliyi anlamalıdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin başqa həlli yolu yoxdur. Əslində, regionda baş verən bütün proseslərə real nəzərlə baxsaq, görərik ki, işğal altında olan torpaqlarımızın qaytarılması üçün uzun bir müddət lazım gəlməyəcək. Azərbaycan çoxdan sülh yolu mövqeyini seçib. Azərbaycan dövləti öz tarixi torpaqları olan Dağlıq Qarabağı heç bir zaman mənfur ermənilərə güzəştə getməyəcək. Ümumiyyətlə, Azərbaycanın işğal altında olan torpaqları tərəflər arasında müzakirə predmetinə çevrilməyəcək.
C.Nuriyev əlavə etdi ki, Ermənistan tərəfi sülhə nail olmaq üçün cəhdlər etmək əvəzinə, sülhü pozmağa yönələn addımlar atır. Serj Sarkisyan, əslində, erməni xalqına böyük zərbələr endirir. Bütün bu gedişat Azərbaycan hakimiyyətinin diqqət mərkəzindədir və bu hadisələrin inkişafı Azərbaycanın xeyirinə işləyir. Azərbaycanın tam ixtiyarı var ki, öz ərazisini işğaldan azad etsin və ərazi bütövlüyünü bərpa etsin. Hansısa dövlətlərin bu prosesə müdaxiləsi, yaxud müdaxilə etməməsi diplomatik işlə bağlı olan məsələdir.
Politoloq Cümşüd Nuriyev onu da qeyd etdi ki, Azərbaycanın iqtisadi inkişafı iqtisadiyyatın bütün sahələrini əhatə edir və bu, göz önündədir. Bu inkişafı bir müddətdən sonra "Azərbaycan möcüzəsi" adlandıracaqlar. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan dövlətinin maraqlarını çox yüksək formada müdafiə edir. Düşünürəm ki, dövlətimizin haqlı, ədalətli mövqeyi əvvəl-axır mütləq qələbə ilə nəticələnəcəkdir.
Almatı və digər beynəlxalq forumlarda, situasiyalarda, görüşlərdə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri -ABŞ, Rusiya Fransa beynəlxalq hüququn təmin olunması istiqamətində öz səylərini ortaya qoyaraq, Ermənistanı inandırmalıdırlar ki, Ermənistan dövlətinin tutduğu qeyri-konstrukiv mövqe regionda sülhə əngəl törədir.