Azərbaycanda aparılan məhkəmə-hüquq islahatlarının əsas məqsədi xalqın ədalət məhkəməsinə inamını artırmaqdır. Ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hərtərəfli islahatlar bu gün dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Son illər ölkəmiz dünyada analoqu olmayan inkişaf sürətinə nail olmuşdur. Hazırda ölkə miqyasında nəhəng layihələr reallaşdırılır, Azərbaycanın iqtisadi potensialı dəfələrlə yüksəlir.
Əgər nəzərə alsaq ki, bütün dünyada iqtisadi böhran bir sıra dövlətlərin iqtisadi durumuna kifayət qədər mənfi təsir göstərib, bu halda, ölkə iqtisadiyyatımızın intensiv inkişaf etməsi yuxarıda qeyd olunan amillərin bariz nümunəsi qismində dəyərləndirilir. Eyni zamanda, böyük sosial layihələr, eləcə də, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində islahatlar geniş vüsət alır. Azərbaycanda iqtisadi inkişafın geniş addımlarla irəliləməsi, yeni iqtisadi münasibətlərin formalaşması və mülki dövriyyənin sürətlə artması məhkəməyə müraciətlərin sayının da dəfələrlə çoxalmasına səbəb olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarının icrası ilə bağlı son illər ardıcıl tədbirlər həyata keçirilmiş, o cümlədən, yeni regional apellyasiya və digər məhkəmələr yaradılmış, hakim korpusunun ən şəffaf və obyektiv prosedurlarla formalaşdırılması üçün yeni qaydalar tətbiq olunmuş, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayı 2 dəfə artırılmış, habelə, hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə, kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılmışdır.
Hakim ştatlarının sayı 25 faiz artırılmışdır
Yeni qanunvericiliyə uyğun olaraq, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə ölkəmizin tarixində, ilk dəfə olaraq, yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə, hakim ştatlarının sayının ötən il 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir.
Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, o cümlədən, əhatəli təhlillər aparılaraq, hakimlərin ştat sayı və məhkəmə aparatlarının strukturu müəyyən olunmuş, yeni inzibati binalar ayrılaraq, əsaslı təmir-tikinti işləri aparılmaqla məhkəmə fəaliyyətinə uyğunlaşdırılmışdır. Ölkə Prezidentinin Sərəncamları ilə həmin məhkəmələr yüksək hazırlıqlı hakimlər hesabına komplektləşdirilmiş və cari ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır. Həmçinin, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə təkcə ötən il 8 hakim Ali Məhkəməyə, 34 hakim isə apellyasiya məhkəmələrinə irəli çəkilmişdir. Eləcə də, 18 hakimin səlahiyyətlərinə işlərində olan nöqsan və çatışmazlıqlara görə xitam verilmişdir.
Hakimliyə namizədlərin təlimləri tematik baxımdan zənginləşdirilmişdir
Hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçilmə prosesi daimi olaraq davam etmir, çoxsaylı imtahan və müsahibələrdən ibarət olan seçim prosedurları çərçivəsində namizədlərin hakim vəzifəsinə hazırlanmaları üçün təşkil edilən təlimlərin müddəti, lazım gələrsə, uzadılır və tematik baxımdan xeyli zənginləşdirilir. Həmin təlimlər zamanı insan haqlarının qorunması, Avropa məhkəməsinin presedentləri, inzibati ədliyyə, korrupsiyaya qarşı mübarizə, məhkəmə etikası və digər aktual mövzuların tədrisinə xüsusi əhəmiyyət verilir, bu işə nüfuzlu beynəlxalq ekspertlər intensiv cəlb olunur, bütün namizədlərin Türkiyə Respublikasında yarımaylıq təlimi təşkil edilir.