Sahibkarlığa dövlət qayğısı artır
Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası öz bəhrəsini verməkdədir. Hazırda iqtisadiyyatın bütün sahələri inkişaf edir, əhalinin həyat səviyyəsi daha da yaxşılaşır.
Həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadi artım tempinə görə beynəlxalq miqyasda lider dövlətə çevrilərək, dünyanın ən islahatçı ölkəsi kimi tanınır. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə məsələ ilə bağlı "Səs" qəzetinə verdiyi açıqlamasında bildirdi ki, həyata keçirilən dövlət proqramları ölkə iqtisadiyyatını daha da inkişaf etdirir, insanların rifah halını daha da yaxşılaşdırır. Z.Səmədzadə bu nailiyyətlərdə xüsusi olaraq, sahibkarlığın daha yüksək inkişaf etdiyini söylədi: "Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlətin sahibkarlığın inkişafı üçün qayğı və səyini əsirgəmədiyini xüsusi qeyd etdi: "Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir".
Ötən il ərzində 73009 yeni, o cümlədən, 52721 daimi iş yeri açıldığını deyən Z.Səmədzadə son 7 ildə ölkədə 900 minə yaxın yeni iş yerinin açıldığını söylədi: " Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş ikinci Dövlət Proqramının icrasını əhatə edən 2009 və 2010-cu illərdə cəmi 146622, o cümlədən, 107236 daimi iş yerləri yaradılmışıdır. Son bir ildə açılmış daimi iş yerlərinin 14,1 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 20,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,7 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 64,7 faizi isə fiziki şəxslər tərəfindən yaradılmışdır. Həmin dövr ərzində ölkə üzrə açılmış yeni iş yerlərinin 77,9 faizi regionların, o cümlədən, 19,0 faizi Aran, 14,5 faizi Gəncə-Qazax, 8,2 faizi Quba-Xaçmaz, 6,9 faizi Lənkəran, 5,4 faizi Şəki-Zaqatala, hər biri 4.9 faiz olmaqla Abşeron və Naxçıvan, 14.1 faizi isə digər iqtisadi rayonların payına düşmüşdür. Ötən il yeni iş yerlərinin 91,0 faizi özəl sektorda, daimi iş yerlərinin 99,6 faizi isə qeyri-neft sektorunda açılmışdır, onlardan 5,8 faizi tikinti, 3,7 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 2,4 faizi emal sənayesi, 2.1 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 1,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 1,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,5 faizi maliyyə və sığorta fəaliyyəti, 1,3 faizi nəqliyyat və anbar təsərrüfatı, eləcə də, digər sahələr üzrə fəaliyyət göstərən müəssisələrdə yaradılmışdır".
Z.Səmədzadənin sözlərinə görə, ölkə iqtisadiyyatının dinamik inkişafında aparıcı rol oynayan sahibkarlığa dövlət qayğısı daha da artmaqdadır: "Ölkə iqtisadiyyatının dinamik inkişafında aparıcı rol oynayan sahibkarlar son illərdə regionlarda həyata keçirilən layihələrin miqyasını daha da artırıb. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən Dövlət Proqramında sahibkarlıq subyektləri ilə bağlı çox geniş və əhatəli tədbirlər öz əksini tapıb. Ümumiyyətlə, son 2 ildə 88 mindən çox sahibkarlıq subyekti qeydiyyata alınıb. Təkcə 2010-cu ildə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən, demək olar ki, hamısı regionlarda olmaqla 1430 investisiya layihəsinin maliyyələşdirilməsinə 115 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına ölkənin regionlarında müasir texnologiyaya əsaslanan istehsal və emal müəssisələri yaradılıb. Ötən il aqrar sahədə ildə 20 min ton quş əti, 60 mln. ədəd damazlıq, 17 mln. ədəd əmtəəlik yumurta istehsal edən 14 müasir quşçuluq, illik gücü 61 min ton olan 5 süd emalı zavodu və 5150 başlıq 5 südlük cins heyvandarlıq kompleksləri güzəştli qaydada maliyyələşdirilib. Kiçik və orta sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərilməsi davam etdirilib, ötən il ərzində 1374 kiçik sahibkara 20 milyon manat güzəştli kredit verilib".