PDF Oxu

Sosial

  • 514

Yaşıl meydanda şəhidlər yad edilib - FOTO

image

Minlərlə Vətən qeyrətli oğullarımız 44 günlük haqq savaşımızda düşməni məhv edərək Azərbaycanın hərb tarixinə qəhrəmanlıq salnaməsini yazdılar. Torpağı qanı ilə suvararaq müqəddəs edən şəhidlərimiz cismən aramızda olmasalar da, mənən qəlblərdə yaşayır, hər yerdə, hər zaman böyük ehtiramla xatırlanırlar. Zaman-zaman da onların Vətən sevgisi və qəhrəmanlığı gələcək nəsillərə daim örnək olacaq.
İndi respublikamızın bütün guşələrində şəhidlərin adı ilə bağlı vaxtaşırı tədbirlər təşkil olunur. Belə möhtəşəm tədbirlərdən bir dağlar diyarı Yardımlıda olub. Vətən uğrunda canından keçmiş şəhidlərin müqəddəs xatirəsinə ehtiram ifadəsi olaraq futbol turnirin final oyunu baş tutub.
Məlumat üçün bildirək ki, əsas məqsəd Vətən sevdalılarını qürurla, iftixarla yada etmək, göstərdiyi şücaəti gənc nəslə aşılamaq, həmçinin rayon gəncləri arasında idmana marağı artırmaq olan yarışda futbolçular şəhərdəki “Sahil” stadionunda mübarizəyə qoşulublar. Yaşıl meydanda rayonun müxtəlif yaşayış məntəqələrini təmsil edən futbol komandaları iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Turnirin final mərhələsində Vərgədüz və Zevin kənd futbol komandaları qələbə eşqi ilə meydana çıxıblar . Daha güclü olan Vərgədüz komandası 3:2 hesablı qələbə qazanaraq turnirdə birinci yeri tutub.
Şəhid ataların, Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəylinin, Yardımlı rayon Gənclər və İdman sektorunun müdiri Şəhriyar Şabiyevin, digər şəxslərin qatıldığı mərasimdə Vərgədüz komandasına Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən kubok, 550 manat məbləğində pul mükafatı və digər hədiyyələr təqdim olunub.
Mərasimində Vətən şəhidlərinin ailələrinə göstərilən xüsusi qayğı də razılığa səbəb olub. Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən xüsusi olaraq hazırlanmış, üzərində şəhidlərin rəsmləri həkk olunmuş köynəklər şəhid atalarına və şəhidlərin yaxınlarına verilib. Bu təşəbbüs şəhid ailələrinə olan ehtiramın və onların daim diqqət mərkəzində olmasının gözəl nümunəsi sayılıb.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər