Leyla Yunusova yenə də öz ampluasındadır
Uzun illərdir ki, qeyri-hökumət Təşkilatı fonunda, "Sülh və Demokratiya İnstitutu"nun direktoru kimi xəyanətkar fəaliyyətini siyasiləşdirərək, davam etdirən Leyla Yunusova eyni xislətini bu gün də davam etdirməkdədir.
Belə ki, zaman-zaman gah "siyasi məhbus", gah "vicdan məhbusu", gah da "media məhbusu" kimi ifadələri gündəmə gətirməyə cəhd edən L.Yunusova şəxsi maddi marağını güdməklə yanaşı, ölkənin də milli marağını xarici qüvvələrə satmaqda davam edir. Bu cür xəyanətkar mövqelər hesabına, necə deyərlər, "qaz vurub, qazan dolduran" satqın "ledi" göz doymazlığından irəli gələn nəfsi ilə daha da irəli gedərək, mənfur əməllərini ardıcıl olaraq davam etdirir. Yeri gəlmişkən, xatırlamaq yerinə düşərdi ki, həmin bu satqın "hüquq müdafiəçisi" hələ AXC-Müsavat iqtidarı dönəmində Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən və bilavasitə ön cəbhədə hərbi xidmət keçən əsgərləri qida məhsulları ilə təmin edən quruma rəhbərlik edirdi. Bu işdə ona əri Arif Yunusov "kömək" edirdi. Daha dəqiq desək, L.Yunusova həyat yoldaşı A.Yunusovla birgə "əsgərlərin boğazından kəsib" öz "boğazlarına" tökürdülər. Təbii ki, bu dərəcədə öz ölkəsinin bütövlüyü uğrunda canlarından-qanlarından keçən Azərbaycan əsgərinə xəyanət edəndən başqa heç bir şey gözləməyə dəyməz. Lakin bir nüans hər zaman ictimaiyyəti, sağlam düşüncəli insanları maraqlandırıb ki, bu qədər harınlamış və həyasızlaşmışlar yenə də rəzilliklərini aşkar şəkildə nümayiş etdirərək, nəyə görə hələ qanun qarşısında cavab verməyiblər? Yəqin ki, bu amil tezliklə öz həllini tapacaq...
Ancaq başqa məqamlar da var ki, onlardan da yan keçmək mümkünsüzdür. Məsələn, "siyasi məhbus" tandemini ortaya atan L. Yunusova dəfələrlə müəyyən rüşvət alması qarşılığında islah-əmək koloniyalarına gedərək, oradakı cinayətkar ünsürlərin ad və soyadlarını öz siyahısına əlavə edib, Avropadakı "məsləkdaşlarına" göndərirdi. Əvəzində həm Avropadan, həm də buradakı cinayətkarlardan külli miqdarda kirli qazanclar əldə edirdi. Bunu etməklə, yeni qrant layihələrinə imza atıb, guya "demokratiya" carçısı olduğunu "gözə soxurdu".
Bu gün, "Sülh və Demokratiya İnstitutu"nun rəhbəri kimi, xarici anti-Azərbaycançı qüvvələrə nökərçilik edən L.Yunusova yenidən gördüyü bəd əməllərini işıqlandırmaqdan ötrü özünə mətbuat konfransı düzənləyib. Amma bu mətbuat konfransına dəvət olunanlardan, demək olar ki, heç bir təşkilat orada iştirak etməyib. Çünki bu adamın xisləti artıq hər kəsə bəllidir. Eyni zamanda, xatırladaq ki, L.Yunusova yaxın ərəfələrdə Qərbdəki anti-Azərbaycan mövqeli qüvvələrdən 100 min dollar miqdarında qrant alıb. Lakin bu barədə açıqlama vermək istəməyən siyasiləşmiş "hüquq müdafiəçisi" ABŞ-dan aldığı qrantı nədənsə İran mollalarına xərcləməsi ortada müəyyən sualları doğurur. Çünki bunu deməyə bəzi təkzibolunmaz əsaslar var. Həmin əsaslardan ən birincisi odur ki, yuxarıda qeyd etdiyimiz kimi, onun mətbuat konfransına yalnız bir telekompaniya - İranın "Səhər 2" kanalının nümayəndələri qatılıb. Buradan da məlum olur ki, ABŞ-da fəaliyyət göstərən təşkilatdan aldığı qrantı İranın xeyirinə xərcləməsi arxasında çox məsələlər dayanıb. Bu məsələlərin də tez bir zamanda ifşa olunacağı heç kimdə şübhə doğurmur. Yəqin ki, ictimaiyyət tezliklə L.Yunusovanın xəyanətkar obrazını dəmir barmaqlıqlar arxasında görəcək...