“Zərifə Əliyeva xalqın sevimli ziyalısıdır"
Dünən Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının Qadınlar Məclisinin təşkilatçılığı ilə Zərifə xanım Əliyevanın əziz və unudulmaz xatirəsinə həsr olunmuş "Zərifə Əliyeva xalqın sevimli ziyalısıdır" mövzusunda elmi-praktiki konfrans keçirildi.
Konfrans iştirakçıları əvvəlcə Fəxri Xiyabana gələrək, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə əklil qoyulmuş, xatirəsi ehtiram göstərildi. Sonra akademik Zərifə xanım Əliyevanın xatirəsini anma tədbiri YAP Səbail rayon təşkilatının qərargahında davam etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının qadınlar məclisinin sədri, professor Nübar Muxtarova Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışdı. O, qeyd etdi ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
"Zərifə Əliyeva xalqın sevimli ziyalısıdır" mövzusu ilə çıxış edən YAP Səbail rayon təşkilatı idarə heyətinin üzvü, həkim Səadət Qəndilova Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışdı: "Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. Zərifə xanım Əliyeva qədirbilən övlad, məşhur alim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi".
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Azərbaycan tibb elminin dünya miqyasında tanınmasında, ölkəmizin elm xəzinəsinə sanballı töhfələrin bəxş edilməsində görkəmli oftalmoloq Zərifə Əliyevanın əməyinin böyük olduğunu bildirdi. Qeyd etdi ki, beynəlxalq miqyasda böyük nüfuz qazanan məhsuldar və yorulmaz fəaliyyəti ilə tibb elminin, səhiyyənin inkişafına qayğısını əsirgəməyən görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın adı Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu kimi tibb tarixi salnaməsinə böyük hərflərlə yazılıb. M.Abasquliyeva görkəmli alimin təkcə tibb sahəsində deyil, vətənpərvər, ziyalı, sülhsevər ictimai xadim, təvazökar xeyriyyəçi, həssas qəlbli ana, nəcib təbiətli insan kimi uzun illər Ulu Öndər Heydər Əliyevlə çiyin-çiyinə addımlayaraq, ölkəmizin bütün sahələrinin həmahəng inkişafında yaxından iştirak edərək, əsil vətəndaş kimi yaddaşlara əbədi həkk olunduğunu vurğuladı: "Akademik Zərifə Əliyeva şərəfli və mənalı ömür yaşamış, O, elmin çətin yollarında inamla irəliləyərək, akademik zirvəsinə-tibb elminin ən uca pillələrinə yüksəlmiş, çətin, məsuliyyətli, eyni zamanda, gərəkli, nümunəvi həyat yolu keçib. Eyni zamanda, fitri istedada, dərin zəkaya, geniş dünya görüşünə, yüksək mədəni səviyyəyə malik olan görkəmli akademik Zərifə Əliyeva tibb sahəsi ilə yanaşı, musiqi təhsili də alaraq, fortopianoda dəyərli əsərləri ifa etmişdir".
Elmi-praktiki konfransda çıxış edən YAP Səbail rayon təşkilatının qadınlar məclisinin sədrinin müavini, dosent Təranə Kərimova, YAP Səbail rayon təşkilatının qadınlar məclisinin üzvlərindən, müəllimə Aliyə Təhmasib, həkim Zərifə Əliyeva və başqaları çıxışlarında Azərbaycan elminin ən parlaq simalarından olan görkəmli oftalmoloq Zərifə Əliyevanın mənalı və dəyərli həyat yolu keçdiyini bildirdilər. Qeyd etdilər ki, bu böyük insan Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin ömür-gün yoldaşı kimi xalqımızın firəvan gələcəyə qovuşmasında Onunla çiyin-çiyinə böyük işlərin, xeyirxah əməllərin önündə olub: "Bu mənada, görkəmli oftalmoloqun Azərbaycan tibb elminə və göz xəstəliklərinin müalicəsində beynəlxalq dərəcəli bir alim kimi tanınmasında Onun böyüyüb boya-başa çatdığı ailənin də əhəmiyyəti çox yüksəkdir. Ona görə də, bu gün Azərbaycan xanımı, görkəmli akademikimiz olan Zərifə Əliyevanın adına özü üçün böyük örnək təcəssüməsi kimi yaşadır və xalqımız onun əziz xatirəsini daima uca tutacaq".
Tədbirin sonunda Bakı şəhəri "Bülbülllər" məktəbinin şagirdlərinin ifasında mahnılar səsləndi.