PDF Oxu

Sosial

  • 16

BÖYÜK İŞĞAL-28 APREL 1920-Cİ İL

BÖYÜK İŞĞAL-28 APREL 1920-Cİ İL

Keçən əsrdə cəmi 23 ay mövcud olmuş və Şərqdə ilk Demokratik Cümhuriyyət olan ADR süqut etdikdən sonra, bolşevik Rusiyası Azərbaycanda 70 illik bir sovet rejimi qurdu. 1920-ci illərdə, xüsusilə, 30-cu illərdə dünyaya meydan oxuyan bolşevizm kabusu yurdumuzun sayseçmə oğul-qızlarını, ziyalılarını, ictimai-siyasi xadimlərini ucdantutma məhv etdi ya da sürgünlərə göndərdi.
Düz 91 il əvvəl - 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olundu. Mahiyyətcə çar Rusiyasının müstəmləkəçilik və işğalçılıq siyasətini həyata keçirən qırmızı bolşeviklər, əslində, zəngin təbii sərvətləri olan Azərbaycan Demokratik Cümhuriyyətinin mövcudluğunu qəbul etmir, onu daim yıxmağa, özünküləşdirməyə cəhd edirdilər. Bu günə qədər müxtəlif tarixçilər və ekspertlər bir neçə sualın ətrafında öz fikir mübadilələrini aparmış, rəylərini irəli sürmüşlər. Qoyulan suallar isə bu cürdür: 28 aprel fəlakəti, görəsən, reallaşmaya bilərdimi? Görəsən, fəlakətin baş verməsini yaradan səbəbləri niyə vaxtında görə və qarşısını ala bilmədik? Xalq niyə Demokratik Cümhuriyyəti, sözün əsil mənasında, müdafiə etmək qüdrətində olmadı?

Avropanın o zamankı ikili standartı

Hər şeydən öncə, bir faktora diqqət yetirmək gərəkdir ki, I Dünya müharibəsinin sonuna yaxın Avropada, həmçinin, dünyanın başqa bölgələrində, eləcə də, Qafqazda geosiyasi durum həddindəm artıq gərginləşmişdi. Qərb dünyası bir tərəfdən Qafqazda Azərbaycan, Gürcüstan və Ermənistan kimi dövlətlərin yaranmasını alqışlayır, digər tərəfdən də Rusiya imperiyasının caynağından qurtulmuş dövlətlərin müstəqilliyini inamsızlıq və tərəddüdlə qarşılayırdı. Daha dəqiq desək, Avropa o zamanlar da ikili standartlardan istifadə edir, öz çıxarlarını düşünürdü. Çünki ortada Rusiyanın imperiyaçılıq xəttinin cani-dildən qoruyucusu olan bolşevik Rusiyası var idi. Siyasətin isə, necə deyərlər, öz dili, jestləri olur. Qərb bu məkanın Rusiyaya güzəştə gedilməsini özünə məqbul saydı. Türkün qədim dövlətçilik ənənəsi ölmədi: bu, 1918-ci il mayın 28-də Milli Cümhuriyyətimizin elanı ilə bir daha öz təsdiqini tapdı. Hər halda belə bir gərgin zamanda cümhuriyyəti, nəinki elan etmək, üstəlik də, onu 23 ay yaşatmaq misilsiz hünər, dəyanət və rəşadət timsalında ölçülürdü.

Real təsadüflər və Leninin "Qafqaz bizim olacaq" şüarı

Bu gün ideoloji mübarizə yönü hələ də tərəddüdlü qavranılan Nəriman Nərimanovun milli dövlətçilik məsələsində tutduğu qaranlıq mövqe Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Moskvaya aparılaraq yüksək dövlət postunda yerləşdirilməsi, çox keçməmiş zəhərlənərək öldürülməsi türkün öz faciələrini qabaqcadan görə bilməməsi qənaətini yaradır... 28 aprel fəlakəti həm də Güney Azərbaycanda məşhur Xiyabani hərəkatının süqut etməsindən az sonraya təsadüf edir. Buna real təsadüf də demək mümkündür. Bolşevik Rusiyası Bakının üzərinə 100 min nəfərlik təpədən- dırnağa qədər silahlanmış ordu ilə gəlirdi. Faktiki olaraq, milli dövlətimizin bu qədər hərbi qüvvənin qarşısında dayanmağa gücü yox idi. 28 aprel fəlakəti yeni fəlakətli hallar yaratdı: 1920-ci il aprelin 28-də Azərbaycanı işğal etdilər, 1937-ci ildə isə ürəyini məhv etdilər. Xalqımızın ruhu ardıcıl olaraq sarsıdıldı. Onun məhv edilməsi üçün bəşər tarixində misli görünməyən vəhşi üsullara əl atıldı. Təəssüf ki, hələ də cəmiyyətdə 28 aprel fəlakətinin yaratdığı fəsadlar, Demokratik Cümhuriyyətin süqutu istənilən səviyyədə dərk olunmayıb.
Əlbəttə, hər bir ölkənin problemləri, onun azadlıq yolundakı fəaliyyəti həmişə çoxsaylı çətinliklərlə müşayiət olunur. 1917-ci ildə Rusiyada fevral inqilabı, sonra isə oktyabr inqilabı baş verdi. Xarici mənbələr çox vaxt oktyabr inqilabını inqilab kimi yox, çevriliş kimi qələmə verirlər. Yəni 1917-ci ilin oktyabrında Rusiyada demokratik hökuməti çevriliş yolu ilə ələ keçirdilər. Bununla da dünya iqtisadiyyatı və təsərrüfatı iki yerə - kapitalist və sosialist təsərrüfat sisteminə ayrıldı. O zamandan başlayaraq dünyanı təsir dairələrinə cəlb etmək uğrunda mübarizə başlandı. Rusiyada hakimiyyət başına gələn bolşeviklər, təbiidir ki, təkcə öz əraziləri ilə kifayətlənə bilməzdilər. Onlar çar Rusiyasının əvvəlki ərazilərini də ələ keçirmək istəyində qəti idilər. Bolşevik Rusiyası müxtəlif yollardan istifadə etməklə Qafqazı ələ keçirmək uğrunda mübarizəyə başladı. Rusiyanın "QOELRO" ("Rusiyanın dövlət elektrikləşdirilməsi planı") planı ilə bağlı sənədlərdə maraqlı faktlar mövcuddur. 1920-ci ilin martında hazırlanmış planla bağlı məşhur iqtasadçı Q.M.Krjijanovski yazır ki, "biz bu planı Qafqaza da aid etmək istəyirdik, lakin Qafqaz hələ əlimizə deyildi." Lenin isə ona deyir ki, "siz hökmən Qafqazı da bu plana aid etməlisiniz, Qafqaz bizim olacaq".

Müstəqilliyimiz əbədidir

Bu gün artıq yenilməz Müstəqil Azərbaycan mövcuddur. Müstəqil Azərbaycanın qurucusu, ona yeni yaşam nəfəsi verəni xalqımızın Ulu Öndəri Heydər Əliyevdir. Məhz Onun müasir azərbaycanlılara miras qoyduğu müqəddəs irs, siyasi kurs Prezident İlham Əliyev tərəfindən qürur və qətiyyətlə davam etdirilir. Artıq vətənimizin müstəqilliyi, bölünməzliyi xalqın birlik və bərabərliyi möhkəm əllərdədir. Bu müqəddəs amal Azərbaycan xalqının öz Prezidenti ətrafında sıx birləşməsi fonunda işğal altında olan 20 faiz torpaqlarının azad edilməsi ilə nəticələnəcək reallıqdır. MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR!

Digər xəbərlər