PDF Oxu

Sosial

  • 11

Qondarma “soyqırımı" - ermənilərin “mərhələli" planı

Qondarma “soyqırımı" - ermənilərin “mərhələli" planı

Bəzi Qərb dairələrində belə bir fikir formalaşmışdır ki, guya türk dünyası erməni lobbisinin fəaliyyəti ilə ayaqlaşa bilmir. Ancaq bir qədər araşdırma apardıqda, bunun belə olmadığını, əksinə, türk dünyasının, eyni zamanda, Azərbaycanın fəaliyyətində ildən-ilə güclənmə, təşkilatlanma getdiyini görərik.
Lakin başqa tərəfdən də sual yarana bilər ki, bizim fəaliyyətimiz daha güclüdürsə, səmərəli nəticələr verirsə, nəyə görə ermənilərin fəaliyyəti daha qabarıq şəkildə və dünya mediasında yer alır, bəzən dünya, beynəlxalq siyasi dairələr erməni yalanlarına inanır? Bu sualın cavabı olduqca sadədir: bəzi dövlətlər ermənilərdən istifadə edərək, Türkiyə və Azərbaycanı təzyiq altında saxlamağa səy göstərirlər.
Uzun illərdir dünya siyasətinə baş ağrısı olan "erməni məsələsi"nin iç üzünü, bu məsələnin kökündə, nüvəsində nələrin dayandığını göstərən layihələrə böyük ehtiyac duyulmaqdadır. Bu gün informasiya texnologiyasının inkişaf etdiyi zaman virtual aləmdə və internetdə böyük ideoloji mübarizənin getdiyini nəzərə alsaq, internet saytların nə qədər vacib olduğunu anlayarıq. Bu baxımdan, 1999-cu ildə fəaliyyətə başlayan www.ermenisorunu.gen.tr saytı erməni yalanlarının ortaya çıxarılmasında çox böyük işlər görmüşdür və bu gün də həmin mübarizə metodu həyata keçirilir.
Dörd dildə- türk, alman, ingilis və fransız dillərində yerləşdirilmiş materiallar zənginliyi və əhatə genişliyi ilə diqqət çəkir. "Erməni məsələsi" mövzusunda yaradılan ilk internet olan www. ermenisorunu.gen.tr, eyni zamanda, bu məsələ ilə bağlı ən sübut və dəlilli, ən əsas və ən zəngin arxivə malikdir.Hər gün 40 minə yaxın insanın istifadə etdiyi və materiallardan sərbəst şəkildə yararlandığı adıçəkilən sayt peşəkar insanlar tərəfindən idarə olunur. Saytda istifadə olunmuş bütün faktların birdən çox qaynağı mövcuddur. Sayt "erməni məsələsi"nin tarixindən tutmuş ardıcıl şəkildə bugünkü duruma qədər bir çox qaranlıq məqama işıq tutur.
Məsələdən ilkin olaraq ümumi bəhs edilir, daha sonra ermənilərin məkrli planına toxunulur və bu planın kökündə və nüvəsində nələrin dayandığı ətraflı şəkildə oxucuların diqqətinə çatdırılır. Saytda erməni terrorunun məqsədinin qondarma erməni soyqırımı iddialarını və ermənilərin tələbələrini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq olduğu bildirilir. Son hədəf isə, "böyük Ermənistan" xülyasıdır...

Xülyalara hesablanmış iddialar və danılmaz tarixi faktlar

"Böyük Ermənistan"a gedən yolda ən mühüm addım qondarma iddialarla bağlı ictimai fikir formalaşdırmaq və Türkiyəyə qarşı yönəlmiş kampaniyalar aparmaqdır. Bunun üçün də həyata keçirilməsi qarşıya məqsəd qoyulan planın: tanıtma, təzminat və torpaq alma mərhələlərini özündə ehtiva edir. Yəni qondarma erməni soyqırımı bütün dünyaya terror yolu ilə "tanıdılacaq", qondarma iddiaları dünya ictimaiyyəti qəbul editdikdən sonra məcburi şəkildə Türkiyə tərəfindən "tanınacaq", qondarma soyqırımına görə Türkiyədən "təzminat" alınacaq və "böyük Ermənistan" röyasını gerçəkləşdirmək üçün lazım olan "torpaq" Türkiyədən qoparılacaq.
İslahat fərmanı ilə müsəlmanlar və qeyri-müsəlmanlar hüquq qarşısında bərabər statusa gətiriləndə, fərqliliklərini itirən ermənilər 1877-1878-ci illər Osmanlı-rus müharibəsi nəticəsində Rusiyadan "işğal etdiyi Şərqi Anadolu torpaqlarından çəkilməməsinini, bölgəyə muxtariyyət verilməsini və ya ermənilərin lehinə islahatlar aparılmasını" istəmişdilər. Ermənilərin bu tələbi ruslar tərəfindən qismən qəbul edilir, Osmanlı-rus müharibəsindən sonra imzalanan Yaşılköy və ya Ayastefanos müqaviləsi və daha sonrakı Berlin müqaviləsiylə "erməni problemi" beynəlxalq səviyyəyə qaldırılır. Beləliklə, İngiltərə və Rusiya tərəfindən tarix səhnəsinə çıxarılan "erməni məsələsi", əslində, xristian imperializminin Osmanlı dövlətini yıxmaq və bölüşdürmək siyasətinin bir hissəsidir. Qondarma erməni soyqırımı iddiaları və yalanları da bu siyasətin təbliğat maşınıdır.
Türk-erməni münasibətlərinin Səlcuq, Osmanlı, I Dünya müharibəsi, istiqlal hərbi dövrü haqqında, Sevr və Lozanna müqavilələrində ermənilərin rolu və Lozannadan bu günə qədər olan proseslər haqqında tarixi faktlar- fotoşəkillər, fərmanlar, tarixçilərin qeydlərinə saytda geniş şəkildə yer verilib.Olduqca zəngin fotoarxivi olan saytda, Türkiyə, İngiltərə, Fransa, Rusiya və başqa dövlətlərin arxivlərindəki faktlara istinad olunub.
Sayta Türkiyənin, eləcə də, dünyanın bir sıra alimlərinin "erməni məsələsi" ilə bağlı kitablardan da bəhs olunur. Həmçinin, saytda Azərbaycanın Ankaradakı səfiri Məmməd Əliyevdən, Türk Tarix Qurumunun keçmiş sədri Yusif Hallaçoğlundan, Maltəpə Universiteti Atatürk Qaydaları və İnqilab Tarixi kafedrasının müəllimi Orxan Çəkicdən, amerikalı yazıçı Samuel Vemsdən, Türk Amerikan İş Adamları Assosiasiyasının sədri Zeynalabdin Ərdəmdən, ABŞ-da Türkiyə əleyhinə keçirilən məhkəməni qazanan hüquqşünas Günay Övünçdən alınan müsahibələri oxumaq olar. Saytada ermənilərin Azərbaycanda törətdikləri qətliamlara da yer verilib. 1918-ci ildə erməni quldur dəstələrinin Naxçıvan və Naxçıvanətrafı məntəqələrdə törətdikləri cinayət hadisələrinə də toxunulub. İki qardaş xalqın erməni terrorundan əziyyət çəkdiyi, türk olduqlarına görə insanların vəhşicəsinə öldürüldüyü vurğulanıb. Ermənilərin Yerevanın Qaradağlı, Uluxanlı, Cəbəçalı, Hacıbayram, Xəbərbeqli və başqa kəndlərində törətdikləri vəhşiliklərə tarixi faklarla toxunulur.
Saytda Azərbaycanın, Türkiyənin və dünyanın bir sıra görkəmli tarixçilərinin əsərlərinə də geniş istinadlar edilir.

Digər xəbərlər